Weather Data Source: havadurumuuzun.com

Zərif bəndlər: Sözün və dostluğun Naxçıvan görüşü

Zərif bəndlər: Sözün və dostluğun Naxçıvan görüşü

Azərbaycan ədəbiyyatının inkişafında ədəbi məclislərin, yaradıcılıq birliklərinin və söz adamlarının görüşlərinin xüsusi yeri vardır. Belə görüşlər təkcə poeziya və nəsrin müzakirə olunduğu məkan deyil, həm də qəlblərin yaxınlaşdığı, dostluqların möhkəmləndiyi, yeni yaradıcılıq körpülərinin qurulduğu mənəvi ocaqlardır. 2026-cı ilin 13-14 iyun tarixlərində Naxçıvanda keçirilən növbəti ədəbi görüş də məhz bu baxımdan yadda qalan tədbirlərdən biri oldu.
Şair-publisist Aysel Nəsirzadənin rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Kölgələr” Yaradıcılıq Klubu və şair-publisist Təranə Arifqızının rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Qadınlar” Ədəbi Qrupunun bir qrup üzvü qədim diyar Naxçıvanda bir araya gələrək zəngin proqramla müşayiət olunan ədəbi görüşlər keçirdilər.
Tədbirin rəsmi hissəsi iyunun 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında baş tutdu. Kitabxananın rəhbəri Tamella xanım Əsgərovanın dəstəyi və diqqəti sayəsində yüksək səviyyədə təşkil olunan görüş səmimi və yaradıcı atmosferdə keçdi.
Tədbir Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, tanınmış şair Asim Yadigarın xeyir-duası ilə açıq elan olundu. Onun ədəbiyyatın cəmiyyət həyatındakı rolu, milli-mənəvi dəyərlərin qorunmasında söz adamlarının məsuliyyəti barədə fikirləri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
“Zərif Qadınlar” Ədəbi Qrupunun rəhbəri Təranə Arifqızı iki yaradıcı birliyin bundan sonra da görüşlərinin vacibliyini qeyd edərək, gələcəkdə də istər paytaxt Bakıda, istərsə də digər bölgələrimizdə təşkil olunmasının əhəmiyyətini vurğuladı.
Görüşdə Naxçıvan ədəbi mühitinin yaradıcı insanlarını bir arada birləşdirən “Sehirli misralar” Ədəbi Qrupunun rəhbəri İman Naminin ətrafında cəm olan qələm sahibləri, ziyalılar, oxucular və poeziyasevərlər iştirak edirdilər. Bakıdan təşrif buyuran yeddi yazar xanım öz yaradıcılıqları, ədəbi baxışları və yeni əsərləri haqqında çıxışlar etdilər.
Çıxış edənlər arasında “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri, “Zərif Kölgələr” saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Nəsirzadə yaradıcılıq fəaliyyətindən və rəhbərlik etdiyi ədəbi mühitin gördüyü işlərdən bəhs etdi.
Professor, şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəsmiyyə Sabir öz çıxışında ədəbiyyatın mənəvi missiyasından danışdı və yeni nəsil yazarların fəaliyyətini yüksək qiymətləndirdi.
Şair, yazıçı, publisist, “Balaca Yazarlar Birliyi”nin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Fikrət yaradıcılıq təcrübəsini bölüşərək uşaqların və gənclərin ədəbiyyata cəlb olunmasının vacibliyini vurğuladı.
Publisist, şairə və tərcüməçi Zeynəb Cəmaləddin bədii yaradıcılığın müxtəlif istiqamətləri haqqında maraqlı fikirlər səsləndirdi.
AYB və AJB üzvü, Prezident mükafatçısı, “Qoşma” Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri Əzizə Ağahüseynqızı çıxışında milli poeziyanın ənənələri və çağdaş ədəbi proseslər barədə düşüncələrini bölüşdü.
Şair-publisist, pedaqoq, iki kitab müəllifi Şəlalə Şəfəq və şair-yazıçı, AYB üzvü, müəllim Sevil Gül Nur da öz duyğu və düşüncələrini dilə gətirərək, şeirlərini səsləndirərək tədbirə xüsusi rəng qatdılar.
Naxçıvandan olan bir sıra yazarların Ümbülbanu Həsənova, Rəqsanə Tapdıqlı, Aytəkin Səfərəliyeva, Gülay Tahirli və digərlərinnin çıxışları da maraqla qarşılandı. Poeziya nümunələri, ədəbi mülahizələr və qarşılıqlı fikir mübadiləsi tədbiri əsl söz bayramına çevirdi.
Görüşün əsas təşkilatçılarından biri olaraq mən də tədbirin sonunda çıxış edərək iştirakçılara, qonaqlara və tədbirin keçirilməsinə bizə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirdim. Belə görüşlərin bölgələr arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayaraq gəlləcək görüşlərimizin daha sıx və yüksək səviyyədə keçməsini dilədim.
İki günlük səfər təkcə kitabxana divarları arasında qalmadı. Qonaqlar Naxçıvanın müqəddəs ziyarətgahlarından olan Əshabü-Kəhfi ziyarət etdilər, şəhərin tarixi və mədəni abidələri ilə yaxından tanış oldular. Qədim Naxçıvanın zəngin tarixi, mədəni irsi və əsrarəngiz təbiəti qonaqlarda silinməz təəssüratlar yaratdı.
Səfər çərçivəsində təşkil olunan “Şeir saatı” görüşü isə yazarların bir-birinə daha da yaxınlaşmasına səbəb oldu. Şeirlər oxundu, yeni yaradıcılıq nümunələri müzakirə edildi, poeziyanın insan ruhuna təsiri haqqında maraqlı söhbətlər aparıldı.
Naxçıvan mətbəxinin zəngin təamları ilə bəzədilmiş süfrə ətrafında davam edən səmimi söhbətlər zamanı gələcək layihələr, yeni ədəbi əməkdaşlıqlar və birgə tədbirlər barədə planlar quruldu. Bu görüş bir daha sübut etdi ki, söz adamlarını birləşdirən ən böyük qüvvə yaradıcılıq sevgisi, dostluq və mənəvi bağlılıqdır.
Naxçıvanda keçirilən bu görüş Azərbaycan ədəbi mühitində qadın yazarların fəallığının, yaradıcılıq potensialının və milli ədəbiyyatın inkişafına verdikləri töhfələrin növbəti parlaq nümunəsi kimi yadda qaldı. “Zərif Kölgələr” və “Zərif Qadınlar”ın Naxçıvanda qurduğu bu söz körpüsü gələcəkdə daha böyük ədəbi layihələrin başlanğıcı olacaq, yaddaşlarda isə zərif bəndlərlə yazılmış gözəl bir xatirə kimi yaşayacaq.
Könül oxşarlığı ilə biri-birinə bağlanan bu zərif bəndlərin qopmaması diləyi ilə.

Müəllif: Sevinc Azadlı

Şair-publisist

Sevinc Azadlının digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top