Weather Data Source: havadurumuuzun.com

Xüsusi Təyinatlı Qüvvələr Günü

Xüsusi Təyinatlı Qüvvələr Günü

Bu gün Azərbaycanın qəhrəmanlıq tarixində şərəf, igidlik, cəsarət və Vətən sevgisinin simvoluna çevrilən Xüsusi Təyinatlı Qüvvələrimizin günüdür. Bu müqəddəs gün yalnız hərbi birliyin yaranma tarixi deyil, həm də xalqımızın yenilməz ruhunun, polad iradəsinin və Vətənə sonsuz sədaqətinin təcəssümüdür.
Xüsusi Təyinatlı Qüvvələr – adını tarixə qızıl hərflərlə yazdıran, gecənin qaranlığında belə Vətənin sabahını qoruyan, ölümün gözünə dik baxaraq müqəddəs torpaqlarımız uğrunda savaşan qəhrəman oğullarımızdır. Onlar təkcə hərbçi deyil, xalqın qüruru, millətin güvən yeri, dövlətimizin sarsılmaz qalasıdır.
Azərbaycan əsgərinin şücaəti əsrlər boyu dastanlara çevrilmişdir. Lakin Xüsusi Təyinatlılarımız öz peşəkarlıqları, iradələri və qorxmazlıqları ilə bu qəhrəmanlıq salnaməsinə yeni bir tarix yazdılar. Xüsusilə Vətən Müharibəsində onların göstərdiyi misilsiz şücaət bütün dünyaya Azərbaycan oğlunun necə yenilməz bir ruha sahib olduğunu sübut etdi. Sıldırım qayaları aşan, keçilməz yolları keçən, ölümün üzərinə gedərək müqəddəs bayrağımızı zirvələrə sancan qəhrəmanlarımız xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Bu gün Xüsusi Təyinatlı Qüvvələrimizin hər bir üzvü sadəcə bir əsgər deyil, həm də Vətənin nəfəsi, xalqın duası, anaların qürurudur. Onların qətiyyəti bizə güc, inam və birlik ruhu verir. Çünki bu qəhrəmanlar sübut etdilər ki, Vətən sevgisi olan ürək qarşısında heç bir maneə dayana bilməz.
Şəhid olan qəhrəmanlarımızın müqəddəs ruhu qarşısında baş əyirik. Onlar canlarını Vətən torpağına əmanət edərək bizə azad sabahlar bəxş etdilər. Qazilərimiz isə xalqımızın canlı qəhrəmanlıq abidələridir. Hər biri Azərbaycan tarixinin yaşayan şərəf salnaməsidir.
Bu gün biz yalnız bir hərbi qurumu deyil, milli ruhumuzu, qəhrəmanlıq irsimizi və Azərbaycanın gücünü təntənə ilə qeyd edirik. Çünki Xüsusi Təyinatlı Qüvvələrimiz xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və ordumuzun peşəkarlığının ən ali nümunəsidir.
Rəbbim Vətənimizi qorusun, Ordumuzu daim qalib etsin. Bayrağımız daim yüksəklərdə dalğalansın. Azərbaycan əsgərinin ayaq dəydiyi hər torpaq müqəddəsdir, çünki o torpaqda şəhid qanı, qəhrəman nəfəsi və xalqın duası vardır.
Xüsusi Təyinatlı Qüvvələrimizin bütün igid oğullarını ürəkdən təbrik edir, hər birinə sağlamlıq, güc, qüvvət və yeni zəfərlər arzulayırıq.
Qəhrəmanlar unudulmur,
Vətən üçün yaşayanlar tarix yazır!

 

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist

Top