Weather Data Source: havadurumuuzun.com

“Qışın boranını, buz bulağını, Baharda oyanan baxça-bağını…”

“Qışın boranını, buz bulağını,
Baharda oyanan baxça-bağını…”

Sevirəm yurdumun qışını da, yazını da. Qışın sərt şaxtasında da, dağların zirvəsini bürüyən ağ örpəkdə də bir əzəmət, bir məğrurluq görürəm. Qarlı dağlar sanki əsrlərin keşiyini çəkən müdrik ağsaqqallar kimi Vətənimizin keşiyində dayanır. Buz bulaqların saf və şəffaf suları torpağın dərinliklərindən süzülərək xalqımızın təmizliyini, saflığını və mənəvi zənginliyini özündə əks etdirir.

Yaz gələndə isə yurdum yenidən canlanır. Torpaq oyanır, ağaclar tumurcuqlayır, çiçəklər açır, quşlar nəğmə oxuyur. Hər tərəf həyatın, sevincin və ümidin rənglərinə boyanır. Baharın gəlişi yalnız təbiətin deyil, insanların da qəlbini oyadır. Novruz tonqalları ətrafında toplaşan insanlar birlik, bərabərlik və həmrəylik duyğularını yenidən yaşayırlar.

Bu torpağın hər fəslinin öz gözəlliyi, öz hikməti var. Yayın qızmar günəşində yetişən bərəkətli məhsullar, payızın qızılı rəngə boyanan meşələri, qışın ağ örpəyə bürünmüş dağları, yazın isə gül-çiçək açan bağları Azərbaycanın təbiətinin zənginliyindən xəbər verir. Təbiətin bu rəngarəngliyi xalqımızın xarakterində də öz əksini tapmışdır. Necə ki, təbiət hər fəsildə yenilənir, Azərbaycan xalqı da tarix boyu üzləşdiyi bütün çətinliklərdən güclənərək çıxmışdır.

Bu yurdun hər daşında bir tarix yatır. Qədim qalalar, məscidlər, körpülər, karvansaralar, məbədlər və abidələr minilliklərin yaddaşını yaşadır. Hər bir abidə xalqımızın yaratdığı böyük sivilizasiyanın, zəngin mədəniyyətin və dövlətçilik ənənələrinin canlı şahididir.

Mən bu yurdun yalnız təbiətini deyil, insanlarını da sevirəm. Çünki bu torpağın insanları mərdliyi, qonaqpərvərliyi, sədaqəti və humanizmi ilə seçilir. Azərbaycanın ən böyük sərvəti məhz onun insanlarıdır. Bu xalqın ürəyində mərhəmət, qəlbində Vətən sevgisi, ruhunda isə azadlıq eşqi yaşayır.

Sevirəm yurdumun hər nəfəsini, hər səsini, hər rəngini. Çünki bu torpaq əcdadlarımızın mirası, övladlarımızın isə gələcəyidir. Bu yurd bizim qürur mənbəyimiz, milli kimliyimiz və müqəddəs amalımızdır. Onu sevmək, qorumaq və inkişaf etdirmək hər birimizin vicdan borcudur.

Sevirəm yurdumun yaylaqlarını,
Çiçəkli düzünü, yaşıl dağlarını.
Səhərin şəfəqlə açılan çağını,
Axşamın sakitlik gətirən anını.

Bu yurdun səması mənə həmişə sonsuzluğu xatırladır. Xəzərin mavi sularından uca dağların zirvələrinədək uzanan bu gözəlliklər Yaradanın xalqımıza bəxş etdiyi ən qiymətli nemətlərdəndir. Hər səhər doğan günəş bu torpağın üzərinə nur saçdıqca, sanki tarix yenidən canlanır, keçmişin izləri gələcəyin ümidlərinə çevrilir.

Azərbaycan yalnız coğrafi məkan deyil, bir ruhdur, bir duyğudur, bir taledir. Bu ruh Nizaminin hikmətində, Füzulinin sözündə, Xətainin qılıncında, Üzeyirin musiqisində, Vurğunun misralarında yaşayır. Əsrlər boyu bu torpaq elm, mədəniyyət, qəhrəmanlıq və insanlıq məktəbi olmuşdur.

Mən Qarabağın azad nəfəsini sevirəm. Şuşanın qayalarından yüksələn muğam səsini, Cıdır düzünün əzəmətini, Xankəndinin yenidən dirçələn həyatını sevirəm. Bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu bizə daim xatırladır ki, Vətən sevgisi sözlə deyil, əməllə yaşadılır.

Sevirəm kəndlərin samovar qoxuyan səhərlərini, şəhərlərin işıqlı gecələrini, ana laylalarında yaşanan sevgini, ağsaqqal nəsihətlərində gizlənən müdrikliyi. Sevirəm elin-obanın toyunu, bayramını, sevincini və kədərini bölüşən insanlarını. Çünki xalqı yaşadan onun birlik ruhu, mənəvi dəyərləri və milli yaddaşıdır.

Bu gün Azərbaycanın hər yerində yüksələn quruculuq işləri, elmə, təhsilə və mədəniyyətə verilən dəyər gələcəyimizin daha parlaq olacağından xəbər verir. Gənc nəsil öz köklərinə bağlı olduqca, milli dəyərlərimizi yaşatdıqca bu dövlət daha da güclənəcək, daha da inkişaf edəcəkdir.

Vətən sevgisi insanın ürəyində yanan elə bir məşəldir ki, zaman keçdikcə sönmür, əksinə daha da alovlanır. Bu sevgi bizi bir millət, bir xalq, bir dövlət kimi birləşdirir. Bu sevgi bizi tariximizə bağlayır, gələcəyimizə aparır.

Sevirəm yurdumun dörd bir yanını,
Payızda tökülən hər yarpağını,
Qışın boranını, buz bulağını,
Baharda oyanan baxça-bağını…

Sevirəm Azərbaycanı – dünənim, bu günüm və sabahım olan müqəddəs Vətənimi.

(Davamı var)
Müəllif hüquqları qorunur.
Pərvanə Salmanqızı
Jurnalist, şairə,araşdırmaçı yazar.

Top