Meyl etmə bərq vuran şeytan donuna

ELƏYİM
İstərəm ki, keçmişimi yada salım, yad eləyim,
Bir balaca məclis qurum, şərəfimə ad eləyim.
Çox ağıllı atam olub, elm, təhsil görməsə də,
Bir baş çəkim məzarına, ruhunu həm şad eləyim.
Bir kişiyə atasından yaxın kimsə ola bilməz,
Mən bu gündə istəmərəm, kədərlənim, dad eləyim.
Yeri deyil qan qaraldım, yamanları yada salım,
Bu məclisdə olanların kefini bərbad eləyim.
Bircə günlük istirahət də, başı, beyni tamam açar,
Dərddən, qəmdən uzaq olum, ruhumu abad eləyim.
Ay Murad, köhnələrik, biz görmüşük, götürmüşük,
O pir olmuş Vahid demiş, mən nəyi icad eləyim?!
****
RUHUM DİL AÇANDA ŞEİR YAZIRAM
Ağ varağa köçürürəm özümü,
Gizlətmirəm yalanımı, düzümü,
Sapa düzüb söhbətimi, sözümü,
Gündə neçə dəfə yazıb pozuram
Ruhum dil açanda şeir yazıram.
Təkcə qismətdimi Allahdan gələn,
Bəlkə də bəxdimdi üzümə gülən,
Bəzən eşidirəm tanıyan, bilən
Deyirlər hazıra guya nazirəm
Ruhum dil açanda şeir yazıram.
İlahi bir sirr var, könül doymayır,
Yalançı vərdişə qəti uymayır.
Özüm istəsəm də ruhum qoymayır,
Sözün ağuşuna düşüb azıram,
Ruhum dil açanda şeir yazıram.
Vaxt olub tərslikdən sifəti çönüb,
Bir zay ocaq kimi alışıb, sönüb.
Sözlər daşa dönüb, kəsəyə dönüb,
Su töküb yumşaldıb elə qazıram,
Ruhum dil açanda şeir yazıram.
Qorxunc bir yuxunun əlacı sudu,
Durub danışırsan, yozumu budu.
Sanmışam bəlkə də səhvini yudu-
İnsandı , pisi də xeyrə yozuram,
Ruhum dil açanda şeir yazıram.
Oxucum, söz ilə oynamaq çətin,
Dilini yaşadan sözdü millətin.
Yerində bazıyam sozün- söhbətin,
Sözə can verməyə hər an hazıram
Ruhum dil açanda şeir yazıram.
****
QOŞMA
Yazığa, kasıba, dil bilməyənə,
Sadəlövh insana naşı demirəm.
O qədər insan var barsız, bəhərsiz,
Ağıldan zəifi, çaşı demirəm.
Gözüm gözlər görüb, çox yorulmuşam,
Bulaq tək süzülüb hey durulmuşam.
Ruhən əzilmişəm, gah vurulmuşam,
Arxamdan atılan daşı demirəm.
Dağ dağa söykənər, hey sıralanar,
Dərələr kölgədə ondan güc alar.
Dərəylə dağın da qohumluğu var,
Xırda təpələri, qaşı demirəm.
Meyl etmə bərq vuran şeytan donuna,
Nə olsun yaraşır görsən onuna.
Ay Murad, bir sağlam ömrün sonuna,
Zirvəsi deyirəm, başı demirəm.
****
TƏMİZ OLUM, PİR OLUM
İstəyirəm tövbə edim,
tam saflaşım durulum,
Təmizlənim günahlardan,
qətrə-qətrə sorulum.
Tanrım mənə səbir versin,
pisliyə can verməyim,
Yaxşılıqdan ləzzət alım,
ancaq ondan yorulum.
Mən ruhuma sadiq oldum,
xəyanətim olmadı,
İstəmədim cığal olum,
günah üstə vurulum.
Əməlləri saleh olan,
yaddan çıxmaz bilirəm,
İstəyim var, yadda qalım,
soraqlanım, sorulum.
Hiss edirəm ruhumda da,
qocalığa meyil var,
Allah mənə izin versin,
tam yenidən qurulum.
Murad bilir nə danışır,
qəribliyə salmayın,
Başqa şeydən dəm vurmuram,
təmiz olum, pir olum.
****
CANIM
Canım canımdakı ağrıdan bezməz,
Yaşayar bu ömrə vəfası üçün.
Heç kəsə yalvarmaz, əlini üzməz,
Allah olan yerdə şəfası üçün.
Bir ömür yol getdi, of da demədi,
Gah yağış döşədi, gah qar çilədi.
Qazancı üç övlad, bir dar kümədi,
Bilir ki, çətini innən belədi.
Bu canın heç kəsdən təmənnası yox,
Bircə Yaradana borcu var ancaq.
Bir onu bilirəm dadıma ən çox,
Sonda mənim əməllərim çatacaq.
Yüz ölçüb, bir biçib addım atmışıq,
Hələ görüləsi min bir işim var.
Yolları yormuşuq, sona çatmışıq,
İndi də tənbəllik başımı qatar.
Canıma can qatmaq gözümə durub,
Gah zərim yek verir, gah qoşa gəlir.
Qırmızı-qırmızı üzümə durub,
Deyən əzrayılla baş-başa gəlir.
****
GƏLİR
Mənim çörəyimin duzu yoxuymuş,
Dərdinə yandığım üstümə gəlir.
Gözü ac bildyim gözü toxuymuş,
Gözü tox bildiyim tüstümə gəlir.
Gərək baş sındırım, bu oyun bitsin,
Naxələf bəndələr rədd olsun, itsin.
Üzüm yox başımdan eləyim getsin,
Bilirəm şorbama, istimə gəlir.
Ay Murad, söz-söhbət özümü yorub,
Günahkar axtarmaq gözümə durub.
Kim bunu düşünüb, kim bunu qurub,
Məni nişanlayıb, qəsdimə gəlir.
****
ÖMÜR – GÜN
Hər səhər ayılırsan,
Yuyundun, dərhal yemək.
Sırada sayılırsan,
Bir gün qazandın demək.
Günlə ölçülür ömür,
Aylara, ilə kimi.
Sənə dur, dayan demir,
Ta gedir zilə kimi.
Gün günə bənzəməz heç,
Cürbəcür rəngə düşər.
Oğulsan birini seç,
Düz yolun dingə düşər.
Yorduğu anları var,
Hərdən bezdirər səni.
Gün var vaxtını alar,
Qul tək gəzdirər səni.
Dadı damaqda qalar,
Biz desək, deməsək də.
Günlərin də sonu var,
Sonda istəməsək də.
Dara salar, qorxudar,
Sarını yediyin gün.
Tora salar, tez udar,
Əlvida dediyin gün.
****
YOLLAR AYRICINDA
Ürəyimi coşdum, daşdım,
Saldım, yollar ayrıcında.
Çaşdım, azdım, hey dolaşdım,
Qaldım, yollar ayrıcında.
Alışmadım ancaq kefə,
Bol qazanca, nə də nəfə.
Bulud kimi neçə dəfə,
Doldum, yollar ayrıcında.
Gah qəmləndim, gah şən oldum,
Haçalandım, dən-dən oldum.
Qismətimlə həmdəm oldum
Soldum, yollar ayrıcında.
Çox düşmüşəm haldan hala,
Nəyim var ki, nə də qala?!
Ömür boyu min xəyala,
Daldım, yollar ayrıcında.
Unutmuşam dərd sayımı,
Həm qışımı, həm yayımı.
Mənə çatan öz payımı,
Aldım, yollar ayrıcında.
****
QOŞMA
Dağ dağa dayaqdı, dərə dərəyə,
Tək olan Allahdı, ay cüt olan kəs!
İki güc boy versə kürək kürəyə,
Yüz çaban əbəsdi, inadın əbəs.
Neyləsək vaxt uçur, bu ömür gedir,
Təzələr oyanır, köhnəni didir.
Guya ki, tələsib udduğun nədir?!
Hər şeyin vaxtı var, nəbadə tələs!
Ay Murad, düşünsən ağlına gəlməz,
Hər insan ömrünün qədrini bilməz.
Nə eynin açılar , nə üzün gülməz,
Qəlbini oxşamaz hər duyduğun səs!
Müəllif: Murad MƏMMƏDOV
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


