Weather Data Source: havadurumuuzun.com

ZAUR USTAC: ƏDƏBİYYAT VƏ JURNALİSTİKA SAHƏLƏRİNİN LAYİQLİ USTADI

ZAUR USTAC: ƏDƏBİYYAT VƏ JURNALİSTİKA SAHƏLƏRİNİN LAYİQLİ USTADI
(Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, yazıçı-publisist, şair Zaur Ustaca ithaf olunur!)

Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndələrindən biri də yazıçı-publisist və şair Zaur Ustacdır.

Qısa bioqrafik məlumat:
Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu): 08 yanvar 1975-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir və naşirdir.
1988-ci ildən bu günə qədər müntəzəm çap olunur. Hal-hazırda hər həftə ən azı iki ənənəvi mətbu orqanda çıxış edir.
Ədəbi mühitdə “Zaur Ustac” təxəllüsü ilə çıxış edən bu dəyərli yazar “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Turan Ödülü” və Turan Yazarlar Birliyinin “Hüseyn Cavid” Ödülü laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019-cu ildən Prezident təqaüdçüsüdür.
Zaur Ustac 50-dən artıq kitabın müəllifidir. 2019-20-ci tədris ilindən etibarən məktəbəhazırlıq qruplarında tədris olunur.
“Oxu” və “Hesab” onun şerləri əsasında hazırlanmış metodik vəsaitlə öyrədilir. Son zamanlar 9 cilddən ibarət seçilmiş əsərlərinin nəşrinə başlanılıb. Həmin məcmuənin birinci, ikinci və üçüncü cildləri artıq nəşr olunmuşdur.
Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndəsi olan Zaur Ustacın əhəmiyyətli əsərləri sırasında dəfələrlə təkrar nəşr edilmiş “Əliş və Anna” və “Oriyentir ulduzu” kitablarını göstərmək olar.
Bundan əlavə müəllifin “Günaydın”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Qəlbimin açıqcası” və “45” kimi şeirlər, “Məktəbə hazırlaşırıq” və “39 Həftə” (ingilis dili proqramı) kimi metodik vəsaitləri göstərmək mümkündür. Ümumiyyətlə, Zaur Ustac ölkə mətbuatında davamlı olaraq həm publisist yazıları, həm şeirləri, həm də nəsr və hekayə nümunələri ilə çıxış edən tanınmış yazarlardan biridir.

“Ustac” təxəllüsü barədə izahlar…
Bir çoxları Zaur müəllimin istifadə etdiyi “Ustac” təxəllüsünü “Ustad” (işini bilən mahir adam və müəllim, eləcə də yaradıcılıq sahəsində söz və qələmi ilə ustalıq) mənasında olduğunu təsəvvür edirlər. Lakin Zaur Ustac istər ədəbiyyat, istər müəllimlik, istərsə də jurnalistika sahəsində sözün həqiqi mənasında işini bilən, mahir bir ustad və müəllim olsa da, özündən əldə etdiyim məlumata əsasən, bu təxəllüs onun soykökü, həm ata, həm də ana tərəfindən Ustaclı tayfasına mənsubiyyəti ilə əlaqədardır.
Zaur Ustac bunu müxtəlif şeirlərində, xüsusilə də “Əcdadı anmaq” adlı şeirinin ilk misralarında dilə gətirmiş və qələmə almışdir:
“Ustaclıyam, əlim ərşi-əlada,
Bu nə sitəm, millətim nə bəlada!?”
Bundan əlavə, onun digər şeirlərində “Ustaclıyam”, “Ustaclı oğluyam”, “Şah babam”, “Şah İsmayıl silahdaşı” kimi ifadələr mövcuddur. Məlumat üçün qeyd etmək lazımdır ki, Ustaclı və ya Ustaclılar – Səfəvi İmperiyasının yaranmasında və idarə olunmasında əsas rol oynamış aparıcı türk tayfalarından (Qızılbaş tayfalarından) biri olmuşdur. Onlar əsasən oğuzların Əfşar boyuna bağlı olan güclü və nüfuzlu bir el idi. Tarixi mənbələrə görə, Ustaclı eli əvvəlcə Kiçik Asiyada (Anadoluda) məskunlaşmış, Ərətna bəyliyi və Qazi Bürhanəddin hökuməti dönəmində siyasi nüfuz qazanmışdır. Sonradan Azərbaycana köçərək Səfəvi Dövlətinin qurulmasında həlledici qüvvəyə çevrilmişlər. Ustaclı tayfası həm hərbi yürüşlərdə ön sıralarda olmuş, həm də dövlətdə ali vəzifələr (bəylərbəyi, əmir, sərkərdə) tutmuşdur. Bu gün tanıdığımız Zaur Ustac da məhz həmin sülalənin ədəbiyyat sahəsində faydalı fəaliyyəti ilə tanınan bir dəyərli üzvüdür.

Subyektiv baxış:
Zaur Ustac adı gələndə şəxsən mənim zehnimdə bir fədakar, elinə, vətəninə, milli-mənəvi dəyərlərinə, milli kimliyi və dövlətçiliyinə bağlı olan bir ədib, eyni halda pedaqoq, hərbiçi zabit, peşəkar jurnalist və dəyərli qələm sahibi olan bir şəxsiyyət canlanır.
Bu gün çağdaş Azərbaycan ədəbi mühitində “Zaur Ustac” adı və təxəllüsü milli-ədəbi kimlik və missiyanı tərənnüm edir. Zaur Mustafayev bu təxəllüslə özünü bacarıqlı söz ustadı kimi təsbit etmiş, çağdaş Azərbaycan ədəbiyyatında milli ruhu və klassik ənənəni müasir düşüncə ilə birləşdirməyi bacaran bir peşəkar yazar və şair kimi tanınmışdır.
Zaur Ustacın istər publisist yazıları, istərsə də poeziya nümunələrində yurdun, elin, vətənin, milli kimliyin, milli-mənəvi dəyərlərin təbliği açıq-aydın şəkildə müşahidə olunur. Bütün bunlar oxucuda məsuliyyət hissini yaradır, eyni halda ölkə vətəndaşları arasında milli ruhun qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət göstərir.
Onun fəaliyyətinə diqqət yetirdikdə, bütün sahələrdə bacarıqlı insan kimi həyatda çoxşaxəli bir şəxsiyyət olduğunu söyləmək olar. Yazıçılıq, nəsr, poeziya və publisistika, həmçinin, jurnalistika sahələri ilə yanaşı həm də hərbiçi olması bunun əyani sübutudur.
Zaur Ustac ədəbiyyat sahəsində yaradıcı insan və parlaq imza sahibidir. Onun jurnalistik fəaliyyəti isə bəzi “jurnalist”lərin xoşagəlməz “fəaliyyət”i və qeyri-etik davranışının əksinə olaraq büsbütün səmimiyyət, etika və yaxşı niyyətləri özündə ehtiva edir. Bu da onun ilk əvvəldən qələmə müqəddəs gözlə baxışı və yanaşmasından irəli gələn məsələdir.
Öz milli kimliyi, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyi ilə yanaşı Ulu Tanrıya bağlı olan saf qəlbli bir insan, dəyərli eloğlu və ləyaqətli vətəndaşdır.
Zaur Ustacın digər önəmli xüsusiyyətlərindən biri də onun ədəbiyyat və jurnalistika sahələrində saflığı və səmimiyyətindən ibarətdir. Özü ruhən (daxilən) və eləcə də zahirən bir enerjili gənc olsa da hər zaman ədəbiyyat və jurnalsitika sahələrində olan gənclərə təmənnasız şəkildə dəstək olur. Onun təsisçisi və baş redaktoru olduğu mətbu orqan nəzdində təsis etdiyi və yazarlara mənəvi dəstək hədəfi ilə pulsuz-parasız və təmənnasız olaraq təqdim və təltif etdiyi “Ziyadar” və s. kimi mükafatlar bunun bariz nümunələrindən biridir. Halbuki bir çoxları belə mükafatları və hətta, sadə bir fəxri fərmanı pul qarşılığında ayrı-ayrı yazarlara təqdim edir, üstəlik bəzən qarşı tərəfə minnət də qoyurlar… Lakin öz yüksək mədəniyyəti, səmimiyyəti və saflığı ilə tanınan və hörmətə layiq görülən Zaur müəllim belə işlər və davranışlardan uzaqdır.
Bu dəyərli yazıçı-publisist başqalarına dəstək olmaq və başqalarının parlamasından əsla narahat olmur, əksinə bundan daha çox sevinir və zövq alır. Məşhur fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssam Viktor Hüqoya (1802-1885) aid edilən məşhur bir cümlə var: “Öz işığına güvənən başqasının parlamasından narahat olmaz…”
Zaur müəllim də özü işıqlı və aydın, eyni halda uğurlu bir yazıçı-publisist, şair və jurnalist olduğundan başqalarının parlamasından əsla narahat olmur, həm də başqalarının uğur qazanması və parlamasına dəstək olur.
Zaur Ustacın yaradıcılığı və qələm sahəsində fəaliyyətini diqqətlə araşdırdıqda, onun sözün həqiqi mənasında həm ədəbiyyat, həm də jurnalistika sahələrinin dəyərli və ləyaqətli ustadı olduğunu söyləmək olar. Lakin bütün deyilənlərin fövqündə yer alan ayrı bir məsələ də var. Həmin məsələ isə Zaur Ustacın ədəbiyyat sahəsində söz və qələm bacarığı ilə yanaşı ədəbiyyat ifadəsinin əsası olan ədəb, etika, əxlaq və insani dəyərlərin daşıyıcısı olmasıdır. Əslində insan həyatda bacarıqlı şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi olmaqla yanaşı yalnız yüksək ədəb-ərkan, etika və mədəniyyət sahibi olduqca ətrafına, cəmiyyətə və bəzən bütün dünyaya aydınlıq və ziya bəxş etməyi bacarır. Bu olmadıqda isə görülən bütün işlər və yazılan bütün bədii ədəbiyyat nümunələri zaman ötüşündə unudulub yaddaşlardan silinir…
Zaur Ustacın zəngin, maraqlı və çoxşaxəli olan poeziya dünyasının da öz yeri və öz tərifi var. Onun müxtəlif mövular və fərqli (heca, sərbəst və s.) formalarda qələmə aldığı şeirlər bir-birindən gözəl, yetərli və mənalıdır. Şeirlərində sadəliklə yanaşı, insan ruhuna xüsusi cəsarət, şövq gətirən amili hiss etmək mümkündür.

Arzu və diləklər:
Ulu Tanrıdan çağdaş Azərbaycan ədəbi mühitinin belə bir dəyərli yazarı, eyni halda maarifpərvər insanı olan şair-publisist Zaur Ustac müəllimə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində yeni-yeni uğurlar və daha uca zirvələr diləyirəm!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
23.06.2026

Top