Weather Data Source: havadurumuuzun.com

Sona Abbasəliqızının (İsmayılova) dördcildliyi işıq üzü görüb

QADIN
Müqəddəs sayılır eldə çörəktək,
Hər an qiyəmtini biləsən gərək.
Onun nəfəsilə qızınır ürək,
Ömrə bəzək olan sonadı qadın.
* * *
İllər surətini qəfil boyadı,
Qəm-kədər içində taya-tayadı.
Namusdu, ismətdi, abır-həyadı,
Allaha ucalan nidadı qadın.
* * *
Təbəssüm işığı gözlərə dolar,
Bəzən də gül kimi saralar-solar.
Adı gələn yerdə bərəkət olar,
Əzandı, ələmdi, duadı qadın.
* * *
Büllur məhəbbətdir, tərtəmiz bir ad,
Onun gözlərində qaynayır həyat.
O, övlad gətirir cahana, övlad,
Həyata can verən anadı qadın.

“Həyata can verən anadı qadın!” – deyən Sona ABBASƏLİQIZI “Qadın”ın böyük qüvvə olduğunu öz timsalında yaxşı bilir. Yaradıb, yaradır desək, daha doğru olar. Bu kiçik yazımın böyük qəhrəmanı dünyanın gərdişindən xəbərdardır. Sona ABBASƏLİQIZI elinin mərd qızı, evinin ağayana xanımı, oğlunun cəfakeş anası, nəvəsinin səxavətli nənəsi olmaqla bərabər, eyni zamanda milyonların sevimlisi yaradıcı şəxs – şairdir.

“Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir.” Sözümə qüvvət olaraq gətirdiyim bu sitat filologiya elmləri doktoru Lütviyyə ƏSGƏRZADƏnin Sona xannım haqqında olan yazısındandır. Yaradanın onu tanımaq üçün yaratdıqlarının bəzən yaradıcı rolunda çıxış etməsi Dədə Ələsgər demiş “Sahibi-səltənət” “Xaliqi-ləmyəzəl”in nə dərəcədə xoşuna gələb-gəlməməsi özü mübahisəli məsələ olsa da məncə Sona ABBASƏLİQIZI Böyük Allahın sevimli bəndəsidir.

Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə,  xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…

Elə ilk   cavabla  qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.

Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul  edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.

İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.

Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır”  kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.

Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki  BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.

Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə  incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.

O bir qələm adamı olmaqla yanaşı,  eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.

Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!

Bəli qəlblərdə belə xoş ovqat yarandığı, yeni ümidlər cücərdiyi bir vaxtda Sona ABBASƏLİQIZI bir daha zamanın gedişatı ilə ayaqlaşdığını, hətta bəzən incə ustalıqla bu gərdişi-dövranı qabaqladığının tez-tez şahidi oluruq. Bu günlərdə Sona xanım öz oxuculuranı yeni kitabı – yenicə işıq üzü görmüş dördcildliyilə sevindirib. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, məsləhətçi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Vəliyevdir.

 

“YAZARLAR” cameəsi adından Sona xanımı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun,  Sona xanım!

Hörmətlə: Zaur USTAC,

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ZAUR USTACIN YAZILARI

SONA ABBASƏLİQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top