Weather Data Source: havadurumuuzun.com

SƏNƏTKARIN POETİK DÜNYASI

SƏNƏTKARIN POETİK DÜNYASI
Azərbaycan aşıq sənətindən söz düşəndə ilk öncə ustad aşıqlarımız yada düşür. Onların çalıç oxuması səhnə mədəniyyəti, etdikləri ritmik hərəkətlərgöz önündə canlanır.
Artıq onlaqrın çoxu haqq dünyasına qovuşub. Bu gün söz açacağım ustad da Gədəbəy aşıqlarının ən sevimlilərindən biri haqqındadır. Söz açacağım bu ustad aşıq hal -hazırda həm respublikamızda, həm də xarici dövlətlərdə tanınır. Bu aşıq Altay Məmmədovdur.
Aşıq haqqında qısa tanışlıq: Məmmədov Altay Ələddin oğlu 1972-ci ildə sazlı-sözlü, dağlar qoynunda yerləşən Gədəbəy rayonunun Şınıx mahalının Düzrəsullu kəndində anadan olmuşdur. 1989-cu ildə Düzrəsullu kənd orta məktəbini bitirmiş, hərbi xidmətə getmişdir. Hərbi xidmətini başa vurandan sonra, 1992-ci ildə Gədəbəy rayonunun Çayrəsullu kənd musiqi məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Hələ kiçik yaşlarından aşıq sənətinə böyük həvəs göstərməyi, ustad aşıqlara həvəslə qulaq asmağı, el şənliklərində, məclislərində mütamadi olaraq iştirak etməyi onu el-oba içində bir gənc aşıq kimi tanıtmışdır.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii xalq yaradıcılığı” fakültəsinə qəbul olunmuş, 1998-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək, 1998–2000-ci illərdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsi almışdır.
1995-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutnun nəzdində Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzi ilə əməkdaşlığa başlamış, Azərbaycan Milli Elmlər Akademiyası Folkor İnstitutunda 2001-ci ildən kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır.
Altay Ələddin oğlu Məmmədov 2001-ci ildən ADMİU-də müəllim kimi fəaliyyətə başlamışdır. Hal–hazırda ADMİU-nin “Aşıq sənəti” kafedrasının dosentidir, Azərbaycan Aşiqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktorudur.
Aşıq Altay Məmmədov həm ustad sənətkar, həm də klassik aşıq poeziyasının ənənələrini yaşadan yaradıcı aşiqdir. Onun şeirlərində Gədəbəyin zəngin təbiəti, aşıq fəlsəfəsi və daxili mənəvi yaşantılar sintez olunur. Təqdim olunan bəndlər sənətkarın lirik, fəlsəfi və təbiət, məhəbbət mövzusunda qələmə aldığı qoşma və gəraylıların parlaq nümunələridir.

Səni gördüm nə xoş oldu əhvalım,
İraq olsun bizdən xatakar,zalım.
Ərşə, gürşə yetdi şair xəyalım,
O zaman ki,sən maralı görəndə.

Misrası görüşün aşiqə verdiyi mənəvi enerjini göstərir. Sevgini bədxahlardan qorumaq istəyi aşıq poeziyası üçün xarakterikdir. “Ərşə, gürşə yetdi şair xəyalım” ifadəsi sevginin insanı fiziki dünyadan ayırıb kosmik, ilahi bir mərtəbəyə qaldırdığını simvolizə edir. “Maral” təşbihi isə gözəlin saflığını və təbiiliyini vurğulayır.

Aşıq başqa bir şerində yazır

Həyat dediyində nələr var, nələr,
Bir sirri açammır yüz qərinələr.
Arzular,duyğular ürəkdən gələr,
Ruh gərdiş edirmiş huşun içində

Bu şerində fəlsəfi düşüncələr və həyatın sirri sənətkarın sufizmə və dərin dünyəvi fəlsəfəyə bağlılığını nümayiş etdirir. Dünyanın dərkolunmazlığı: “Bir sirri açammır yüz qərinələr” misrası insan idrakının kainatın sirləri qarşısında acizliyini ifadə edir. “Ruh vərdiş edirmiş huşun içində” misrası orijinal fəlsəfi tapıntıdır. Müəllif ruhun bədəndəki və şüurdakı (huş) mövcudluğunu mənəvi bir vərdiş, alışqanlıq kimi qiymətləndirir. Arzuların və duyğuların beyindən deyil, birbaşa “ürəkdən” gəlməsi sənətin səmimiyyət göstəricisidir.
və yaxud
Vaxt gələndə el qoynuna yollanar,
Laləsinin yanaqları xallanar,
Yazda,yayda yaşıllanar allanar,
Qışda da bürünər ağlara dağlar.
***
Zaman vardı boranında,qarında,
Çisginində,tufanında,tarında.
Altayı xəyalın qanadlarında,
Aparar çox şirin çağlara dağlar!

Aşıq təbiət və dağlar obrazını ikincü və üçüncü bəndlərdə dağlar obrazı vasitəsilə təbiətin və insan ömrünün ritmi verilir: Lalənin “yanaqlarının xallanması”, dağların “ağlara bürünməsi” təbiətin canlı orqanizm kimi təqdim olunmasıdır. Fəsillərin rəngi yaşıl və al rənglər (yaz, yay) həyatın coşqusunu, ağ rəng (qış) isə sükutu və müdrikliyi simvolizə edir. Dağlar aşiq üçün təkcə coğrafi məkan deyil, həm də onu keçmişə, gəncliyə aparan mənəvi bir vasitədir (“Altayı xəyalın qanadlarında, Aparar çox şirin çağlara dağlar”).
Aşığın “Gedər” qoşmasına nəzər salaq

Ariflər gah kədər, gah da dəm görər,
Üzdə sevinsə də ,qəlbdə qəm görər.
Çoxları dünyanı cəhənnəm görər,
Çoxu cənnət bilər yaylanar gedər.

Aşıq bu bənddə cəmiyyətə və fərdlərin dünyaya baxış bucağına toxunur: Ariflərin mənəviyyatını: “Üzdə sevinsə də, qəlbdə qəm görər” misrası arif insanın kədərinin dərinliyini göstərir. O, dünyanın fani olduğunu bildiyi üçün kədərlənir. Dünyanın həm “cəhənnəm”, həm də “cənnət” kimi qəbul edilməsi insanların daxili aləminin güzgüsüdür. “Yaylanar gedər” ifadəsi köçəri həyat fəlsəfəsinə və insan ömrünün bu dünyada müvəqqəti olmasına işarədir.
Aşıq “Gözəl ” qoşmasında yazır.

Pərvanələr yanır çil-çırağında,
Bülbül fəqan eylər baxça – bağında.
Çıxıram seyrinə göl qırağında,
Görürəm gözəlsən, sonadan gözəl.

. Aşıq Altay klassik aşıq poeziyasının və Şərq lirikasının ənənəvi obrazlar sistemindən (pərvanə-şəm, bülbül-gül) məharətlə istifadə olunub. “Pərvanələr yanar çil-çırağında” misrası sevgilinin camalını işığa, aşiqi isə onun ətrafında yanıb kül olan pərvanəyə bənzədir. Bu, saf və fədakar sevginin rəmzidir. “Göl qırağı” və “sona” (ördək, qu quşu) obrazları gözəlliyin təbii mühitdə, süni boyalardan uzaq şəkildə vəsfidir. Gözəlin “sonadan gözəl” adlandırılması onun zərifliyini və əlçatmazlığını vurğulayır.
Aşıq ” Gəlib”başlıqlı qoşmasında yazır

Gözəlliyə qurban Altayın canı,
Gözəllik yaşadır küllü cahanı.
Baxan deməz beləşahlar-şahını,
Atadan yaranıb , anadan gəlib.

Aşıq bu bənddə gözəlliyə fəlsəfi baxış verir. “Gözəllik yaşadır küllü cahanı” misrası sənətkarın estetik manifestidir. Burada kainatın varlıq səbəbi və onu ayaqda tutan qüvvə kimi maddi deyil, mənəvi dəyər — Gözəllik (ilahi hüsn) göstərilir. Maddi və mənəvi cəhətdən “Atadan yaranıb, anadan gəlib” misrası həm gözəlin yerüstü, insani mənşəyini təsdiq edir, həm də onun “şahlar-şahanı” (şahların belə heyran qaldığı) təbiətini qeyd edərək ilahi bir qüvvə olduğunu vurğulayır.
Aşıq Gözlərin qoşmasında yazır

Səndədir gözəllik ,səndədir səfa,
Xoş olar yolunda çəksəmdə cəfa,
Nə olar söylə ki,gəlsin insafa,
Çəkməsin Altayı dara gözlərin.

Aşiqin “Xoş olar yolunda çəksəmdə cəfa” ifadəsi klassik aşıq və təsəvvüf fəlsəfəsinə söykənir. Yar yolunda çəkilən əzab aşiq üçün cəza deyil, mənəvi saflaşma vasitəsidir. Gözlərin sehri misrasında sevgilinin baxışları (gözləri) edam hökmü verən qüvvə kimi canlandırılır. Gözlərin “insafa gəlməsi” istəyi aşiqin öz taleyini tamamilə sevgilinin iradəsinə təslim etdiyini göstərir.
Poetik Dil və Üslub Xüsusiyyətləri Aşıq Altay Məmmədovun dili xalq dilinə yaxın, axıcı və dərindir. O, klassik aşıq terminlərindən yerli- yerində istifadə edərək şeirin musiqiliyini təmin edir. Onun şeirləri sadəcə qafiyə xatirinə yazılmayıb, hər bir bənd daxili mənası və hikməti olan bitkin bir fəlsəfi sistemdir.

Hüseyn İsaoğlu,
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

Top