“DİL, KİMLİK, VƏTƏN” ÜZƏRİNƏ BİR BAXIŞ

“DİL, KİMLİK, VƏTƏN” ÜZƏRİNƏ BİR BAXIŞ
(Dr. Şəhla xanım Aslanın “Dil, kimlik, vətən” kitabının təqdimatı)
Son zamanlar işıq üzü görmüş, eyni halda milli kimlik məfkurəsinə bir-başa bağlı olan dəyərli kitablardan biri də türk ellərinin dəyərli türk qızı, fəlsəfə doktoru, Prezident təqaüdçüsü, araşdırmaçı jurnalist, ədəbi təhlilçi, yazıçı-publisist Şəhla xanım Aslanın qələmə aldığı “Dil, kimlik, vətən” adlı kitabıdır. Burada həmin kitabın təqdimatı ilə tanış oluruq:
Ümumi məlumat:
Kİtabı adı: “Dil, kimlik, vətən” (İctimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında milli varlıq konsepsiyası)
Müəllif: Dr. Şəhla Aslan
Ön söz müəllifi: Akademik Nizami Cəfərov
Naşir: “Qanun” Nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Ölçü: 130×200 mm
Səhifə sayı: 112 səhifə.
Müəlliflə qısa tanışlıq:
Şəhla Aslan Odlar Yurdu Azərbaycanın cənub bölgəsinin səfalı Yardımlı rayonunda dünyaya göz açmışdır. Orta məktəbi doğma yurdunda bitirdikdən sonra ali təhsilə başlamışdır. Bakalavr və magistratura təhsilini Azərbaycanda almış, doktorantura təhsilini isə qardaş Türkiyə Cümhuriyyətinin dövlət təqaüd proqramı ilə Qazi Universitetində fərqlənmə ilə başa vurmuşdur.
Təhsilin idarə edilməsi üzrə fəlsəfə doktoru, “Manera.az” portalının baş redaktoru, təhsil araşdırmaları üzrə mütəxəssis, Prezident təqaüdçüsü, araşdırmaçı jurnalist, yazıçı-publisistdir. Bundan əlavə, həm də bacarıqlı ədəbi təhlilçidir. Bunu onun məlum kitabında təqdim etdiyi təhlillərdən açıq-aydın tərzdə müşahidə etmək mümkündür. Həmçinin, elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan dilinin tədrisi üzrə pedaqoji fəaliyyət göstərir.
Dr. Şəhla Aslan təhsil, dil, milli kimlik, milli şüur, mənəvi dəyərlər, Türk dünyası və mədəniyyət diplomatiyası istiqamətlərində araşdırmalar aparan, elmi-publisistik üslubu ilə seçilən alimlərdəndir.
Onun elmi və ədəbi axtarışları azərbaycançılıq düşüncəsinin, milli varlıq məsələlərinin və mədəni irsin müasir baxışla təqdiminə xidmət edir.
Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür. “Dil, kimlik, vətən” əsəri onun indiyədək işıq üzü görmüş sayca dördüncü kitabıdır.
Kitab barədə:
“Dil, kimlik, vətən” kitabı ictimai-siyasi xadim, Azərbaycan və Türk ədəbiyyatının görkəmli siması, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında ana dilinin milli varlıq, tarixi yaddaş və dövlətçilik şüuru ilə əlaqəsini araşdırır.
Kitabda şairin poeziyası, publisistikası və ictimai düşüncələri əsasında dilin kimliklə, kimliyin isə vətən anlayışı ilə vəhdəti sistemli şəkildə təhlil olunur.
Müəllif göstərir ki, S.Rüstəmxanlının yaradıcılığında ana dili millətin görünməyən sərhədi, mənəvi bütövlüyünün dayağı və milli özünüdərkin əsas sütunu kimi təqdim olunur.
Xalq şairinin 80 illik yubileyi münasibətilə hazırlanmış bu kitab oxucunu ana dilinə yalnız söz kimi deyil, milli mövcudluğun taleyini müəyyən edən mənəvi və tarixi güc kimi baxmağa dəvət edir.
Ümumi baxımdan dr. Şəhla Aslanın “Dil, kimlik, vətən” kitabı Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə əlaqəsini elmi-nəzəri müstəvidə araşdıran sanballı tədqiqat əsəridir. Sabir Rüstəmxanlının ana dili, tarixi yaddaş və milli düşüncə mövzularındakı görüşlərinə əsaslanan kitab milli ideoloji düşüncə baxımından mühüm əhəmiyyət daşıyır. Bu əsər, eyni halda Sabir Rüstəmxanlının yaradıcılığı vasitəsilə milli özünüdərk məsələsinə işıq tutur.
Kitabın ümumu məzmunu:
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun ön sözü ilə başlayan “Dil, kimlik, vətən” kitabı müəllifin sözləri, ardınca isə görkəmli ədib, mütəfəkkir yazıçı-şair Sabir Rüstəmxanlının qısa bioqrafik məlumatları və həyat hekayəsi ilə davam etmişdir.
Dr. Şəhla Aslan kitabını aşağıda göstərilən formada tərtib etmişdir:
- Giriş
- I Bölüm: Dilin fəlsəfi mahiyyəti və kimlik yaradıcı gücü;
- II Bölüm: Xalq şairi Sabir Rüstəmxanlının düşüncələrində ana dili və Milli şüur;
- III Bölüm: Xalq şairi Sabir Rüstəmxanlının poetikasında dilin varlığa çevrilməsi…
- Son söz (nəticə)
Kitabın son hissəsində isə istifadə edilmiş mənbə və qaynaqlar göstərilmişdir. Burada müəllifin 11 kitab və 2 elektron resusrsdan yararlandığı göstərilir.
Müəllif görkəmli ədib Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə qələmə aldığı həmin kitabda dil, kimlik və vətən anlayışını şairin poeziyası, publisistikası və ictimai düşüncələri əsasında sistemli şəkildə araşdırmış, milli ideologiya sahəsinə, xüsusilə də dil, kimlik və vətən anlayışlarının vəhdətini araşdıraraq Sabir Rüstəmxanlının yaradıcılığında milli ideologiyanın izahı sahəsində öz dəyərli töhfəsini təqdim etmişdir.
Kitabın əsas ideyaları:
Kitabda təqdim edilən mövzular və təhlilləri diqqətlə nəzərdən keçirdikdə, aşağıda göstərilən əsas ideyaların yer aldığını təsbit etmək olar:
- Milli kimlik: Azərbaycan xalqının öz köklərinə, dilinə və mədəniyyətinə bağlı qalmasının vacibliyi;
- Azadlıq: Sovet dövründə milli azadlıq ideyalarının güclənməsi və gənclərin bu ideyalar ətrafında birləşməsi;
- Tarixi yaddaş: Keçmişin dərslərindən nəticə çıxarmaq və gələcək nəsillərə milli ruhu ötürmək;
- Mübarizə ruhu: Əsərdə oxucunun passivlikdən uzaqlaşdırılaraq milli mübarizəyə ruhlandırılması…
Kitabın əhəmiyyəti barədə:
Heç şübhəsiz, dr. Şəhla Aslanın məlum “Dil, kimlik, vətən” kitabının əhəmiyyətini aydınlaşdırmaq üçün hər şeydən öncə Azərbaycan və Türk ədəbiyyatının görkəmli siması Sabir Rüstəmxanlının şəxsiyyəti, milli və ədəbi dünyagörüşünü tanımaq bir zərurətdir.
Sabir Rüstəmxanlı Türk dünyasının sadəcə bir şairi və yazıçısı deyil, ədəbiyyat (şeir, nəsr, ədəbi təhlil və tənqid) sahəsində ustad simalardan biri olmaqla yanaşı, həm də ziyalı mütəfəkkir, milli oyanış və milli kimlik məfkurəsinin öndərlərindən biridir. O, ötən yarım əsr boyunca bütün bunları öz ədəbi əsərləri və çıxışlarında dəfələrlə oxucuları və dinləyicilərinə çatdırmışdır. Buna görə də Sabir Rüstəmxanlını Türk ədəbiyyatında milli kimlik və özünüdərk məfkurəsinin öndərlərindən biri olaraq təqdim etmək real və həqiqi olan bir həqiqətin səmimi etirafından başqa bir şey ola bilməz.
Şəhla xanımın öz təbiri ilə desəm, görkəmli yazıçı-şair Sabir Rüstəmxanlının əsərlərində bizə təqdim edilən çox önəmli bir nüans vardır və həmin nüans bundan ibarətdir: “Dilini qoruyan millət, özünü qoruyur, özünü qoruyan millət vətənini qoruyur, vətənini qoruyan millət isə tarix boyu dimdik ayaq üstə dayanmağı bacarır…”
Əslində dr. Şəhla həmin kitabda belə bir mütəfəkkir ədibin dil, milli kimlik və vətən mövzularında baxışlarını elmi şəkildə araşdıraraq təhlil etmiş, dil, milli kimlik və vətən anlayışlarının silsiləvari şəkildə bir-birinə sıx bağlı olduğunu bəyan etmiş və beləliklə də uyğun mövzuda samballı bir elmi əsər təqdim edərək, görkəmli ədibimiz S.Rüstəmxanlı ilə yanaşı öz adını da milli kimlik məfkurəsi tariximizin fəxarətli səhifələrinə həkk etməyi bacarmışdır.
Təşəkkür və arzular!
Fürsətdən istifadə edib dəyərlimiz dr. Şəhla xanım Aslana xalqımızn və türk dünyasının “Şəxsiyyət vəsiqəsi” sayılan milli kimlik mövzusuna xüsusi diqqət ayırdığı, eyni halda XX-XXI əsrlərin milli oyanış və milli kimlik carçılarından olan görkəmli ədibimiz Sabir Rüstəmxanlının uyğun mövzuda düşüncələri ilə bağlı yazıb ərsəyə gətirdiyi belə bir qiymətli əsərə görə səmimi minnətdarlığımı bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu kitabın milli kimlik mövzusu və görkəmli Sabir Rüstəmxanlı düşüncələrinin gələcəyimiz olan gənc nəsil arasında təbliğ edilməsi sahəsində faydalı olacağı ümidi ilə!
16.05.2026
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
İlqar İsmayılzadənin digər yazıları
Oxuyun >> Gözündə tük var


