Azadlığa məhkum ayrılıqlar: Müstəqil ‘Mən’in doğulması”

Azadlığa məhkum ayrılıqlar: Müstəqil ‘Mən’in doğulması”
“Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı….”
və ya
“Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olar yaman ayrılıq.”
Yadıma gəlir ki, 3-cü kurs tələbəsi olanda kursa gedirdim. Kursda dərs zamanı çöldən həzin səs gəlirdi. Yuxarıda qeyd etdiyim misraların belə yadımda qalması onunla bağlıdır. Mahnının emosional təsiri o qədər güclü idi ki, hətta bəzi yoldaşların gizlincə kövrəldiyini belə müşahidə edirdim. Niyə mahnılarda, şeirlərdə ayrılıq mövzusu bu qədər “pafoslu” olur? Ağrılı, acılı bir situasiya kimi təqdim olunur?
Yaşadığın şəhərdən, vərdişlərindən, valideynlərindən, sevdiklərindən, işidən, düşüncələrindən, emosiyalarından ayrılmaq ….
Bu qədər ağrı, acı olan bir şey, təbii ki, bizə faydalı gəlmir. Bəs düşünmüz ki, ayrılığın “qazancı” nə ola bilər?
Əslində, ayrılıq bir “qazancdır”. Dünyaya gəlişin özü bir ayrılıqdır (bətndən ayrılmaq). İnsan subyekt kimi mövcud olmaq üçün ayrılmağa məhkumdur. O bir son deyil, başlanğıcdır. İnkişaf müstəvisində ayrılığa nəzər salsaq, ordakı “qazancı” dərk edə bilərik.
Bətndən ayrılmaq- dünyaya göz açmaqdır. Uşaq böyüdükcə, ayrılıqlar artır. Hər bir ayrılıq başqa bir böyüməni bərabərində gətirir…
Yəqin ki, diqqət etmisiz. Təxminən, 2-3 yaşlarında olan uşaqlarda ayrılma cəsarəti çox güclü olur. Ana məməsindən ayrılır, “hər şeyi özüm edərəm”- deyərək, asılı tərəfindən ayrılır. Kimliyi ilə tanış olur.Yeni şeylər qazanır. Məsələn, məmədən ayrılır, yeni qidalarla tanış olur. Asılılıqdan ayrılır, müstəqillik qazanır . Bunları ona heç kim öyrətmir. İnsan təbiətində mövcuddur. Çünki insan olaraq həyatda qala bilmək bacarığının əsası budur. Ayrılma ruhi böyümədir.
Bəzi insanlarda isə ayrılmaq “ cəhənnəmdir”. “ Var olma”sevinci yox, “yox olma”təşvişi yaradır. Ayrılığı yox olmaq kimi qəbul edir. Onun gətirdiyi yası hiss etməmək üçün “ böyümək” şansını da “qurban verir”.
Maddə asılılığı, toksik münasibətlər, xoşbəxt hiss etmədiyi mühitdə qalmaq, əslində insanın öz daxili boşluğu ilə üzbəüz qalmamaq üçün sığındığı “uydurulmuş kimliklərdir”. Ayrılmaq “mən” deyilən kimliyin dərk edilməsidir. Üzərini “suvadığın” saxta kimliklərdən azad olmağın ilk yolu ayrılığı qəbul edib reallığınla üzləşməkdir.Həmin kimlikdən ayrılmaq, daxili azadlığa doğru atılan ən böyük addımdır.
Seanslarımda müşahidə etdiyim məqamlardan biri münasibətdə olan 2 şəxsdən birində ayrılma təşvişinin olmasıdır. O münasibətdə özünü nə qədər bədbəxt hiss etsə belə, həmin münasibətdən uzaqlaşa bilməməsidir. Və ya bir münasibəti bitdikdə, tez bir zamanda başqa münasibətə başlayanlar da var. Belə ibsanların beynində ayrılma, təklik yox olmağa bərabərdir. Hələ maddə, yemək, içki və s. asılılıqlarını demirəm.
Bəs necə olmalıdır, nə etməliyik?
İlk növbədə, bunu dərk etməliyik ki, ayrılıq-böyümədir və hər bir ayrılığın ( itkinin ,kimliyin, keçmişin və xəyalların ) yası tutulmalıdır. Ağrını yaşamaq, ondan qaçmaqdan daha az enerji aparır. Yas bitdikdə ruh böyüyür.İnsan yalnız buraxa bildiyi şeylərin sahibidir. Həyatda qala bilmək – həm də keçmişi hörmətlə geridə qoyub, gələcəyə doğru addımlamaq bacarığıdır.
Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi
Oxuyun >> Gözündə tük var


