Yorğun, ümidsiz qəlblərdə gəzərəm

****
Mən kədərəm,
İnsanları üzərəm,
Yorğun, ümidsiz qəlblərdə gəzərəm,
Ayrılıqdan, həsrətlərden bezərəm …
Mən həsrətəm,
Sevənlərin arasında yaşaram,
Aşiqləri ayırmağa qoşaram,
İztirabdan, acılardan coşaram …
Mən sevincəm,
Parlaram xoşbəxt gözlərdə,
Görünürəm daim gülən üzlərdə,
Yer alıram arzularda, sözlərdə …
Mən ümidəm,
Həyat eşqi verirəm,
Nikbin baxışlar içərisindəyəm,
İnsanları yaşamağa səslərəm …
Mən sevgiyəm,
Hər ürəkdə yerim var,
Rəngsiz dünya mənimlə əlvan boyanar,
Mənsiz həyat heç olar …
10.06.2022
****
Yazırsan yarımçıq, fikirlər dolmur,
Elə şeylər var ki, söyləmək olmur.
Dilə gətirməyə ürəyin qoymur,
Ürək söyləmirsə, şair neyləsin?
Qəlb dolu kədərlə, qəmlə büsbütün,
Sanki üzərində dünya var bütün…
Çox şeyi ifadə eləmək çətin,
Şair yazmayırsa, qələm neyləsin?
Yaşadığın həyat sənə dərs keçir,
Hər kəs bu dünyada əkdiyin biçir.
Biri səbr etməyib səhv yolu seçir,
Məğlub dayanırsa, həyat neyləsin?
29.03.2021
****
Bir şəhid rütbəsi var ki, əbədi qılar insanı,
Ən ali məqamdır bilin əsgərin şəhidlik anı.
Vətən eşqiylə var olar, Vətən eşqiylə can verər,
Torpağı müqəddəs bilər, çəksə də cövri-cəfanı.
Bir gündə yüksələr ərşə qoruyub Vətən torpağın,
İstiqlal uğruna yalnız sipər eyləyər ol canı.
Bu zirvə olmayır nəsib hər kəsə fani dünyada,
Elə bir zirvə ki, ağlar qoyar o cümlə-cahanı.
Baş veren qəzavü qədər əzəldən yazılmış gərək,
Acizəm təsəlli etməkdə gözü yaşlı ananı.
Sanki şəhadət üçündür doğulan bu qədər can,
Yüksəlir ərşi-əlaya o şəhadət zamanı.
Qoy müdam qərzimiz olsun, unutmarıq haşa biz,
Xar edək düşməni, qalmasın yerdə şəhidin qanı
ŞƏHİDİN SEVDİYİ
Soyuq qış gecəsi, o dəhşətli an,
Qızğın döyüşlərin getdiyi zaman
Oynadı mərmilər, toplar yerindən,
Ayırdı onları biri-birindən…
Günlərdi, gözləyir səssiz-səmirsiz
Sevdiyinin yolun xəbər-ətərsiz..
Vəfanın gözləri yolda qalmışdı,
Baxıb pəncərəyə fikrə dalmışdı.
Onların arzusu, ümidi vardı,
Hamısı bir anda puç olub qaldı…
Hələ evlənib toy quracaqdılar,
Birlikdə çox xoşbəxt olacaqdılar…
…O, son məktubunda yazırdı belə:
“Görüşə bilməsəm daha səninlə,
Əzizim, bağışla məni, nə olar,
Vətənin bizlərə ehtiyacı var…”
Həmin gün sevdiyi şəhid olmuşdu,
Hamı hüzn içində, sanki donmuşdu…
…Aradan nə qədər vaxt ötüşsə də,
Hər şeyə alışsa belə get-gedə,
Könlünü vermədi Vəfa kimsəyə,
Böyük ehtiramı var idi deyə
Sevdiyi insanın xatirəsinə,
Ömürlük yazmışdı onu qəlbinə.
Darıxanda gedər məzarı üstə,
Toplayıb əlində çiçək bir dəstə,
Yaşarar baxdıqca dolu gözləri,
Astadan duyular onun sözləri:
“Keçsə aylar, illər, ömrü uzunu
Sadiqin Vəfası unutmaz onu…”
27.07.2020
Şeirin müəllifi: “Mənim həzin duyğularım”, “Ümid çələngi” və “Zəfər işığında” adlı şeir kitablarının müəllifi-gənc şairə Rəşidə Arif
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


