Laçının Turşsu bulağında unudulmaz görüş

Laçının Turşsu bulağında unudulmaz görüş
Azərbaycanın füsunkar təbiətə malik bölgələri sırasında Laçın rayonu özünəməxsus yer tutur. İllərlə işğal altında qaldıqdan sonra yenidən dirçələn bu qədim yurd bu gün öz gözəlliyi, saf təbiəti və tarixi məkanları ilə ziyarətçiləri valeh edir. Laçının ən məşhur təbiət abidələrindən biri olan Turşsu bulağı isə bölgənin əsl incilərindən hesab olunur.
Bu günlərdə Laçına səfər etmək və Turşsu bulağını ziyarət etmək mənə də qismət oldu. Dağların qoynunda yerləşən bu möcüzəvi məkan ilk baxışdan insanı özünə heyran edir. Ətrafı sıx meşələrlə, yaşıl örtüklə əhatə olunan bulağın səsi sanki təbiətin öz musiqisini xatırladır. Yerin dərinliklərindən qaynayan mineral tərkibli su əsrlər boyu insanların sağlamlığına fayda vermiş, Turşsunu ölkənin ən məşhur bulaqlarından birinə çevirmişdir.
Turşsu bulağının ən maraqlı xüsusiyyətlərindən biri onun qeyri-adi fəaliyyət mexanizmidir. Yerli sakinlərin və ziyarətçilərin müşahidələrinə görə, bulaq təxminən hər bir saatdan bir fəallaşır. Əvvəlcə yerin dərinliklərindən gələn gurultuya bənzər səs eşidilir, sonra bulaq coşaraq qaynamağa başlayır və təxminən 7 dəqiqə ərzində bol su verir. Bu mənzərəni izləmək olduqca maraqlıdır. Suyun qəfil fəallaşması və qısa müddətdən sonra yenidən sakitləşməsi Turşsu bulağını digər bulaqlardan fərqləndirən təbii hadisələrdən biridir.
Səfər zamanı “Yazarlar.az” saytının rəhbəri Zaur Ustac ilə tanış olmaq da mənim üçün xoş təsadüf oldu. Səmimi söhbət zamanı Laçının təbiəti, Qarabağın dirçəlişi və ədəbiyyatın cəmiyyətdəki rolu haqqında maraqlı fikir mübadiləsi apardıq. Bu görüş səfərimin yadda qalan məqamlarından biri oldu.
Turşsu bulağının ətrafında gəzdikcə insan özünü təbiətlə vəhdətdə hiss edir. Dağ havasının təmizliyi, bulaq suyunun şəffaflığı və ətraf mənzərənin gözəlliyi burada olan hər kəsdə dərin təəssürat yaradır. Bu yerlər yalnız istirahət üçün deyil, həm də insanın mənəvi rahatlıq tapması üçün əvəzsiz məkandır.
https://youtube.com/shorts/v3IIoiC2gGw?si=U58S3Qu1gbOAWPOE
Laçın səfəri mənim yaddaşımda həm Turşsu bulağının möhtəşəm gözəlliyi, onun saatbasaat coşaraq 7 dəqiqə ərzində bol su verməsi kimi maraqlı təbii xüsusiyyəti, həm də Zaur Ustac kimi ziyalı bir insanla tanışlıq baxımından xüsusi yer tutacaq. Əminəm ki, Turşsu bulağı gələcəkdə Azərbaycanın ən çox ziyarət olunan təbiət məkanlarından birinə çevriləcəkdir.
Müəllif: Fəzail RZAQULİYEV,
Müstəqil psixoloq
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


