Nurlanə Cərullaqızının hekayəsi
Solmaz
(hekayə)
Qışın ortaları idi. İki gün idi ki, hər yerə olduğu kimi Bakıya da aramsız qar yağırdı. Avtomobillər, hündürmərtəbəli binaların həyət evlərinin damları və peyk antenlərinin üzəri qarla örtülmüş, yol kənarında sıralanan ağaclar bəyaz qara bürünmüşdü. Qarlı hava şəraitilə əlaqədar məkdəblər və bəzi iş yerləri bağlanmış, şəhər sözün həqiqi mənasında qatı səsizliyə qərq olmuşdu. .
Nülufər isə belə havada hamı kimi isti evində yox, Zabrat qəsəbəsindəki qəbiristanlıqda idi. O, on dəqiqə idi ki, üstündə Solmaz adı yazılmış qara mərmərdən olan məzar daşını qucaqlayıb dayanmadan göz yaşı tökürdü.
Solmaz Nülufərin üç övladından biri idi. Uşaqları körpə ikən ərini avtomobil qəzasında itirən Nülufər övladlarını restoranda aşpaz işləyərək böyüdürdü. Uşaqların ən böyüyü Solmaz sinif əlaçısı idi. Qızcığazın rəssamlığa həvəsi olsa da Nülufər qızının həkim olmasını istəyirdi. Solmaz da təbiətcə sərt olan anasının sözündən çıxa bilməyərək könülsüz də olsa, sənədlərini tibb universitetinə verir, ancaq imtahanda aşağı bal topladığı üçün həmin universitetə qəbul ola bilmir. Buna görə Nülufər qızını möhkəm döymüş, işə gedəndə isə bunları demişdi: “mən qayıdana qədər özünü öldür”. Zavallı qız da elə onun dediyi kimi edir. Özünü yaşadıqları binanın altıncı mərtəbəsindən ataraq həyatına son qoyur. İndi istəmədəndə olsa qızının ölümünə səbəb olan bu qadın yeddi ay idi ki, hər gün qızının məzarına gəlirdi.
-Allahım, məni bağışla- deyə Nülufər əllərini açıb yalvarmağa başladı,- övlad valideynə onun əmanətidir. Mən isə bunu bilə-bilə əmanətə xəyanət etdim. İstəmədən də olsa, doğma övladımın, ən əsası isə bir qulunun öz canına qıymaq kimi böyük bir günaha batmağına səbəb oldum. Yalvarıram sənə, ey uca rəbbim, haqq-hesab günü gələndə qızımı yox, məni hesaba çək.
Sonra o, əlləri ilə qızının məzarı üstündəki qarı təmizləyə-təmizləyə sözünə davam etdi:
-Sən də məni bağışla, qızım, sənin adını “Solmaz” qoyan da mən oldum, səni solduranda. Dünyaya gəlməyinnə də səbəb mən oldum, ölməyinə də. Valideynin olduğum üçün fikrini belə öyrənmədən sənin yerinə qərar vermək, işlərinə qarışmaq haqqımım olduğunu düşünür, səni özümə aid mülkiyyət kimi görürdüm.Sənin də bir insan olduğunu, arzularının, xəyallarının ola biləcəyini isə anlamaq istəmirdim. Hamı kimi sənə də bir dəfə verilən ömrü rahat yaşamağa imkan vermədiyim üçün mən Allahın qarşısında və sənin qarşında günahkaram. Sən bu günahkar ananı bağışla, qızım.
Nülufər bunları deyib ağlamaqdan şişib qızaran gözlərini silə-silə, yavaş addımlarla kim bilir bundan sonra necə dəfə gələcəyi qəbiristanlıqdan çıxdı.
Müəllif: Nurlanə Cərullaqızı
Nurlanə Cərullaqızının yazıları
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru