Bu gün POEZİYA Günüdür!

5 İYUN POEZİYA GÜNÜNÜZ MÜBARƏK!
Əziz və dəyərli dostlar!
Bu gün POEZİYA Günüdür!
Bu da o deməkdir ki, bu gün şairlərin, bədii qiraətçilərin, poeziyasevərlərin, şeirsevərlərin günüdür.
Bütün qələm dostlarımı, həmkarlarımı bu gözəl gün, özəl gün münasibəti ilə təbrik edirəm! Qələminiz iti, sözünüz kəsərli, təbiniz rəvan, ilhamınız daim çağlar olsun!
Qələm ancaq sözdən yazar…..
“ŞAİRLƏR”
Şair sözə əkinçidir,
Əkdiyindən şeir bitir.
Ay sözün “ilham pərisi”,
Mənə də bir səda gətir.
Bir sözün xətrinə şair,
Torpaq qazar, göyə qalxar.
Səmalarda aya dönər,
Yerə Günəş kimi baxar.
Sözlə qaya çapar şair,
Tökər qələmin gücünü.
Şair sözün yolçusudur,
Sözlə doludur xurcunu.
Dəryadı, dənizdi təbi,
Ləpələnir sakit, coşmur.
Şairlər Allah adamı,
Şairlər yalan danışmır.
Şair sözə bəzəy vurar,
Şair sözün nazın çəkər.
Çəkilər öz dünyasına,
Bu dünyadan gözün çəkər.
Söz şairin ruh yeridir,
Söz şairin güman yeri.
Şairin gözü tox olur,
Qələmidir uman yeri.
Hörmətlə: Vüsal Ağa
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


