“Qəhrəman o insana deyirəm ki, bugünkü problemlərdən danışsın”!

“Qəhrəman o insana deyirəm ki, bugünkü problemlərdən danışsın”!
Peşəkar səs operatoru ömrünün 40 ilindən çoxunu televiziya və sənət sahəsində fəaliyyət göstərən Azərbaycan Teatr Xadimləri İttifaqının əməkdaşı Nazim Kərimli ilə müasir dövrümüzün ən aktual problemlərindən biri olan süni intellektləşmə və texnologiyanın inkişafı ilə əlaqədar robotlaşdırılmış insan münasibətlərinin artması nəticəsində cəmiyyətdə yaranan qlobal problemlərin düzgün həlli yollarını müzakirə edərək sədaqətli oxucularımıza olduğu kimi təqdim edirik:
-Nazim müəllim, bildiyimiz kimi hal-hazırda bütün dünyada elm və texnologiyanın sürətli inkişafı ilə əlaqədar süni intellektləşmə prosesi mütəmadi olaraq davam etdirilir. Bu da cəmiyyətdə ilk növbədə robotlaşdırılmış insan münasibətlərinin artması ilə nəticələnir. Bəs bir vətəndaş kimi müasir dövrümüzdə sizi ən çox narahat edən problemlər hansılardır?
-Bilirsinizmi, əvvəllər mən çox paylaşırdım, son vaxtlar paylaşmıram. Bu cəmiyyətə, insanlara həqiqəti başa salmaq üçün sübutların olmalıdır. Məsələn, mən sizə desəm ki, bu gün Azərbaycanda fəlsəfə ilə məşğul olan insan azlıq təşkil edir onlarda heç vaxt görsənmir. Bu günləri biz ədəbiyyatdan, incəsənətdən, teatr və kino sənətindən yetərincə söz danışa bilərik. Çoxlu söz danışa bilərik və tək mən danışa bilmərəm bütün incəsənət işçiləri hətta qeyri incəsənət işçiləri də danışa bilər. Çünki bu çox asandır. Ancaq mən bu günləri qəhrəman o insana deyirəm ki, bugünkü problemlərimizdən danışsın! İnsanların beynini dini xurafatlar vasitəsilə necə məhv edirlər, onları necə təlqin edirlər… Nəyə görə? Çünki istəyirlər ki insanlar heç vaxt haqqını tələb edə bilməsinlər, heç vaxt sorğulaya bilməsinlər deyə mən niyə bunları bilməliyəm? Ancaq kölə, qul vəziyyətində yaşasınlar. Ən acınacaqlısı da budur ki bu günləri psixoloqların əksəriyyəti dindarlıq edir.
Telekanallara da şou proqramlar lazımdır ki insanları belə manqurt halına salsınlar yaşasınlar. Deməli, mən o günləri dəhşətli bir hadisənin şahidi oldum. Yolun ortasında ölüvay vəziyyətində qalmış pişiyin üstündən maşınlar necə gəlib keçir? Dəhşətə gəldim ki,biz bu qədərmi daşürəkli laqeyd və etinasız bir insanlar olduq? Bu günlərdə hansısa bir ruhi xəstə şizofreniyanın paranoid formasında olan ailəsini zorla dağıtmış iki uşaqlı gəlib sosial şəbəkələrdə, televiziyalarda camaata ağıl qoyur, dərs deyir. Bu həqiqətən də biyabırçılıqdır, dünyanın sonudur ki…
Bilirsinizmi, indiki dövrdə artıq ağsaqqal və ağbirçək anlayışı da çox pozulubdur. Biz amma əsl ağsaqqal və ağbirçəyi 70-ci illərdə görmüşük. Çünki biz bu günün adamları, ziyalıları deyilik. Keçmişin adamlarıyıq. İndi isə həmin o ağsaqqal və ağbirçəkləri yalançı və savadsız filosof və psixoloqlar əvəz edib. Necə deyərlər savadı, ali təhsili olmayan elmdən, fəlsəfədən danışdığı kimi, təmiz əxlaqı, namusu, qeyrəti olmayanlar da tərbiyədən danışırlar… Bizim isə həmişə ağsaqqalımız da ağbirçəyimiz də olub və biz onlardan daima örnək götürmüşük! O demək deyil ki onlar bizə məsləhət verib. Xeyr! Sadəcə olaraq onların bütün adi davranış qaydalarından, insanı və mədəni rəftarlarından biz hər zaman örnək almışdıq.
-Sizcə texnologiyanın inkişafı ilə əlaqədar olaraq indiki dövrdə uşaqdan tutmuş böyüklərə qədər hər kəsin əlində mobil telefonların olması ünsiyyət və dostluq əlaqələrinin pozulmasına səbəb olubmu?
-Bəli, siz doğru bir problemə toxunmusunuz. 80-70-ci illərdə o dövrlərdə biz gedirdik uzaq bir yerdə poçt şöbəsi olurdu və ailəmizlə qırıq-qırıq səslər ilə sevinc içərisində telefonla danışardıq. Məsələn, mən Sumqayıtdan gedirdim nədir-nədir kəndlə danışacam. Ancaq indiki dövrdə şükür allaha dünyanın o başında olan insanlar ilə kompüter və ya mobil telefonlar vasitəsilə görüntü şəkilində virtual olaraq rahat danışmaq olur. İndi heç insanlar bir -birinə mesaj yazıb hal-əhval belə tutmaq istəmir. Çünki süni intellektləşmə dövrü başlayıb. İnsanların bir-birinə qarşı hörməti və sevgisi də yoxdur. Çünki hər şey yalançı və süni münasibətlər üzərində qurulmuşdur. Məsələn, siz sovet dövründə yaşamamısınız deyə bilmərsiniz. Dini məzmunlu xurafatlar əsla təbliğ olunmurdu. Çünki daha çox elmi biliklərə və savadlı olmağa önəm verilirdi… İndi isə əksinə din nə qədər çox təbliğ olunsa da, insanlarda bir-birinə qarşı hörmət və sevgi əsla yoxdur. Çünki hər şey yalançı və süni münasibətlər üzərində qurulub. Bu günləri hər bir kəs özünü düşünür, öz mənafeyini güdür. Bilirsiniz necədir, mənim bir sözüm var: ” Özü üçün yaşayan insan ən bədbəxt insandır”. Hansı ki öz anasını, dostunu, ailəsini düşünmürlər. Vicdan insanın öz daxilində olmalıdır. Elə Allah vicdanlı olmaq deməkdir!

Söhbətləşdi: Tahirə Nur
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


