Gözlərin verdi mənə gör necə zillət, qadası…

QADASI
Gözlərin verdi mənə gör necə zillət, qadası,
Əğyara baxdı, mənə etmədi diqqət, qadası.
Kipriyin oxdu, qaşın yay, bunu vəsf etmək üçün
Yoxdu məndə, nə edim, böylə məharət, qadası.
Rəqibə gözlərinin məftun olduğun bilirəm,
Görmədim bunca kədər, bunca zəlalət, qadası.
Hüsnünə aşina olmaq mənə qismət olmadı,
Qalmışam səndən uzaq, vəslinə həsrət, qadası
Gecələr sübhə kimi qəm mənə sirdaşlıq edir,
Ələnən saçlarıma qardı dəlalət, qadası
Sənin hər zülmünə dözdü bu canım, nazlı pəri,
Nə qədər cövr eləsən, yoxdu şikayət, qadası
İstədim eşqimizi hər kəsə ayan eləyim,
Olmadı məndə inan, zərrə cəsarət, qadası.
Sus, Səyavuş, ey gözüm, baxma gözü qarələrə,
Hər kəlamın olacaq bil ki qəbahət, qadası…
21.05.25 Ulan-Ude
Müəllif: Səyavuş Mustafayev
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


