HƏQİQƏT AXTARAN ŞAİRİN QÜRBƏT DUYĞULARI – ABBAS İLHAM

HƏQİQƏT AXTARAN ŞAİRİN QÜRBƏT DUYĞULARI – ABBAS İLHAM
Poeziya hisslərin, duyğuların, insanın emosional halının, ovqatının bədii obrazlarla ifadəsidir. Amerikan şair Cek Gilbertin bir fikri həmişə məni dərindən düşündürüb. Müsahibələrinin birində o, deyir ki, poeziya həyata meydan oxumaq imkanıdır.
19 yaşında Vətəndən ayrılıb Rusiyanın Rostov, Moskva kimi böyük şəhərlərində qürbət həyatı keçirməyə məcbur olan Abbas İlham qürbət duyğularını nəzmə çəkərək həsrətə, nisgilə, xiffətə, Vətəndən, doğmalardan ayrılığa üsyan edərək, həyata meydan oxuyub. Bu gün də cəsarətlə meydan oxuyur, könül duyğularını nəzmə çevirir. O, Moskvada sehirli bir dünya yaradır – şeir dünyası. Yenə Gilbertə müraciət etsək, poeziya sehirli dünyaya yaxın olmağın ən zərif yoludur. Abbasın şeir dünyası, sehirlidir, işıqlıdır, təxəyyülü genişdir, 40 ildən çox başqa yerdə yaşasa da, milli ruhu, milli kimliyi, milli məvəvi dəyərlərə sayğısı öz yerindədir, lirik dünyası qəlbəyatandır.
Bütün istedadlı, həqiqi sözə vurulan, könül verən insanlar kimi Abbasın da özünün, sözünün, özü demişkən, “xəmiri sevgidən yoğrulub”. O, qürbətin soyuğuna, soyuqluğuna, biganəliyinə, nisgilinə, xiffətinə məhz bu sınanmış, güvənli sevgi ilə qalib gəlir, lirik düşüncələri onu heç vaxt darda qoymur. Bu sevgi notlarında önəmli obrazlar Vətəndi, xalqdı, el-obadı, elin qəhrəman övladlarıdı, vəfalı el gözəlidi.
Vətən nisğilindən yanıb-yaxılanda özünə munis çoşqun dalğalı, kövrək ləpəli Xəzəri haraylayır. Onun sızıldayan ürəyinə doğma Xəzərin şəfalı suları məlhəm olur. Nostalji duyğularla qolboyun olan “Yenə də yanılıram” şeirində Abbas “xəyal dənizi”ndə üzə-üzə uşaqlığına, gəncliyinə qayıdır:
Xəzər! Bir daha qoynuna alaydın bizi…
İlk dəfə o iki gənci alan kimi…
Utana-utana ilk dəfə biri-birini
yarıcılpaq görən,
Əl-ələ tutub, qaça-qaça,
sənə qovuşmağa can atan,
Sevgisini sənlə bölmək üçün
qoynuna atılan
o iki gənci deyirəm…
Yanar baxışlı, od nəfəsli,
şirin məhəbbətli, vüsal həvəsli…
biri-birinə dəlicəsinə vurulan
o iki “dəli”ni deyirəm…
İllər keçdikdən sonra şairin təsəllisi də qeyri-adidir, özünəməxsusdur. Yenə də ilahi sevgi, yenə də Xəzər: “Biz ancaq Xəzər dənizində üzə bilərik, axı hər ikimizin sahildə sevdiklərimiz var”.
“Aralarında ayrılıq Araz olan” iki aşiq necə də bir-birinə oxşayırlar – “biri Bakı, o biri Təbriz olur”. Bəli, sevginin qüdrətindən nə qədər yazılsa da, doğmalığın o qədər ilahi çalarları var ki. Onu ancaq həqiqi sevgililər yarada, anlaya bilər.
Abbas “sevgilisinin saçlarını darayan küləyə, sevən ürəyə, əynini isladan yağışa, onu uzaqdan-uzağa isidən Günəşə həsəd aparır”, son anda bu həsədin elə mübhəmliyini tapir ki, bu lirik tapıntı səni səndən alır:
Həsəd aparıram, gülüm, sənə də –
Əzəldən Məcnuntək bir sevənin var.
Həsəd aparasan bəlkə mənə də? –
Mənim də sənintək bir sevənim var
Lirik obraz yaradan söz adamına bəzən çox ciddi axtarış lazım olmur, söz geniş qanadlarını gərib elə bir yerəmi deyim, varlığamı deyim, qonur ki, sahibini də sehirləyir, oxucusunu da.
Abbasın bir şeirinin lirik obrazı qələmdi, bəli, qələm. Niyə bu qələm şair üçün belə dəyərlidir? Sevgilisinin hədiyyə verdiyi, qürbətdə sirdaşı olduğu qələmin yaşı otuzu ötsə də, “ağlamaqdan” gözünün yaşı qurusa da, Abbasın dərdlərinin loğmanıdır. O qələmin yazdığı “sevmə!” də “sev!”dir. O qələmlə yazılan, ürəkdən gələn ərkyana sözlər yuxular kimi “tərsinə yozulur” deyir şair.
Vərəqlər dözərdi bütün dərdlərə,
Qələmsə həsrətdən hey ağlayardı.
Boşaldıb göz yaşın pak vərəqlərə
Hər gecə qəlbimi o dağlayardı…
Abbas İlhamın elə misraları var ki, həssas oxucu onun lirik pıçıltılarına həsəd ararır. Belə “həsəd”lərdən biri:
Əsir xəzan yeli… Əsir durmadan,
Saraldır…bozardır… qoparır, gülüm.
Ömür yarpaqlarım tökülür bir-bir,
Külək qapınıza aparır, gülüm.
Təsadüfi deyil ki, Abbasla qürbət duyğularını bölüşən, soyuq, həmfikirləri çox olmayan diyarda bir-birinin ürəklərini isidən, hayan olan, Vətən həsrətini bölüşən dostu-sirdaşı, həm də söz həmkarı, şair Hikmət Muğaloğlu onu “Azərbaycanın Yesenini” kimi dəyərləndirir.
“Vətən həsrətinə çətindi dözmək” deyən şairi özü qədər anlayan çətin tapılar. Ona görə də o, “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyimini öz fikir süzgəcindən keçirib bizə ismarış yollayır, Vətəni tərk etməməyə çağırır, qürbətin elə anlarını önə çəkir, və bizi yüz faiz inandırır. Vətənin sol yanına, ürəyə yaxın yerə “Ana” kimi müqəddəs varlığı qoyanda bu iki kəlmənin dəyəri ikiqat artır. Ona görə də Abbasin lirik düşüncəsi inandırıcıdır. Harda Vətən ətri yoxdursa, orada yaşamaq asan deyil, həsrət çəkməkdir. Babalarımız əbəs yerə deməyiblər ki, Vətənin bircə qış günü qürbətin yüz baharından yaxşıdır.
Qürbətdə bitən bənövşəni “dərməyə əli gəlməyən, ona itaət edirmiş kimi əyilib, dizini yerə dirəyib qoxulayan şair, nədənsə, onun ətrini hiss etmir. Yox, onun ətirbilmə, dadbilmə hissi öz yerindədir. Bəs bənövşə niyə qoxusunu gizlədib? Demə, bənövşə də Abbas kimi qəribmiş, qürbət nisgili yaşadığına görə ətrini yadlara qıymır. Şair onu doğması ilə əzizləyəndən sonra bənövşə Abbasa ətrini ərmağan edir. Buna görə də bəzən Abbas lirik qəhrəmanı yalqız, bonubükük bənövşə kimi kövrəkdir:
Yadımdadır…Vətəndə
ətrin bürüyərdi aləmi…
Nə olub sənə burda?…
Qürbət eldə bəlkə sən də
qəribsən?
Qəribsən mənim kimi…
Bəlkə səni də küləklər gətirib,
o vaxt məni gətirən kimi?
Bəlkə özün burdasan,
kökün Qarabağdadır?
Güman ki, orda da
bənövşələrin ətri çəkilib…
Abbas İlham bu gün qürbətdə də məğrurdur. Çünki ərənlərimiz 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu, şanlı zəfər qazandı. Artıq biz müzəffər, qalib xalqıq. Vətənimizin hər yerində üçrəngli bayrağımız məğrur-məğrur dalğalanır:
Üçrəngli bayraqda nurlu Ayımız,
Üçrəngli bayraqda Ulduzumuz var.
Əzəldən dartılıb bizim yayımız,
İndisə sərt “Dəmir Yumruğumuz” var.
Abbas dünyanın hər işləklərini görsə də, dediyim kimi, dünyaya meydan oxuyur. Bununla belə o, mərhəmətlidi, xeyirxahdı, dərdləri bəşəridir, insanların, dünyanın dərdini çəkir. Söz adamının ən “dadlı” mənəvi qidasının dərd olduğunu desəm, heç də yeni Amerika kəşf etmərəm. Əsl şairin, ulu babamız Füzuli kimi, duyğularının dadı-duzu dərddir. Şair dərdi ilahiləşdirən fikir adamı olmasa, mənəvi övladları əbədiyaşar olmaz.
Abbasın bu misralarını oxuyandan sonra belə qənaətə gəldim ki, o, həm də sözlə peyzaj yaradan istedadlı rəssamdır. Onun şeirlərindəki lirik hisslərin rəng çalarları bunu deməyə əsas verir. Əslində sözün rəngləri ilə təbiətin rəngləri bir-biri ilə qolboyun olanda bir bütövlük yaradır. Bölünmək yaralı yerimizdir. Biz neçə yüzillərdir Vətənin də, ilahi söz mülkümüzün də bütövlüyünün həsrətindəyik.
Bahardır…
Dağların ətəyi lalə,
Sanki bu lalələr
verib əl-ələ.
Görən Günəşdənmi
rəng alıb onlar,
Yoxsa utanırlar
dağlardan belə…
Abbasın ana haqqında həzin misralarını oxuyanda Şahmar Əkbərzadənin anasının itkisinə yazdığı “laylam laylasına qovuşub daha” misrasını pıçıldadım. Abbasin şeiri də anasına laylasıdı – oğul laylası:
Anam şirin-şirin yatır, bilməyir
Bilməyir oyağam…oyaq qalardı…
Əgər bilsəydi ki, yuxum gəlməyir,
Bu gecə o mənə layla çalardı…
Nəcib Fazil Kısakürəyə görə, şeir mütləq həqiqəti axtarış işidir. Həqiqət bəzilərinin bəyənmədiyi gözəldir. Bər-bəzəkli yalandan fərqli olaraq zər-zibasız, bər-bəzəksiz gözəl, yalana vurulanların gözündə isə “eybəcər” gözəl. Abbas bax belə gözəlin axtarışındadır, ona görə də şeirlərində sünilik, pafos yoxdur. İlahi axtarışdı. Uğurlar! may 2026
Müəllif: VAQİF OSMANLI
araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist
Oxuyun >> Gözündə tük var


