Murad Məmmədovun yeni şeirləri
HƏRDƏN…
Söz veririk utanmırıq,
Yox deməyə utanırıq.
Aldatmaqdan usanmırıq,
Düz olmaqdan usanırıq.
***
Döşəyirik hapdan-gopdan,
Yorulmuruq boş-boş gapdan.
Yapışırıq çürük sapdan,
Boğulanda tez qanırıq.
***
Güc çatanı dişləyirik,
Çatmayanı kişləyirik,
Yüz bir qələt işləyirik,
Gizləyirik, hey danırıq.
***
Yüzdən biri hərdən qanır,
Hisslərini boğur, danır.
Qoltuğumuz qarpızlanır,
Özümüzü dağ sanırıq.
***
Dərd çəkirik beyin bişir,
Onda düşür haray-həşir.
Canımıza lərzə düşür,
Gah qızırıq, gah donuruq.
***
Ağlımızı şeytan alır,
Hey aldadır tora salır.
Beynimizdə zurna çalır,
Alışırıq, oddanırıq.
İNSAN QOCALANDA
Az dinər danışar əhli-hal olar,
İnsan qocalanda, ləngər itəndə.
Quruyar, maçıyar hərdən lal olar,
Sözü qurtaranda, sözü bitəndə.
***
Ağlından yüz xəyal , yüz fikir keçər,
Nə olsun , birinin sonuna çatmaz.
Yüz ölçər üstündə doğrayar, biçər,
Nə özü geyinər , nə sənə satmaz.
***
Tanrıdan hey umar , mərhəmət gözlər,
Hər doğan sabahı ümidlə açar.
Ömrünü gah sevinc , gah kədər izlər,
Gözləri yol çəkər , hey səndən qaçar.
***
Soruşsan dərdini, dillənməz, baxar,
Bəlkə də inciyər qınaqlarından.
Hərdən gözü dolar, sel kimi axar,
Dolar ürəyinə yanaqlarından.
***
Üzünə boylanar körpə uşaq tək,
Nə gülər, sevinər, nə giley eylər.
Başını sığalla, üzünə əl çək,
Qoy Tanrı sevinsin, gül açsın göylər.
***
Hündürdən danışma, qəlbinə dəyər,
Göy ağlar, yer ağlar, mələklər dinər.
Cavana can desən bir sağ ol deyər,
Qocaya can desən Allah sevinər.
QOCALASAN
Sənə yaxın ola, səni döyməyə,
Nə zaman, nə də ki çağ, qocalasan.
Nəvə-nəticədən səni öyməyə
Salasan ətirli bağ, qocalasan.
***
Tam sağlam olasan, rəngin solmaya,
Yatasan, durasan ağrın olmaya.
Tanrı möhlət verə dərdə salmaya,
Gümrah qocalasan, sağ qocalasan.
***
Sıxıntın olmaya qoyulan addan,
Pis, bədnam nəsildən, nə də soyaddan,
Nə yardan çəkəsən, nə də övladdan,
Taleyi, qisməti ağ qocalasan
***
Qışı unudasan, ömrün yaz ola,
Sevib seviləsən, dərdin naz ola,
Çiynində çəkdiyin yükün az ola,
Özünü sanasan dağ, qocalasan.
***
Səbrin bir dağ ola, aşıb-daşmaya,
Ay Murad, can-ciyər uzaqlaşmaya.
Huşun heç itməyə, ağlın çaşmaya,
Şeytana eyləyib lağ qocalasan.
YOXDUR
Bu dünyanın yüz adı var,
Niyəsə soyadı yoxdur.
Acı, şirin bir dadı var,
Köhnəsi, boyatı yoxdur.
***
Qucağında hey gəzdirər,
Gah güldürər, gah bezdirər.
Çəp baxarsan, bax, əzdirər,
Sevilən ovqatı yoxdur.
***
Ələyirsən hey ələnir,
Gah açılır, gah bələnir.
Oxuduqca təzələnir,
Köhnələsi qatı yoxdur.
***
Eyni ruhda, eyni səsdə,
Gah zildədi, gah da pəsdə.
Bir bütövdü kökü üstə,
Nə qırığı, çatı yoxdur.
***
Kimlərəsə küməsi dar,
Yorulanı həmən udar.
Yüzlərlə Koroğlusu var,
Düratı, Qıratı yoxdur.
***
Saylı gündə səni boğur,
Yüz xəmir qat, yüz də yoğur.
Nə doğulur, nə də doğur,
Törəməsi, zatı yoxdur.
GƏLİR
Kim duymursa gözəlliyi,
Kordu demək, yandan gəlir.
Yaşamağın özəlliyi,
Təmiz ruhdan, candan gəlir.
***
Yoxdusa da canda istək,
İnsan işlək olur tək-tək.
İşdən qorxmaq, işləməmək,
Şəcərədən, qandan gəlir.
***
Nə fərqi var oğlan, qızın,
Sağdı, soldu, iki gözün.
Alnındakı alın yazın,
Doğulduğun andan gəlir.
***
Əl tutmaqdan ləzzət almaq,
Yaxşı olub yaxşı qalmaq,
El-obaya bağlı olmaq,
Soydan, addan- sandan gəlir.
***
İstəmərəm ruhu yormaq,
Baş ağrıdıb xəyal qurmaq.
Sözə naxış, bəzək vurmaq,
Muraddan yox, ondan gəlir.
GÖRMƏDİM
(qoşma)
Dərdin dəryasında çox üzən gördüm,
Amma tərifləyən, öyən görmədim.
Dərdi sinəsinə çox düzən gördüm,
Sinəmə bəzəkdi deyən görmədim.
***
Yüz acı söz dedi, dinmədi , baxdı,
Elə bil nə sözü, nə dili yoxdu.
Qaynar ocaq kimi yandırdı, yaxdı,
Nə olsun, xətrinə dəyən görmədim.
***
Nə qədər qovsan da, başından aşır,
Böyründə, başında gəzir, dolaşır.
Ay Allah, nə sirrdir qaynayıb daşır,
Ağzını bağlayan, düyən görmədim.
***
Kim ki dərdə düşüb, canından bezib,
Yazıq neyləsin ki, bu dərdlə gəzib.
Ay Murad, qolunu- qıçını əzib,
Büküb ortasından əyən görmədim.
BU DÜNYANIN
Öz nəfsinə bəsdi deyib,
Tikəsini böləni var.
Abırını düyünləyib,
Ayaq üstə öləni var.
***
Yaşadığı yalan olan,
Çıxdığı yol dalan olan,
Neçə ömrü talan olan,
Göz yaşını siləni var.
***
Şimşək kimi hərdən çaxan,
Əyri-əyri gendən baxan,
Bir baxışda evlər yıxan,
Gözü divar dələni var.
***
Şeytan sevər hər çaşanı,
Allaha şərik qoşanı.
Şərin dalda danışanı,
Yalan üzə güləni var.
***
Köklə zili, köklə pəsi,
Fikirləşmə son nəfəsi,
Canın neçə yüz təpəsi,
Aşılmamış bələni var.
***
Göz gəzdir sən, yaxşı tanı,
Pis görünür,yaxşı hanı?!
Qara görmə bu dünyanı,
Qədir-qiymət biləni var.
***
Murad, döymə boş çanağı
Səhv qızardar al yanağı.
Ruhumuzun da qonağı,
Vallah gedib-gələni var.
QOŞMA
Azca seçiləsən, xətti keçməyə,
Adınla mahalda car olmayasan.
Qonaq yaxşı şeydi yeyib-içməyə,
Get-gəlin əlindən zar olmayasan.
***
Çox düşsən çətinə, çox düşsən dara,
Nə qohum, nə tanış gəlməsə kara,
Bir azca ağılın, bir azca para,
Ola ki, həyatda xar olmayasan.
***
Qızğın təpər ola hər an canında,
Ruhunda sərbəstlik, qeyrət qanında,
Günahın olmaya dostun yanında,
Dilin uzun ola, kar olmayasan.
***
Aşırı həyəcan ziyandı cana,
Ömrü çürüdərsən sən ondan yana.
O qədər güc verə, Allah insana,
Səbri, hövsələsi dar olmayasan.
***
Ay Murad, heç zaman mən varam demə,
Bu dünya ağlatdı, çox yıxdı kümə.
Gərək olmayanda gördün heç kimə,
Sakitcə köçəsən var olmayasan.
OLMASIN
Doğru, düzgün addım ataq,
Təpəmizdə daş olmasın!
Arzu-kama tezcə çataq,
Dilimizdə kaş olmasın!
***
Bütöv olaq sözümüzdə,
Səhv gəzməyək özümüzdə,
Ağrımayaq, üzümüzdə,
Gözümüzdə yaş olmasın!
***
Bir insanın dövlət-varı
Təmiz addı, bir də yarı.
Yarəb, bizi ondan qoru,
Əyri gəlib baş olmasın!
***
İnsan oğlu heyif almaz,
Bir xeyirdən, şərdən qalmaz.
Gözdən çaşlıq eyib olmaz,
Tək ağıldan çaş olmasın.
***
Süfrə varsa,fərqi yoxdu,
Təklif eylə acdı, toxdu.
Aşın cana xeyri çoxdu,
Murad, yağlı aş olmasın!
Müəllif: Murad MƏMMƏDOV
I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru