Weather Data Source: havadurumuuzun.com

“Türküstan” şeiri barədə ustad rəyi

“Türküstan” şeiri barədə ustad rəyi
Son zamanlar “Həməşəra” mətbu orqanı tərəfindən icra edilən “Turan ellərinin söz çələngi” adlı ədəbi-milli layihə çərçivəsində fəlsəfə üzrə fəlsəfə doktoru, AJB, AYB və TYB-nin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin “Türküstan” şeiri diqqət mərkəzində olmuşdur.
Həmin seirə münasibət bildirmiş ədəbiyyatşünas və ustad şairlərdən biri də Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, filoloq, pedaqoq, ədəbiyyatşünas, ədəbi təhlilçi, tənqidçi və şair Şəhla xanım Rəvandır. O, həmin şeirlə bağlı öz ürək sözlərini qələmə alaraq onu sosial şəbəkə üzərindən ədəbiyyat və poeziya əhli ilə bölüşmüşdür. Burada onun qələmə aldığı rəy təqdim olunur. Amma ilk öncə İlqar İsmayılzadənin şeiri ilə yaxından tanış olaq:

Türküstan

Baxıram uzaqdan ulu yurdlara,
Himalay, Sibirə, bir də Baykala.
Xəzərdən Qafqaza, Anadoluya,
Ordan da uzanan o Avropaya.
Qalxdıqca gözlərdən qəflət pərdəsi,
Görünür hər yerdə zəngin Türk irsi!

Burası Türküstan, Turan elləri,
Ərənlər diyarı, uğurlar yeri.
Möhtəşəm, önəmli dəyərləri var,
Zəfərlər qazanmış Hun ərləri var.
Tarixin yaşıdı bu ulu millət,
Qurmuş imperiyalar, yaratmış dövlət.

Mete Xan, Atilla, Alp Arslanı var,
Hikmət xəzinəsi – Dədə Qorqudu,
Baburu, Osmanı, Fatih Sultanı,
Sultan Süleymanı, Rəsulzadəsi,
Kamalı, Rəcəbi, Ulu Öndəri,
Tarixdə iz qoyan İlhamları var.

Türk olmaq fəxarət, ali dəyərdir,
Türk olmaq böyük bir mədəniyyətdir.
Türkün dəyərini mümkünmü saymaq?
İnan, çətin olar onları yazmaq.
Vətən, inanc, dövlət, bir də ki, bayraq.
Mərdlik və ərənlik, Türk üçün – əxlaq.

İlqar İsmayılzadə
Bakı şəhəri – 15.05.2021

Şeir haqqında rəy:
Əzizimiz və çox hörmət bəslədiyimiz İlqar İsmayılzadənin qələmə aldığı möhtəşəm “Türküstan” şeiri, türk ruhunun coğrafi sərhədlərini aşan əzəmətini və tarixi yaddaşımızı bədii dillə vəsf edən nadir nümunələrdən biridir.
Hörmətli İlqar müəllimin “Türküstan” adlı bu dəyərli şeiri ilə tanış olmaq mənim üçün böyük bir qürur və fərəh hissi oldu. Onun yazdığı hər misra türk xalqlarının minillik şanlı tarixindən süzülüb gələn bir hikmət, qəhrəmanlıq və birlik nidasıdır. İnanın ki, şeiri oxuduqca, inanılmaz bir duyğu yaşadım. Bilmirəm ki, buna sevincmi deyim, fərəhmi yoxsa qürurmu deyim? Buna görə də həmin şeir haqqında öz ürək sözlərimi yazmağı özümə borc bildim.
Bu əsər bir tərəfdən Himalaydan Avropaya qədər uzanan ulu bir coğrafiyanın vəsfidirsə, digər tərəfdən Mete Xandan İlham Əliyevə qədər davam edən böyük bir liderlik xəttinin və dövlətçilik ənənəsinin bədii təsdiqidir.
Şeirdəki “Vətən, inanc, dövlət, bir də ki, bayraq,
Mərdlik və ərənlik, Türk üçün – əxlaq” – misraları Türk fəlsəfəsinin və milli kimliyinin ən dürüst düsturudur.
İlqar İsmayılzadənin bir filosof və teoloq baxış bucağı ilə yazdığı bu sətirlər, oxucuda həm tarixi idrakı, həm də milli ruhu oyadır.
Mənə görə son günlər ərzində Cəlilabad ədəbi mühitinin nümayəndələri tərəfindən qələmə alınan və xüsusi layihə çərçivəsində “Həməşəra” mətbu orqanının rəsmi səhifəsində yayımlanan 25-ə yaxın türkçüllük, turançılıq və Turan məfkurəsinə aid şeirlərin hər biri “Hikmət xəzinəsi”, İlqar İsmayılzadənin məlum şeiri isə onların ən dəyərlisidir.
Əziz insan, “Düşüncə dəryası”!
Sizi belə ruhlu, kəsərli və birləşdirici bir əsəri ərsəyə gətirməniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Türk dünyasının mədəni və ədəbi irsinə verdiyiniz bu qiymətli töhfə üçün sizə dərin təşəkkürümü bildirirəm. Ulu Tanrıdan sizə can sağlığı, yaradıcılıq uğurları və Türk birliyi yolundakı fəaliyyətinizdə yeni-yeni zirvələr arzulayıram!
Qələminiz hər zaman iti, sözünüz kəsərli, ilhamınız bol olsun!

Dərin hörmət və ehtiramla:
Sizin daim dəyər verdiyiniz Şəhla Rəvan
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, Turan Yazarlar Birliyinin üzvü, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair
Göytəpə şəhəri – 15.04.2026

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top