Qasım bəy Zakir – Azərbaycanın klassik şairi

ADlNIN İZİ İLƏ – QASIM BƏY ZAKİR
Qasım bəy Zakir – Azərbaycanın klassik şairi
Klassik şairimiz Qasım bəy Zakir şücaəti və mərdanəliyi ilə beynimdə ilkən İmam Həsənin (əs) oğlu Cənab Qasımın gül camalı ilə assosiasiya olunur.Bəlkə də Qasımın ismini daşıdığından, yaşamı boyu ad haqqını verməkdən saqınmayan Zakiri bu cür anmağım əsl qanunauyğunluq kimi görülməlidir.Gəncənin seçkin şairi Ağa İsmayıl Zəbihin dillər əzbəri olan bir mərsiyəsindən hafizəmdə barındırdığım:
Fəryad o zamandan ki,
Şamə üsəra gəldi,
Həm Zeynəbü, həm Gülsüm,
Həm Zeynül-ibad gəldi.
Kim oldu şəhid əvvəl –
Abbas Ələm pərvər.
Ondan sonra kim oldu – Şahzadə Əli Əkbər,
Ondan sonra kim oldu –
Qasimi gül peykər,
Ondan sonra kim oldu –
Ləb təşnə Əli Əsgər
Kim oldu şəhid axır – Şahənşəhid bi yavər”
şeiri nədənsə Qasım bəy Zakirin nəfəsi ilə qulaqlarımda nəvalanır. Fikrimcə, burada məzur görüləsi bir durum yox. Çünki Qasım bəy Zakir şəcərəsi ilə bir Əhli-beyt aşiqi, şiə məzhəbinin övladı kimi doğulub.Türk oğlu türk, Əfşarlar boyundan gələn Cavanşirlər elindən pərvəriş tapan Qasım bəy Zakir 1780-ci ildə Cavanşir mahalının Sarıcalı obasında bu cahana təşrif buyurub.Bir sıra mənbələr şairin təvəllüd ilini miladi 1784-cü il göstərsə də, bu versiyanı doğru görmək mümkün deyil.Zira şairin 80 yaşına çatdığı haqqında məlumata elə öz şeirlərində rast gəlirik:
“Az qalıb həştadı tamam edim mən,
Sən indi yazırsan əhli-şər məni”
yaxud:
“Həştadə yetmişdi sinnü salımız,
Bu dövlətdə ağarmışdı yalımız,
Getdi dövlətimiz, mülki-malımız,
Nəxl təmənnamız kədər gətirdi…”
Bu misralardan əxz etdiyimiz kimi şair səksən yaşını haqlamışdı.Deməli, Rzaqulu bəy Vəzirovun hicri doğum ili kimi göstərdiyi – hicri 1204-cü il versiyasını doğru saymaq olmaz; əksinə Salman Mümtazın hicri – 1194-cü il variantı daha məqbuldur ki, o da miladi təqvimlə 1780-81-ci illərə tuş gəlir.
Şəcərəsi etibarilə Qasım bəy Zakir türk oğlu türkdür.
Cavanşir elinin əsli Türküstandan olan Oşirxan qəbilələrinə söykənir.Oşirxan Oğuz xanın ortancıl oğlu Yıldız, Ulduz xanın oğludur ki, Ovşar, yaxud Əfşar kimi aləmdə məşhurdurlar.Cavanşirlər Oşirxan ellərinin Sağ qol – yəni meymənə, Bəranğarlar isə Sol qol-yəni meysərə mənasına gəlir.
(Bəranğar, yaxud Bürranğar moğolcadır.Ordunun sağ qolu – meymənə, Sol qolu isə meysərə adlanır)
Cavanğarlar sülh vaxtında Xanın sağında oturduqları kimi, hərb çağında da ləşkərin sağ kəsimində yer alardılar.
Cavanşir eli Hülaki xanın özü ilə Türküstandan gətirdiyi 120 minlik qoşunun içərisində də vardı.Əmir Teymur dönəmində isə Kabula, Qəndəhara və Türküstana yenidən yayıldılar.Səfəvilər zamanı dövlətin əsas sütunları kimi çıxış etdilər. I Şah Abbas zamanında İbrahim Xəlil Ağa adlı rəislərinin başçılığı ilə Qarabağda və Səfəvilərdə məskən saldılar.Nadir şah onları (Baxmayaraq ki, öz boyundan idi) – lll İbrahim Xəlil xanı bölüyü ilə birgə Sürxəsə göndərtdi.Nadir şahın qətlindın sonra Loranda, Kabulda iqamət etdilər. III Pənah xan isə Kabuldan Qarabağ hüdudlarına gəldi.Şuşa qalasının binasını qoyan Pənahəli xan Pənahabad adı ilə öz adına sikkə çaldırtdı.
Klassik şairimiz Zakir otuz iki eldən ibarət olan Cavanşir elinin Sarıcalı oymağındandır.Öz dilindən eşitsən daha aydın olar:
Tanır məni məcmu otuz iki Cavanşir,
Bir mərdi-xoşəxlaqəm-ü-həm sahibi-tədbir.
Gerçəkdən də mərdliyinə mərdlik çatmazdı.İgidlik yarışı keçirilsəydi, neçə-neçə pəhləvanların dizini qatlayar, kürəyini yerə vurardı Zakir.Elə bu sayaq macəraları da az olmayıb.Rzaqulu bəy Vəzirovun yazdığına görə, polkovnik Miklaçevski sərkərdəliyi ilə Zaqatalaya gedən Qarabağ atlı qoşunun içərisində Zakir də varmış.Günlərin bir günü bir ləzgi tüfəngini düzəldib Miklaçevskini vurmaq istəyəndə Zakir atını səyridərək ləzginin tüfəngini açılmadan tutub əsir eləyir.Şairin atının kişnərtsi, cavan Zakirin mərdanə hayqırtısı – necə poetik mənzərədir.Şairimiz belə şeirdən uzaq epizodları, fəqət həyati olayları ömründə çox yaşayıb.Ucaboylu, alagözlü, xoş çöhrəli birisi kimi təzkirələrdən boy verən kimdir?
-Zakir!
“Təzkireyi-Nəvvabdan” oxuyuruq:
“Mərdibud xoş surət və səfid əndam bülənd bala və kəbud çeşm və Zakir təxəllüs daşt”
Kəbud çeşm – kəbud ərəbcə, göy, mavi, çeşm isə farsca göz deməkdir.
Deməli, alagözlü, açıq mavi gözlü olan Zakir həm də xoş sifətli imiş.
Şairin adı Qasım, atasının adı Əli, babasının adı Şahverən idi.Bəyzadə olduqlarından adının yanına bəylik izafə olunaraq Qasım bəy, Əli bəy, Şahverən bəy kimi çağırılırdılar.Zakirin üçüncü babası Səhləli Ağa lll Pənah xanın atası İbrahim Xəlil ağa ilə dost-doğma qardaşdılar.Səhləli ağanın oğlu da Pənah xanla birgə Sərxəsdən Qarabağa köçənlər arasında vardı.
Şairin təxəllüsü isə Zakir idi.Keçmiş əyyamlarda öz ustadına müqabil təxəllüs seçmək dəb idi.Nəimiyə görə Nəsimi, Fikriyə müqabil Zikri və s.Yaxın qohumu Baba bəy Şakiri ustadı seçən Zakir də təxəllüsünü məhz ona bənzətmişdi.
Zakir – ərəbcədən tərcümədə
1) Qeyd edən, deyən, xatırladan;
2) Zikr edən, təsbih və vird ilə məşğul olan;
3) Təkyələrdə zikr oxuyan.
Zakir özündən əvvəlki klassiklərin ardıcılı idi.Lap uşaqlıqdan Zakirin şeirlərini çox böyük şövqlə, həvəslə demişəm.Müəyyən mənada həmin şeirlər Vaqifin, Nəbatinin şeirləri ilə də səsləşir.
Qəzəllərində isə heç şübhəsiz ki, Füzulinin təsiri duyulur.Zakir ədəbiyyatımızın ən cəsur şairi statusunu almağa layiqdir.Qasım bəy başqa həmkarları kimi sözü ağzında gəvələməz, tənqidini birbaşa üzə deyərdi.Satirası, həcvləri məmurların, zalımların yeddi qatından keçər, necə deyərlər, dəymişləri dura-dura kalları tökülərdi.Bu səbəbdən də fürsət düşən kimi heyiflərini çıxar, öclərini alardılar.
“Doğru söz acı olar” zərbül-məsəli bu mənada Zakirə əsl başağrısına çevriləcəkdi.Amma təkcə başı ağrımayacaqdı, həm də ayaqları sürgün yolunun yağırını çıxaracaqdı.
“Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövlətü-malı;
Xandəmirov çaldı, çapdı mahalı,
O ki, var tutub özün keçəl qurumsaq”
Zakir təkcə keçəl qurumsaqlara, yarımsaqqallara – Xandəmirova, Əmirxanova deyil, darğalara, üləmaya, tacirlərə, baqqallara – əyri işini düz kimi cəmiyyətə sırıyanlara, bir manat üçün anasının əmcəyini kəsənlərə nifrət püskürürdü.
“Südü pozuqlara, zatı qırıqlara gərək yerini göstərəsən”- deyibən cəngə atılmışdı.
Bu cəngdə
“mən ölüm, sən ölüm” bilməmiş, öz yaxın qohumu, dostu olsa belə – Cəfərqulu xan Nəvanı, Mirzə Əbülqasım Qazini, Əmiraslanı və daha neçəsini tənqid atəşinə “qonaq eləmişdi”.Onlar da fürsəti fövtə verməyib, əllərinə imkan düşən kimi Zakirin başına oyun açırdılar.Şuşa qalasının polismeysteri Konstantin Tarxanov da Zakirdən yanıqlı idi.Köhnə ədavəti əldə əsas tutaraq Zakiri Bakıya sürgün etməyə, qardaşı oğlanları – Rüstəm bəyin öldürürlməsinə, Behbud bəyin həbsinə nail olmuşdu.
Naçar qalan Qasım bəy Zakir dostlarına məktublar yazır – Mirzə Fətəliyə, İsmayıl bəy Qutqaşınlıya, Mixail Petroviç Kolubyakinə, Rəhim bəy Uğurlubəyova və başqalarına ricada bulunur.Bu namələrə təkcə Uğurlubəyov və Axundzadə müsbət cavab verdilər.Onların köməyi ilə Zakir xilas oldu.Zakir bağışlanandan sonra daha üç ay Bakıda göz dustağı olaraq nəzarətə alındı.Sonrası da məlum: ağrılı, acılı, hüznlü ahıllıq illəri, zülmdən usanmaq, zillətdən bezikmək gözləyirdi şairi.
Nəvvab və Müctəhidzadə Zakirin vəfat tarixini hicri 1271 yazsalar da, hicri 1274-cü il – Salman Mümtazın variantı daha düzgündür.Məzarı uzun illər Şuşanın Qala qəbiristanlığında bilinsə də, 1925-ci ildə Mirzə Həsən məzarlığında olduğu təsbit edildi.
Qasım bəy Zakir lətif şeirləri ilə bu gün də oxunur.Gəraylıları, qoşmaları, müxəmməsləri, qəzəlləri ilə klassik irsimizin layiqli davamçısı kimi həm də satirik məktəbin özəyini qoyanlardandır. Nəbatilər, Seyidlər, Sabirlər məhz bu məktəbin ən mahir müdavimləri kimi çağdaş dönəmdə mazimizdən boy verir.Mən isə Zakirin lətif, həzin şeirlərinin vurğunuyam.
“Sürmə çəksin gözlərinə, qaşına,
Gündə min yol mən dolanım başına,
Zakirtək yanmağa eşq atəşinə,
Cürəti var isə pərvanə gəlsin” – deyən
Zakir şeiriyyatımızın başına pərvanə kimi dolanmağı zatən adət eləmişdir – mərdliyi, kişiliyi, ərliyi, ərənliyi ilə…
Bu yığvalı seçənləri, adının izinə düşüb gedənləri məhz belə aqibət, bu cür tale gözləmirmi?!
İsmini İmam Həsənin (əs) ciyərparası Qasimi gül peykərdən – gül yanaqlı Kərbəla şəhidindən alan Qasım bəy Zakirə Məhərrəm ayının ilk günlərində məhz bu sözləri deməyim gəlir:
Adına və adamlığına min dəfə mərhəba!
(Yazımda Salman Mümtazın, Rzaqulu bəy Vəzirovun, Mir Möhsün Nəvvabın faktlarına və şairin yaradıcılığına söykənmişəm)
21 iyun 2026-cı il,
Bakı.

Müəllif: Turan Uğur
AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


