Weather Data Source: havadurumuuzun.com

Gülnar Rafiqqızının şeirləri

Günahın yükü

Min savab işlərsən səhvini silsin,
Qırdığın ürəyin yarası qalar.
Zəhmətlə yığdığın ağ vərəqlərdə,
Etdiyin günahın qarası qalar.

Hər gecə özünə sual verərsən:
“Nədir vicdanını narahat edən?”
Əslində,cavabı bilirsən sən də,
Qaçmaq istəyərsən düşüncələrdən.

Ayağın büdrəyər hardasa bir vaxt,
İzinə düşərsən aldığın ahın.
Bir ömür çiynində ən ağır yüktək
Əyər qamətini böyük günahın.

Çiyninə aldığın bu ağır yüklə
Ömrünü sürərsən biqərar,tənha.
Ömür əkdiyini,səpdiklərini,
Payıza tapşırıb becərməz daha.

Günah toxumların qalar ovcunda
Nə külək sovurar,nə sel aparar.
Bir yaxşı günündə,yaman günündə
Günahın qəlbində tufan qoparar.

Hər axşam asılmaq istəyi keçər
Vicdan ağacının günah ipindən.
Etiraf etmek de ağrılı olar,
Yatmaq istəyərsən dərdin əlindən.

Yağışa dönən duyğular

İlahi,bu qədər kimin ahı var?
Yer-göy doymadımı leysan yağışdan?
Kim kimi bu qədər ağladıb axı,
Asılıb gözyaşı hansı baxışdan?…

Fəsillər çaşbaşdır,təbiət küskün,
İlahi,yaz niyə payıza dönüb?
Günəşin şəfəqi bəzəmir göyü,
Hələ parlamadan ele bil sönüb.

Dadı yox heç nəyin—yazın,payızın,
Qovur arxamızdan elə ki illər
Boz bulud simalı,şimşək qəzəbli,
İnsana bənzəyir sanki fəsillər.

Baxıb kövrəlirəm yağan yağışa,
Süzülür misralar o an dilimdən.
Mən də dəyişirəm,mən də insanam,
Tez tez inciyirəm öz qələmimdən.

Küsəyən deyildim nə oldu mənə?
Yəqin təbiətin təsirindəndir.
Aramsız dəlitək yağan yağışdan,
Nə deyim,bilmirəm,düzü,nədəndir.

Yəqin var,bunda da bir hikmət,deyib,
Üzümü tuturam qəmli havaya.
Min dua,bir sual verib Tanrıma,
Əlimi açıram mavi səmaya.

Mənim bahar arzum,çiçək ümidim,
Əgər açacaqsa,qoy yağsın yağış.
İlahi,bagışla günahımızı,
Yağdır rəhmətini sən naxış-naxış.

Bir Gecəlik Uşaqlıq…

Uşaqlığın üzünü
Bir gecəlik görəydim,
Sevmədiyim saçımı
Yuxumdaca hörəydim.

Darayardım səbirlə
Heç şikayət etmədən,
Sovuraydım küləyə,
Bu dəfə sevdiyimdən.

Gözlərimdə bir dünya
Sığışıdırıb yataydım,
Uşaqlığın qoynunda
Qızıl gülə bataydım.

Ayılıb görəydim ki,
Ölənlərimiz sağdır.
Dünyada qara yoxdur,
Səma mavi,yer ağdır.

Uşaq sevinclərimi
Dəyişməzdim heç nəyə,
Bir gecəlik yuxumu
Qataydım gələcəyə.

Bir gecə,bircə anlıq
Qanadaydım dizimi,
Kaş görəydim yuxumda
Uşaqlığın üzünü.
Müəllif: Gülnar Rafiqqızı

Top