Weather Data Source: havadurumuuzun.com

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ PHI GALLERY-DƏ KEÇİRİLDİ

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ PHI GALLERY-DƏ KEÇİRİLDİ

21 iyun 2026-cı il tarixində Şəhərsalma və Memarlıq İli çərçivəsində Phi Gallery-də “Zamanın izi ilə təxəyyüldə” adlı sərgi keçirilmişdir. Tədbir “Təxəyyül Art Group”un təşəbbüsü və təşkilatçılığı, qrup rəhbərləri Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın rəhbərliyi, Azərbaycan Xalçaçıları İctimai Birliyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Açılış nitqi ilə çıxış edən qrup rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə sərginin ideyası, məqsədi və əhəmiyyəti barədə məlumat vermiş, layihənin həyata keçirilməsində əməyi olan qurumlara, iştirakçılara və qonaqlara minnətdarlığını ifadə etmişdir.
Proqram çərçivəsində Cəmilə Əsgərovanın hazırladığı, Memarlıq və Şəhərsalma İlinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir. Filmin mətni qrupun nəğməkar şairi Elşən Sabiroğlu tərəfindən səsləndirilmişdir.
Qrupun müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova iştirakçıları salamlayaraq qonaqları çıxışa dəvət etmişdir. Tədbirdə çıxış edən Gülağa Ələsgərov, Mirfatma Mirbabaqızı, Hacı Əhmədov, Qənirə Əsgərova, Günay Əsgərova, Fərrux Qasımov, Rəsmiyyə Səmədova və Səma Əmirova sərginin mədəni əhəmiyyətindən bəhs etmiş, təşkilatçıları və iştirakçıları təbrik etmişlər.
Bədii hissədə Aidə Telmanqızı və Mirfatma Mirbabaqızının səsləndirdikləri şeirlər proqramın ədəbi hissəsini zənginləşdirmişdir.
Tədbirin diqqətçəkən məqamlarından biri modelyer-dizayner Vüsalə Əsədovanın “Şəhərin tarixi” adlı milli geyim kolleksiyasının təqdimatı olmuşdur. Tarixi motivlərlə müasir bədii yanaşmanın vəhdətini əks etdirən kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Defilədə Rübab Hüseynli, Həsən Hüseynli, Cəmilə Əsgərova, Ləman Əsədli, Nigar Əsgərzadə, Sevda Bayramlı və Məryəm Əsgərova iştirak etmişlər.
Sərgi ekspozisiyasında nümayiş etdirilən əsərlər mövzu müxtəlifliyi, zəngin rəng həlli və fərdi yaradıcılıq üslubları ilə seçilmişdir. Sərgi iştirakçılarının təqdim etdiyi əsərlər tamaşaçılarda böyük maraq doğurmuş, incəsənətsevərlər müəlliflərlə yaxından ünsiyyət qurmaq imkanı əldə etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, aktyor, şoumen və naşir Bəhram Bağırzadə, eləcə də mədəniyyət və incəsənət nümayəndələri iştirak etmiş, sərgi ilə yaxından tanış olmuşlar.
Musiqi proqramı çərçivəsində Vüsalə Yunusova fortepianoda çıxış etmiş, Aynur Yunusova görkəmli bəstəkar Niyazinin “Arzu” romansını ifa etmişdir. Qrup üzvlərinin musiqi nömrələri və qrupun xoreoqrafı Rasimə Əhmədovanın “Sarı gəlin” xalq mahnısının müşayiəti ilə təqdim etdiyi rəqs kompozisiyası tədbirə xüsusi bədii ovqat bəxş etmişdir.
Tədbirin sonunda sərgi iştirakçılarına və Phi Gallery-nin əməkdaşları Hüseyn Həsənova və Zeynəb Əlibəyliyə sertifikatlar təqdim olunmuş, fotoqraf Nofəl Ümid tərəfindən xatirə fotoları çəkilmişdir:

Video:

“Zamanın izi ilə təxəyyüldə” sərgisi müxtəlif yaradıcılıq istiqamətlərini bir araya gətirərək milli-mədəni irsin, memarlıq ənənələrinin və müasir incəsənət düşüncəsinin vəhdətini nümayiş etdirmiş, iştirakçılar və qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Məqaləni hazırladı: Vüsalə Yunusova
Foto: Nofəl Ümid
Video: Olqa Müftiyeva
Məqaləni saytlarda yerləşdirdilər: Zaur UstacCəmilə Əsgərova

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Top