Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmir – İŞIQLAR, QARANLIQLAR

İŞIQLAR,QARANLIQLAR.

İşdən yorğun gəlmişdi.Özünə söz vermişdi.Bu gün heç bir iş görməyəcəkdi.Ayaqlarını uzadıb yaxşıca dincələcəkdi sadəcə.Heç telefona da baxmayacaqdı, kitab da oxumayacaqd,eləcə dincələcəkdi.Bu fikirlərlə birinci yataq otağına keçdi.İş paltarını çıxarıb rahat idman paltarını geyindi.Gözü güzgüdə özünə sataşdı.Külək saçlarını dağıtmışdı,yanaqları qızarmışdı.Əlini saçına,sonra da yanağına çəkdi.Bu gün hava soyuq idi.Yaz girməsinə baxmayaraq,havalar hələ isinmirdi.Gah yağış yağır,gah külək əsirdi.Bir sözlə hava şıltaqlıq edirdi hələ.Yaz gödəkcəsində üşümüşdü əməllicə.”Gərək daha havaya aldanmayam.Evdən çıxanda özümlə gödəkçədən,jaketdən nəsə götürəm gərək.İşdən evə qayıdanda hava əməllicə çönür.Xəstələnsəm, mənə kim baxar?Ölsəm xəbər tutan da olmaz”.Sonra nə fikirləşdisə gülümsədi.Yanağı çökdü.Gənclikdə hamı ona”Sənə qəmzə çox yaraşır deyirdilər”İndisə sevmirdi bu qəmzəni.Ümumiyyətlə indi çox şeyi sevmirdi.Çox şey dəyişmişdi gözündə.
Gənclikdə də açıq paltarlar geyinməzdi,amma hündür daban tuflilərdə gəzməyi sevərdi. Ayağını ağrıtsa da həmişə özünə dabanı hündür ayaqqabılar alardı.Özünə zülm etməkdən xoşu gələrdi.Deyirdi ki,qadın hündürdaban çəkmələrdə daha cazibədar görünür. Uzun,dalğalı,qara saçlarınısa heç vaxt toplamazdı.Ona xüsusi gözəllik verirdi bu saçlar.Oğlanlar ölürdü bu saçlarçun.Elə qadınlar da sevirdi bu saçları.Toppuş,ağappaq baldırları vardı,amma uzun ətəyinin altında gizlədərdi onları həmişə, nümayiş etdirməzdi. Deyərdu ki,qadın nə qədər abırlı geyinsə,bir o qədər xətirli-hörmətli olar.Dik,amiranə yerişi vardı.Gözü ayağının altını görməzdi yeriyəndə.
Amma vaxt keçdikcə,yaş özünü göstərdikcə, daha rahat ayaqqabılar geyinməyə başladı, alanda bir az da örtülü paltarlar seçdi. Saçlarını kəsdirdi.Amma külək dağıtmasın deyə onları da həmişə boynunun dalında sancaqladı.Nazlı-qəmzəli yerişi də dəyişdi.
İndi yeriyəndə heç kim dönüb ona baxmırdı.Bəlkə də baxırdılar,o fərqinə varmırdı.Çünki yeriyə-yeriyə başında yüz fikir dolaşırdı.İşə gecikmək qorxusuyla tələsə-tələsə yerimək vərdişi formalaşmışdı özündə həm də.”Zamanla hər şey dəyişdiyi kimi zövqlər və insanın həyata baxışı da dəyişirmiş demək.Elə insanların iç dünyası,ruhu da dəyişirmiş sən demə…”
Bunları düşünə-düşünə mətbəxə keçdi.Qazı yandırdı.Adəti idi.Nə qədər ac olsa da birinci çay içərdi həmişə.Bircə bu adətindən vaz keçə bilmirdi.Çaydanı doldurub qazın üstünə qoydu.Soyuducunu açıb baxdı.Bişmiş yemək yox idi.İstədi kartof qızartsın,ərindi.”Konserv açıb yeyərəm”.
Mətbəxdəki köhnə divanın üstündə oturdu.Divan adəti üzrə cırıldamağa başladı,qadın üz-gözünü turşutdu.”Gərək bu il yeniləyim divanı”.
Hər il belə deyirdi və bu divan təzələnmirdi ki,təzələnmirdi.Özü də hiss edirdi ki,öyrəşib bu divana.Yalan olmasın 30 il idi ki,bu divan onunla idi.Əvvəlcə qonaq otağında idi,ora yenisini alandan sonra gətirib mətbəxə qoymuşdu .Əli gəlmirdi atmağa.Keçmişdən bircə bu qalmışdı.Anıları vardı.Cehizi idi.Alanda necə zevinmişdi,İlahi.Oğlu bu divanda böyümüşdü.Zaman keçmişdi və divan da onunla qocalmışdı.
Çaydan səs etməyə başladı.Durub özünə təzə çay dəmlədi.Konservi soyuducudan çıxardı.Ağzını açıb isinməyə qoydu.Özünə bir stəkan çay süzdü.”Öz aramızdı,gözəl çay dəmləməyim var.Xoruzquyruğu,ətirli”
Yenə üzünə təbəssüm qondu.Yadına tələbəlik illəri düşdü.Yataqxanada qızlar “səndə gözəl alınır” deyib həmişə çayı ona dəmlətdirərdilər.O da böyük zövqlə çay dəmləyərdi,çay süfrəsi açardı.
“Yaxşı öyrəşmişdilər.O vaxt ətrafımda pərvanə idilər.Rayondan gətirdiyim çolpalara,südə,qatığa,pendirə,yağa ortaq idilər.Özləri rayondan əlləri ətəklərindən uzun dönərdilər.Hanı indi o qızlar? Adilə elə tələbə vaxtı bir pullu oğlan tapıb evləndi.Sonra forsu yerə-göyə sığmadı.Adamı tanımadı da heç.Gülsüm də ,Töhfə də evlənib xaricə köçdülər.İndi heç biri işləmir.Ər çörəyi yeyirlər.Öz aramızdı,nə qızlar idi onlar?Uzunburun,əyrimçənin biri idilər. İçlərində ən qəşəngi,ən gözəgəlimi mən idim.Eh”
Çayını içdi,sonra konservi qabağına çəkdi.”Heç indiki konservlərin də dadı yoxdu.Ümumiyyətlə heç nə əvvəlki dadda deyil”.Can çəkə-çəkə bir-iki tikə yedi və boşqabını kənara qoydu.Əllərini yudu və yataq otağına keçdi.Bir az uzanıb dincəlmək istəyirdi.Gözünü tavana zillədi.Qaranlıqda otağın divarları üstünə gəlirdi sanki.Divarda kölgələr gəzirdi elə bil.Gözlərini yumdu.Bir az gözlədi və təzədən gözlərini açdı.”Yox,belə olmayacaq,durum telefonumu götürüm.Görüm kim yazıb,saytlarda nə təzə xəbər var,sosial şəbəkələr nəyi müzakirə edir?”
Çantasını açdı və telefonu götürdü.Düyməsini basdı və ekran işıqlandı.Zəng edən olmamışdı deyəsən.Sonra vatçapa girdi və yenə eyni hal.Bomboş idi.Kimsə yazmamışdı.”Kimin yadına düşürəm e”
Sonra saytlara,sonra instaqrama nəzər saldı həvəssiz-həvəssiz.
Sakitcə telefonu yatağın yanındakı tumbanın üstünə qoydu.”Bəlkə kitab oxuyum?Maraqlı kitab var ki? Hamısı bir-birinin təkrarıdı.Heyf deyildi keçmiş.Kitablarla nəfəs alırdıq.İndi yerindən duran yazır,kitab çıxarır.Oxucu olmayandan sonra neynirsiz e bu qədər kitabı”..
Yataqda sıxıldı,durub qonaq otağına keçdi.Pəncərədən həyətə baxdı.Axşam düşmüşdü.Həyətin projektorlarını yandırmışdılar.Adamlar hələ həyətdən yığışmamışdılar.Hava da sakitləşmişdi deyəsən.Külək də əsmirdi.
Televizoru yandırdı.Otağın səssizliyi pozuldu.”Yaxşı ki,televizor var.Yoxsa adam dəli olar.Baxmasam da səsi gəlir.Adamla yoldaşdı”. Televizorda arıq,çəlimsiz diktor qız mədəniyyət xəbərləri oxuyurdu.Səsi ürəyəyatım idi.”Təzədi deyəsən.Heç görməmişəm. Mehriban qıza oxşayır amma”.Oğlunu xatırladı .”Kaş bu qız mənim gəlinim olaydı.Geyimi də yerindədi,davranışı da.Əsas odu ki,təbiidi.Yoxsa bəzi qızlar kimi.Hər yerləri sünidi.Onlardan qadın da,ana da olmaz”
Düşünə-düşünə gözlərini yumdu.Qulağına “Vağzalı”sədası gəldi.Kəndlərindəydi deyəsən.Oğlu qapqara bəylik kostyumundaydı.Yanında da elə bu qıza oxşayan qız.Deyəsən bu qızın özüydü axı.Televizordakı qızın.Ağappaq gəlinlikdə göyərçinə bənzəyirdi.Sevincindən uçurdu qadın da.Ürəyi köksünə sığmırdı.Zarafat dryil,gözünün ağı qarası oğlu evlənirdi.Neçə illik arzusuna çatmışdı.”İlahi necə yaraşırlar bir-birlərinə.Allah bir yastıqda qocaltsın.Bəd gözlərdən uzaq olsunlar”.Hamı əl çalır,rəqs edirdi.Bütün qohumlar,tanışlar burdaydı.Anası da gəlmişdi.Bahar idi deyəsən.Hər yan yamyaşıldı,çiçəklərin ətri bihuş edirdi adamı…
Ancaq bir anda dumana büründü hər yan.Adamlar da qeyb oldular,oğlu da,diktor qız da.Qadın ora-bura qaçmağa başladı.Dumanın içində dəli kimi oğlunu çağırırdı,amma heç kim səsini eşitmirdi.Boğulurdu qadın.Nəfəsi kəsilirdi sanki.Birdən kimsə adını çağırdı.Hövlnak gözlərini açdı.Ətrafa baxdı.Heç nə dərk etmirdi.Hələ də yuxunun təsiri altındaydı.Bir az gözlədi.Ürəyi uçunurdu.Ayağa durdu.Səndirlədi,əl atıb divardan yapışmaq istədi.Əlləri havada qaldı və müvazinətini itirib yerə dəydi.Var qüvvəsini toplayıb ayağa qalxmağa çalışdı, bacarmadı.Gözünün qarşısında rəngli-rəngli işıqlar uçuşurdu.İşıqları saymağa başladı.”Bir,iki,üç,dörd,on..iyirmi”..Sonra işıqlar bir-bir söndü və hər yan qaranlığa qərq oldu.”Çox sağ ol,İlahi”

Təranə Dəmir.

Top