Weather Data Source: havadurumuuzun.com

Dağ ürəyi daş eyləmək olmur ey

…OLMUR EY

Əməli özünə qalsın hər kəsin,
Quru işi yaş eyləmək olmur ey.
Çalış düşsün namərdləri ayağa,
Hər nadanla baş eyləmək olmur ey.

Bəzən adam, bəzən Tanrı yar, amma,
Ən ucaya ən tez düşər qar, amma…
Xoş soraq alanda dağ olar, amma
Dağ ürəyi daş eyləmək olmur ey.

Kor nə bilir işıq nədir, yüz baxa,
Gərək ola haqq gəzəndə üz, baxa.
Mərd odur ki, həqiqətə düz baxa,
Doğru gözü çaş eyləmək olmur ey…

Keçib gedər ömür belə, yaş elə,
Çatılıbdır göz üstündə qaş elə…
Kimdi deyən daş belədir, aş elə,
Hər daşı da aş eyləmək olmur ey.

DÜŞƏNDƏ

Mənim qəzəbimdən özünü gözlə,
Alaram özümü əfi düşəndə.
Qəlbini qıraram tək bircə sözlə,
Ürəyimin daş tərəfi düşəndə.

Təkcə ürək deyil qırası cəngin,
Deyil bir üfürüm çırası cəngin.
Hələ qarışmayıb sırası cəngin,
Salarsan yolu səhv səfi düşəndə.

Sən yarı bildiyin haqqın tamı var,
Yolçunun arifi, yolun xamı var.
Hər gələn sabahın bir axşamı var,
Qarışar bazarın nəfi düşəndə.

O YOX Kİ…

O yox ki, var deyə daşınır, amma,
Boşa saydığımız dolu qaşınır.
Hər yerin bir yeri qaşınır, amma,
Bizdə də şəhərin yolu qaşınır.

Olmayan sərvətə az qıyaq gərək,
Haqqı deməyəsən, varsa haqq, gərək…
Maşını çiyində daşıyaq gərək,
Onda da çiyinin zolu qaşınır.

Hər sözü söyləmə göldə qamışa,
Adam doğru sözü susub danışa.
Sağ ol deməlisən sağ olmamışa,
Sağı ağrıyanın solu qaşınır…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top