Məlahət Quliyeva – yazar

Məlahət Quliyeva – yazar
Məlahət Quliyeva – Quliyeva Məlahət Sahib qızı (Məmməquliyeva), 1958-ci ildə Ağcabədi rayonunun Boyat kəndində anadan olub.
1979-2013-cü illərdə Respublika DIN-nin Yanğından Mühafizə İdarəsində (İndiki Fövqəladə Hallar Nazirliyində) xüsusi hərbi rütbəli əməkdaşı olaraq bir çox vəzifələrdə xidmət edib.
Hazırda hərbi təqaüdçüdür. Məşədi-Kərbəlayı xanımdır. 2 oğlu, 8 nəvəsi var.
Məlahət xanım Quliyeva (Məmməquliyeva) gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Gözəl müğənni və çox istedadlı şairə kimi tanınır. Gənc yaşlarından şeirləri müxtəlif mətbuat orqanlarında, Azərbaycan Respublikası DİN-nin “Mübariz keşikdə” və “Zəngəzur” qəzetində, eyni zamanda FHN-nin DYMX-nin “Yanğınla Mübarizə” jurnalında, o cümlədən “Şərqin səsi, “Ziya”, “Elm və Təhsil”, “Kredo”, “Yurd sevgisi” qəzetlərində, “Zim.Az” və “Zirvə. info” saytlarında, “Zirvə”, “Buta”, “Vətən”, “Canım Azərbaycanım”, “Xarıbülbül”, “Şərqin səsi”, “Rəvan”, Poeziya çələngi “, “Zəfər”, “Bakı Təbriz”, “Poeziyamızın Nizami Gəncəvi zirvəsi” və bir çox ədəbi məcmuələrdə də dərc olunub.
“Borçalı” qəzetinin və “Yurd” saytının baş redaktorudur.
Türkmən Ədəbiyyatçılar (Birliği-Tuzhurmatu Onursal ÜYE), Azərbaycan Yazıçılar, Turan Yazarlar və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
“Abdulla Şaiq”, Məmməd Araz”, “Zirvə” diplomu və medalı “XXI Əsrin Ziyalısı,” “Heydər Zirvəsi”, fəxri diplomu və medalı, “Natavan Xurşidbanu” diplomu və medalı, “Qızıl qələm”, media mükafatları laureatıdır. “Şəhid ailələrinə qayğı” cəmiyyətinin fəxri diplomuna layiq görülüb. “Turan” Ədəbiyyatı Yazarlar Birliyinin və idarə heyətinin üzvü , Turan xalq şairidir.
8 kitab müəllifidir.
Biz də hörmətli Məlahət xanıma ədəbi- bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.
ÖZÜMDƏN YAZIM
Həyatın hər cürə üzündən yazdım,
Deyirəm bir az da özümdən yazım.
Dünyanı içinə alıb, gəzdirən,
Ağlaya bilməyən gözümdən yazım.
Məndən üz döndərib məni yaradan.
Bir kərə rəhm etmir ol Şahı-Mərdan.
Qəlbimi yandıran acı duyğudan,
Gül kimi saralan üzümdən yazım.
Ömür yaşayıram, mən zərrə-zərrə,
Dəli sevda məni saldı çöllərə.
Ya Rəbbim ah-nalə olarmı belə,
Yer-göyə sığmayan dözümdən yazım.
Fələkdən yaman çox kileyliyəm mən,
Əzəldən taleyim yazılıbdı kəm.
Gündüzüm-gecəmə gəlməyibdi tən,
Kələfi düyünlü çözümdən yazım.
Qəlbimə süzülür gözümün yaşı,
Sızlayır, göynəyir ürəyim başı.
Sevdalı yolumda olmuşam naşı,
Bağrımı yandıran közümdən yazım.
Köksümə sığınıb söz xəzinəsi,
Yayılıb aləmə sədası-səsi.
Haqdı-ədalətdi hər bir kəkməsi,
Dünyanı titrədən sözümdən yazın.
Məlahətəm, ömür yolum dumandı,
Qaranlığa nur çiləyən imandı.
Aləm bilir qəlbim dərya-ümmandı
Həyatda qoyduğum izimdən yazım.
24.03.2024
ULU BABAM MEHDİQULU
Nə gözəldi yurdum-yuvam,
Hər yanda var elim-obam.
Xan övladı, Xan köküm var,
Mehdiqulu ulu babam.
Bir tərəfim Qaçaq Nəbi,
Bir tərəfim Mehdiqulu.
Tutduğum yol haqqın yolu,
Ulu babam Mehdiqulu.
Xan oğludu atam-babam,
Ulu nənəm Xan Natavan.
Soyum-köküm Xan oğlu Xan,
Ulu babam Mehdiqulu.
Qaçaq Nəbi nəsilliyəm,
Dünya boyda əsilliyəm.
Soy-kökümdən mən bəlliyəm,
Ulu babam Mehdiqulu.
Banu xanım Ulu nənəm,
Yoxdu onun yerin verən.
Bilsin ellər o kökdənəm,
Ulu babam Mehdiqulu.
Xan nəsilli, Xan köküm var,
Vüqarlıdı uca dağlar.
Zirvəsində gəzər qartal,
Ulu babam Mehdiqulu.
Məlahətəm, mən saf niyyət,
Yazdıqlarım tam həqiqət.
Bilsin aləm ən nəhayət,
Tutduğum yol qeyrət yolu,
Ulu babam Mehdiqulu.
10.12.2024
DEYİLİR CƏNNƏT
Mən bir Ana gördüm sinəsi dəftər,
Ona heyran oldu bütün hər nəfər.
Ağzını açanda dürrü ələndi,
Ana ürəyində vardı təpər.
Sözü-söhbətindən məclis əyləndi,
Göydə buludlarda əsib- yelləndi.
O elə danışdı, elə söylədi,
Telli sazda yaman coşub, dilləndi.
Dediyi kəlməyə göylər oynadı,
Məclisdə hamının qanı qaynadı.
Sevincdən, kədərdən söhbətlər açdı,
Göydə mələklər də durub, dayandı.
Uçdu xəyaları arana- dağa,
Həm indiki vaxta, həm cavanlığa.
Bir anlıq dayanıb, xəyala daldı,
Boylandı keçmişə, bir sola-sağa.
O ziyalı idi, həm də bir Ana,
Sanki mələk imiş gəlib cahana.
Hər bir kəlməsindən, şirin sözündən,
Qələm əhli olan gəldi ilhama.
Anadan qiymətli yox özgə nemət,
Anadı hər kəsə şərəf-ləyaqət.
Analar Allahdan bizə əmanət,
Ana müqəddəsdir bil, ay Məlahət.
Ayağı altına deyilir cənnət.
15.04.2025
MİNNƏTDARAM MƏN ANAYA
Qovdu aylar, illər birin,
Kövrək oldu yaman qəlbim,
Yaş üstünə yaşda gəldi,
Heç nə vermir gənclik yerin.
Demirəm ki, qocalmışam,
Bəlkə bir az ucalmışam.
Yaxşı-yaman bu ömürdə,
İlləri yola salmışam,
Şükür olsun yaradana,
Bəxş eyləyib bu cahana.
Gözəl keçib illərimiz,
Həyat dönüb gülüstana.
Altmışımı adlamışam,
Yetmişimi haqlamışam.
Xoşbəxt günlər yaşayaraq,
Bu həyatdan kam almışam.
Hər bir dərdi silib atdım.
Qəm-kədərə sevinc qatdım.
Ömür bir az vəfa qılsa,
Bəlkə gedib yüzə çatdım.
Məlahətəm, mən bir dünya,
Bənzəyirəm günə-aya,
Doğulduğum bu gün üçün,
Minnətdaram mən Anaya.
09.02.2025
MƏNA GƏZİRƏM
Mən şair demədim, özümə heç vaxt,
Söz səltənətində dağılmasın taxt.
Hər kəsin öz yeri, öz qələmi var ,
Kimin kim olduğun göstərəcək vaxt.
Mən şair demədim, özüm-özümə,
Bir kimsə gülməsin haqqın sözünə,
Sevmirəm özünü tərif etməyi,
Yaxşı görsənməkçün xalqın gözünə.
Mən şair demədim, özüm-özümə,
Qoy mənə qiyməti el-aləm versin.
Yazdığım əsərin hər bir kəlməsin,
Ələkdən keçirib, xalq sözün desin.
Mən şair demədim, özüm-özümə,
Peşmanlıq içində, döyüm dizimə.
Deyirlər “El gözü, tərəzi gözü”,
Xalq şair sözünü yazsın izimə.
Hər kəsin dünyada öz amalı var.
Özümə tərifim mənə olar ar.
Yazıb-yaradıram, mən azdan -çoxdan,
Yazmasam gen dünya mənə olar dar.
Ürəkdən keçəni demədim hələ,
Kaş yazıb-yaradım mən indən belə.
Elə bir əsərim gəlsin ərsəyə,
Toxunsun ürəkdə incə bir telə.
Məlahətəm, gördüyümü yazıram.
Hər kəlməni min mənaya yozuram.
Yaxşını-yamanı ələyib- seçib,
Hər sözümdə dərin məna gəzirəm.
04.04.2025
SƏN BİLƏYDİN
Eşqin idi dərdə dərman,
Fələk verdi özgə fərman.
Sanki məni vurdu ilan,
Kaş ki, bunu sən biləydin.
Ayrılıqdan gəldi xəbər,
Sevgidən qalmadı əsər.
Ayrılıq ölümdən betər
Kaş ki, bunu sən biləydin.
Çıtır-çıtır yandı ürək,
Sevən könlüm oldu kövrək.
Sənsiz ömür nəyə gərək,
Kaş ki, bunu sən biləydin.
Ürəyimin sındı teli,
Eşqin məni etdi dəli.
Vurdu məni zalım əli,
Kaş ki, bunu sən biləydin.
Can evindən söküldü can,
Üzdü məni qəmi-hicran.
İç dünyamda qopdu tufan,
Kaş ki, bunu sən biləydin.
Ürək sındı cilik-cilik,
Sümüklərdə dondu ilik.
Mən unutdum bir dəfəlik,
Kaş ki, bunu sən biləydin
Məlahətəm, əhli-halam,
Əhdə-anda düz ilqaram.
Eşq yolunda tarimaram.
Kaş ki, bunu sən biləydin.
21.06.2024
KÖNLÜM
Yenə ləngər vurur çağlayan könlüm,
Sağalmaz yarasın ağlayan könlüm.
Vəfasız dünyanın odu-közüylə,
Özün-öz gözüylə dağlayan könlüm.
Sınıbdı ürəyim, qırılıb qəlbim,
Dünyaya sığmaylr göyərmiş dərdim.
Dönüb gəncliyimə yaman kövrəldim,
İçində diləyin bağlayan könlüm.
Sevgi-məhəbbətim gözümdə qaldı,
Hicranın naləsi canımı aldı.
Bağrım al qan oldu, ürəyim yandı,
Olmadı yarasın bağlayan könlüm.
Sevdalı günlərin atəşi söndü,
Sevən könlüm qara zindana döndü.
Çərxi fələk yaman tərsinə çöndü.
Öz közü özünü dağlayan könlüm.
Məlahətəm, “dərdi canda saxladım”,
Yaş da ötür, yetmişi də haxladım.
Əridi sümüklər, kökdən laxladım.
Köksündə dərdlərin tığlayan könlüm.
04.06.2025
AY ZALIM FƏLƏK
Dağların suyunu içmək istədim,
Bulanıb lil oldu ərşimdə mənim.
Əyilib torpağın öpmək istədim,
Qarışıb gil oldu qarşımda mənim.
Bu necə qismətdi, necə taledi,
Üstümə yer-göyün qəmin ələdi.
Hər yandan bağlandı açıq yollarım,
Bilmədim bəlalar haradan gəldi?
Nə yaman tez soldu gülüm-çiçəyim,
Dağlar boyda oldu qəmim, kədərim.
Acı tale məni yıxıb- sürüdü,
Ah-nalə içində ötdü illərim.
Haraya getdimsə yolum lax çıxdı,
Tənhalıq qəlbimi yandırıb-yaxdı.
“Yıxdı can evimi” candan ayrılmaq,
Göz yaşım sel olub köksümdən axdı.
Ha yana əl atdım əllərim yandı,
Dövr etmədi qanım, damarda dondu.
Vəfasız dünyada bir gün görmədim,
Qaraldı ocağım, çırağım söndü.
Yandı ahı-zardan ağzımda dilim,
Alova büründü soyumuş yerim.
Bilmirəm neylədim zalım fələyə,
Qaraya çönübdü acı taleyim.
Məlahətəm, bəxt-taledən oldum kəm,
Ürəyim dərdlidi, gözlərim də nəm.
Daha yox taqətim ay zalım fələk,
Kor olub gözlərim, çıxıbdı didəm.
02.06.2025
GÜLÜM
Kövrək sinən üstə sevirəm sözün,
Görüşəndə güllə yazaram, gülüm.
Vücudun çiçəkli bahar çəməni,
Ətrindən məst olub azaram gülüm.
Xəfif təbəssümü, o şux yerişi,
Məhəbbət gülünə bənzəyir işin.
Odlu baxışını, şirin gülüşün,
Vüsala həvəsin yozaram, gülüm.
Gəl biz ayrılmayaq eşq səfərindən,
Hicrana dağ çəkək xoş zəfərindən.
Məcnun inciməsin, bu əməlimdən
Leylinin adını pozaram, gülüm.
Sarılıb boynuna, tutum qolundan,
Sevgi yağsın bütün sağı-solundan.
Xumar gözlərinin nurlu yolundan,
Gizlicə qəlbinə sızaram, gülüm.
Qəlbimdən köksünə atəş yayılsın,
Həsrəti yox edək, vüsal ayılsın.
Bu görüş əbədi sevgi sayılsın,
Vücuduna düşən güzaram ,gülüm.
Sevgi budağından qönçə gül dərim,
Çalınsın ahəstə vüsal zəfərim.
Könlümü könlünə namə göndərim,
Möhür vurmağına hazıram, gülüm.
Ürəyə mehmantək alasan məni,
Sevda alovuna salasan məni.
Belinə kəmərtək dolasan məni,
Vüsalın yolunu cızaram, gülüm.
Gecikmiş sevdanın bəxti açılsın,
Sevda günəşindən şəfəq saçılsın.
Əhdə sadiq qalaq, həsrət qaçılsın
Yolları gözümə düzərəm, gülüm.
Məlahətəm, sevdam olsun ərmağan,
Bulud kimi səmalardan nur yağan,
Saf eşqimiz alovlansın hər zaman,
Eşqin atəşinə dözərəm gülüm.
23.02.2025
DANIŞIM-DİNİM
Tək olmaq məxsusdu yalnız Allaha,
Sevgi-məhəbbətdə olub çox baha.
Çətinlik olsada həyatın üzü,
Qoşa yaşamağı düşünmə daha.
Ömür pillə-pillə sürür karvanın,
Artıq ötüb-keçib qoşalıq anım.
Əzəldən bəd gəldi zavallı bəxtim,
Nəbzini tutmadım heç vaxt zamanın.
Sevdalı yollarda çevrildi çarxım,
Gənclikdən bulandı saf gedən arxım.
Vuran elə vurdu öndən, arxadan,
Necə çabalayım, mən necə qalxım?
Alışdı ürəyim köz oldu sinəm,
Özümdə bilmirəm mən indi kiməm.
Ələndi başıma məhəbbət odu,
Bir söz də tapmadım, danışam, dinəm.
Məlahətəm, qəlbim qəmdən ağrıyır,
Həsrətli günlərim könül dağlıyır.
Qərarsız ötüşür ayım-illərim,
Qəlbimin yarası qaysaq bağlıyır.
12.06.2025
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


