Weather Data Source: havadurumuuzun.com

Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyevin təşəbbüsü ilə daha bir möhtəşəm idman tədbiri keçirilib

Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyevin təşəbbüsü ilə daha bir möhtəşəm idman tədbiri keçirilib

Azərbaycan Karate Federasiyasının rəhbərliyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı və Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyevin təşəbbüsü ilə daha bir möhtəşəm idman tədbiri keçirilib.

Tədbir öncəsi Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının prezidenti Şihan David Pickthall, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək onların xatirəsinə ehtiramlarını bildiriblər.

İki gün davam edən seminarda Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının prezidenti, 8-ci dan qara kəmər ustası Şihan David Pickthall iştirak edib. Seminar çərçivəsində 300-ə yaxın idmançı və məşqçi üçün ustad dərsləri keçirilib, iştirakçıların bilik və bacarıqları qiymətləndirilərək onlara müvafiq dan dərəcələri təqdim olunub.

Seminarın rəsmi açılış və bağlanış mərasimi 21 iyun tarixində Sərhədçi İdman Kompleksində baş tutub. Tədbirdə Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev çıxış edərək seminarın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, ölkəmizdə karate idman növünün inkişafı istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edən Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının prezidenti Şihan David Pickthall Azərbaycanda Kyokuşin karatenin inkişafından məmnunluğunu ifadə edib, ona göstərilən qonaqpərvərlik və səmimi münasibətə görə təşəkkürünü bildirib.

Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyev tədbirin təşkilinə dəstək göstərən Azərbaycan Karate Federasiyasına, Arpaçay İdman Birliyinə və bütün iştirakçılara minnətdarlığını çatdırıb.

Tədbir çərçivəsində fəxri qonaqlara diplom və xatirə hədiyyələri təqdim olunub, bədii hissə nümayiş etdirilib. Seminarın sonunda media nümayəndələrinə açıqlama verən Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev ölkədə idmana göstərilən dövlət qayğısından, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına verdiyi dəstəkdən bəhs edib.

Azərbaycan Karate Federasiyasının kontakt üsulları üzrə vitse-prezidenti Allahverdi müəllim də çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib.

İFK-Azərbaycanın rəsmi nümayəndəsi Elşad Əliyev isə seminarın uğurla keçdiyini, Beynəlxalq Federasiyanın rəhbərinin Bakıya səfərinin Azərbaycanda Kyokuşin karatenin inkişafının və beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayaraq, tədbirin təşkilinə dəstək verən bütün qurumlara, qonaqlara, məşqçilərə və idmançılara təşəkkürünü bildirib.

Bununla da Kyokuşin karate üzrə beynəlxalq seminar böyük uğurla başa çatıb və iştirakçılar üçün yaddaqalan idman bayramına çevrilib.

Top