Weather Data Source: havadurumuuzun.com

Nahidə Həndəmova haqqında

Zamanın Səsində Yaşayan
Nahidə Həndəmova İmzası

Bəzən bir səs insanı xəyal aləmində onilliklər əvvələ, ən təmiz, ən parlaq xatirələr dünyasına aparır. Bu, sadəcə musiqi deyil, ruhun keçmişlə görüşüdür. Son zamanlar dinləyicini sehrləyən, onu 80-ci illərin o məlahətli havasına qaytaran bir səs var. Bu səs bizə unudulmaz Şövkət Ələkbərovanın nəfəsini, onun sənətə olan sonsuz sevgisini xatırladır. Söhbət Azərbaycan musiqi sahəsində, mədəniyyəti və istedadı ilə seçilən nümayəndələrindən biri olan Nahidə Həndəmovadan gedir.
Nahidə Həndəmova Goranboy rayonunda dünyaya göz açmış, musiqi sahəsində erkən yaşlarından özünü təsdiq etmiş Azərbaycanın gənc və istedadlı xanəndələrindən biridir. Onun yaradıcılıq yolu Goranboyun mədəni mühitindən başlayaraq peşəkar musiqi səhnələrinə qədər uzanmışdır.
Sevimli sənətçimiz Nahidə xanım hələ orta məktəb illərindən ictimai fəallığı və musiqi istedadı ilə seçilmişdir. Məktəblərarası tədbirlərdə iştirak edərək yüksək nəticələr qazanmış, hələ kiçik yaşlarında respublika səviyyəli uşaq müsabiqələrində uğurlu çıxışları ilə diqqəti cəlb etmişdir.
Musiqiyə olan sonsuz marağı onu Azərbaycan Milli Konservatoriyasına gətirmişdir. O, burada peşəkar muğam və xalq musiqisi dərsləri alaraq öz ifaçılıq məharətini daha da təkmilləşdirmişdir.
Tələbəlik illəri Nahidə Həndəmova üçün olduqca məhsuldar keçmişdir. O, Azərbaycanın ən nüfuzlu musiqi yarışmalarından sayılan Cabbar Qaryağdıoğlu adına müsabiqənin və milli musiqi irsimizin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edən “Xarıbülbül” festivalının laureatı adını qazanmışdır.
Nahidə xanımı dinləyərkən göz önünə istər-istəməz Azərbaycan musiqisinin korifeyi Şövkət xanım Ələkbərova gəlir. Bu bənzərlik təsadüfi deyil. Üzeyir Hacıbəyov adına Konservatoriyanın məzunu olan Nahidə Həndəmova məhz Şövkət Ələkbərovanın sinfində sənətin sirlərinə yiyələnib. O, ustadından sadəcə ifa texnikasını deyil, həm də səhnə mədəniyyətini, tamaşaçıya olan hörməti və sənətin ali məsuliyyətini miras alıb.
Onun oxuduğu muğamlar, şikəstələr və təsniflər sanki ötən əsrin klassik sənət incilərinin müasir dövrdəki əks-sədasıdır. O, Sara Qədimova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Tükəzban İsmayılova kimi nəhənglərin yolunu davam etdirərək, adını Mələkxanım Əyyubova, Səkinə İsmayılova və Könül Xasıyeva kimi sənət fədailərinin sırasına yazdırmağı bacarıb.
O, əsasən muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi tanınır. Səs tembrinin zənginliyi və milli musiqi ənənələrinə sadiqliyi onu öz həmyaşıdları arasında fərqləndirən əsas amillərdəndir.
Deyirlər ki, istedad Tanrıdan gələn paydırsa, əxlaq və etika ailədən gələn tərbiyədir. Nahidə Həndəmovanın şəxsiyyətində bu iki cəhət mükəmməl şəkildə birləşir. Onun səhnə davranışı, təmkinli duruşu və tamaşaçı ilə qurduğu o görünməz, amma səmimi bağ müasir estradamızda nadir rast gəlinən hallardandır.
Nahidə xanım “ucuz populyarlıq” ardınca qaçmayan, sənətin ağırlığını çiyinlərində daşıyan bir ifaçıdır. Tamaşaçı onu sadəcə səsi ilə deyil, həm də ideal səhnə duruşu, xanımlığı və ağır təbiəti ilə xarakterizə edir.
Musiqi tənqidçiləri və sənətsevərlər bu fikirdədirlər ki, Nahidə Həndəmova sənəti yaşadacaq və sənətdə qalacaq səs sahiblərindəndir. Onun ifaları zamanın sınağından keçərək on illər sonra da eyni sevgi ilə dinləniləcək. Çünki o, kökü dərinlərə bağlı olan, lakin budaqları gələcəyə uzanan möhtəşəm çinar kimidir.


Nahidə xanımın səsi bizə təkcə keçmişi xatırlatmır, həm də milli musiqimizin gələcəyinin əmin əllərdə olduğuna ümid verir. Bu məlahətli səs hələ uzun illər qəlbləri riqqətə gətirəcək, Azərbaycan muğamının və mahnılarının saflığını qoruyub saxlayacaqdır.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Top