TURAN TARİXİNİN POETİK TƏSVİRİ

TURAN TARİXİNİN POETİK TƏSVİRİ
(“Qədim Turan eposu” kitabının təqdimatı)
Ustad Niftalı Göyçəlinin “Qədim Turan eposu” adlı kitabı Azərbaycan ədəbi mühitində işıq üzü görmüş önəmli bədii əsərlərdən biridir. Əsərin önəmi onun təkcə Odlar Yurdu Azərbaycanın deyil, ümumilikdə türklər və Turan ellərinin milli kimliyi və tarixindən bəhs etməsindən irəli gəlir. Bu qısa yazıda həmin dəyərli və qiymətli əsər barədə düşüncələrim və subyektiv baxışlarımı aşağıdakı formada qələmə almaq, onu əziz oxucularla bölüşmək istəyirəm…
Müəlliifin həyatı və yaradıcılığına qısa baxış:
Yusifov Niftalı Puta oğlu (Niftalı Göyçəli): 21 mart 1951-ci ildə bir zamanlar doğma Azərbaycan diyarının qərb hissəsində yerləşmiş Göyçə mahalının Basarkeçər rayonuun Babacan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən və hərbi xidmətdən tərxis olduqdan sonra 1974-cü ildə BDU-nun kitabxanaçılıq fakültəsinə (qiyabi) daxil olmuş, 1981-ci ildə oranı bitirərək kitabxanaçı-bibloqraf ixtisası üzrə ali təhsil haqqında diplomunu almışdır.
1976-cı ildən Şəki rayonuna köçməklə əvvəlcə kənd mədəniyyət evinin direktoru və iki il müddətində Səməd Vurğun adına rayon mədəniyyət evinin direktoru vəzifəsində işləmişdir.
1990-cı ildə ailəlikcə Bakı şəhərinə köçməklə 1992-ci ilə kimi ARDNŞ “Geofizikakəşfiyyat” idarəsində fond rəisi vəzifəsində işləmişdir. Tədqiqatçı, türkoloq, şair, aşıq, ədəbiyyatşünas və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hal-hazırda türk milli kimliyinin təbliğinə xidmət göstərən beynəlxalq səviyyəli Turan Yazarlar Birliyinin sədri, eyni halda Turan Xalq şairidir. Ömür-gün yoldaşı Məlahət xanım 2023-cü ildə dünyasını dəyişərək ədəbiyyətə qovuşmuşdur. Onların ailə həyatından 1 qızı, 2 oğlu, 7 nəvəsi və 1 nəticəsi var.
Ustad Niftalı Göyçəlinin indiyədək nəşr edilmiş kitabları sırasında 1. “Altun saçlı qərəman”, Bakı: 2000; 2. “İbrahim və Lilpar”, Bakı: 2002; 3. “Vətən sizə oğul dedi”, Bakı: 2011; 4. “Qədim Turan eposu”, Bakı: 2014; 5. “Bilqamıs – bəşəriyyətin ümumi eposudur”, Bakı: “Elm və təhsil”, 2015; 6. “Milli Qəhrəman Pəncəli”, Bakı: 2017 (Şəhriyar Seyidoğlu ilə ortaqlı); 7. “Göyçə ustadları” (antologiya), I hissə. Bakı: “Elm və təhsil”, 2017; 8. “Becan Qasımov – Göyçə xatirələri” (Bioqrafik povest). Bakı: “Elm və təhsil”, 2018; 9. “Miskin Abdal və Səfəvilər”, Bakı: “Elm və təhsil”, 2018 və 10. “Qazi” (Bioqrafik poema), Bakı: “Elm və təhsil”, 2025 kitablarını göstərmək olar.
Ustad Niftalı Göyçəli Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman siması, Turan sevdalısı olan ziyalı və müdrik şəxsiyyət, həmçinin, bərəkətli ömrünü xalqın “Şəxsiyyət vəsiqəsi” sayılan milli kimlik, tarix və mədəniyyət sahəsinə həsr etmiş fədakar bir insandır…
Kitabın ümumi məlumatı:
Kitabın ümumi məlumatı aşağıdakı kimidir:
Kitabın adı: “Qədim Turan eposu”
Müəllif: Niftalı Göyçəli
Redaktor: Həbib Ələkbərsoy
Məsləhətçi redaktor və ön söz müəllifi: Əlrza Amanbəyli
Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2014
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 208 səhifə.
Kitabın ön söz müəllifi Əlrza Amanbəylidir. Öz sözdən sonra Həbib Ələkbərsoylunun “Bu epos Türk xalqlarının bədii tarixidir” başlıqlı yer almışdır. Ardınca müəllifin türk xalqlarının tarixi və mədəniyyətini şeir üslubunda nəzmə çəkdiyi 14 dastan təqdim edilmişdir. Kitabın sonunda isə Türk bədii təfəkkürünün digər xalqlarda mövcud olmayan “Dodaqdəyməz” şeir növündən söz açılmış, bununla bağlı müxtəlif mövzularda qələmə alınmış bir neçə dodaqdəyməz təcnislər və qəzəllər göstərilmişdir.
Kitabın üz qabığında onun “I hissə” olduğu qeyd edilsə də, sonralar kitabın davamı nəşr edilməmişdir. Bu da onun ikinci hissəsinin müəlliflə yanaşı türkoloq alim, mərhum professor Ramiz Əsgərlə ortaq olaraq hazırlanmasına qərar verildiyi, lakin R.Əsgərin vəfatına görə müyəssər olmamasından irəli gəlmişdir. Bundan əlavə, kitabın arxa üzündə müəlliflə yanaşı mərhum Əlrza Amanbəylinin də fotoşəkili və qısa bioqrafik məlumatı yer almışdır. Bunun səbəbini Ustad Niftalı Göyçəlidən soruşduqda, onun bir güneyli milli fəal olaraq Xalq hərəkatı illərində Azərbaycana gəldiyi və adının təbliğ edilməsi məqsədi ilə bu formada kitabın arxa tərəfində fotoşəkili və məlumatlarının yerləşdirilməsinə qərar verildiyini bildirdi…
Kitabın ehtiva etdiyi mövzular:
Ustad Niftalı Göyçəlinin əsərləri arasında heç şübhəsiz ki, “Qədim Turan eposu” adlı kitabı mövzu, yazılış üslubu və mahiyyət baxımından daha önəmli və daha əhəmiyyətlidir. Kitabın əhəmiyyətli və önəmli olması onun təkcə Odlar Yurdu Azərbaycan deyil, ümumilikdə, Turan ellərinin bir-başa milli kimliyi, tarixi və mədəniyyəti mövzusuna aid olmasından, uyğun mövzunu poeziya (şeir) formasında qələmə almasından irəli gəlir.
Əslində ustad Niftalı Göyçəli Türk bədii ədəbiyyatında müasir dövrdə geniş səviyyədə epos janrına müraciət edən ilk şair olaraq təqdim edilir. Burada epos dedikdə, bir xalqın tarixi taleyi, qəhrəmanlıqları, adət-ənənələri və dünyagörüşünü geniş şəkildə əks etdirən, dastançılıq ənənəsinə əsaslanan nəhəng xalq folklor əsəri nəzərdə tutulur. Epos sadəcə bir hekayə deyil, bir millətin yaddaşı və epik düşüncə xəzinəsidir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə bununla bağlı oxuyuruq: “Epos: Yun. rəvayət səciyyəvi ədəbiyyat, dastan. Koroğlu eposu. Qəhrəmanlar eposu // Qəhrəmannamələr. dastanlar və s. Xalq yaradıcılığı əsərlərinin məcmusu, Qırğızların “Manas” eposu”. (Bax: “Azərbaycan dilinin izahlı lüğəti”, 2/31. “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2006).
Unutmamalıyıq ki, eposlar yalnız ədəbiyyat nümunəsi deyil, həm də milli yaddaşın daşıyıcısıdır. Eposlar xalqın qəhrəmanlarını, tarixi mübarizələri və mifik dünyagörüşünü əks etdirən bədii-ədəbi nümunələrdir. Eposlardan bir hissəsinin məlum və bəlli müəllfiləri olsa da, onlardan bir çoxu xalq yaradıcılığınün məhsuludur.
Dünyada qələmə alınmış bir sıra qədim eposlar mövcuddur. Bununla bağlı eradan əvvəl 12-7-ci əsrlərdə yaşadığı bildirilən qədim Yunan şairi Homer tərəfindən yazılmış, eyni halda Troya müharibəsi və qəhrəmanlıq hekayələrini özündə ehtiva etmiş “İliada” adlı antik yunan dastanı, həmçinin, onun tərəfindən ərsəyə gəlmiş “Odisseya” adlı digər kitab, qədim Hind ədəbiyyatının müəllifi bəlli olmayan, eyni halda qardaş müharibələri və dini-fəlsəfi ideyaları özündə ehtiva etmiş “Mahabharata” kitabı, tanınmış şair Əbül-Qasim Firdovsinin (940-1020) İranın qədim tarixi, qəhrəmanlıq və milli kimlikdən bəhs edən “Şahnamə” adlı əsəri və digər bu kimi nadir əsərləri göstərmək olar.
Bu izahlardan sonra haqqında danışılan kitaba qayıdırıq: Niftalı müəllimin 2014-cü ildə işıq üzü görmüş “Qədim Turan eposu” adlı məlum əsəri həmin sahədə yazılaraq ərsəyə gəlmiş ən bariz nümunədir. O, adıgedən əsərdə Turan ellərinin tarixini poetik formada nəzmə çəkmiş, Türk tarixini şeir formasında oxuculara çatdırmaqda böyük, həm də ilk olan uğur qazanmışdır. Həmin əsərdə epos janrına aid olan 14 dastan şeir formasında yer alır. Onlar aşağıdakılardan ibarətdir:
1. “Şumer dastanı”;
2. “Tatar dastanı”;
3. “Hun dastanı”;
4. “Çində hun tərəqqisi və xan dövlətləri”;
5. “Hunların şimal-şərqə axını”;
6. “Tapqaç xanın Çin səddini tikdirməsi”;
7. “Başqır-Çuvaş dastanı”;
8. “Kazax dastanı”;
9. “Yuran xan dastanı”;
10. “Peçenq Temir və Az Alpər dastanı”;
11. “Türkmən dastanı”;
12. “Özbək xan və Sallur dastanı”;
13. “Qırğız dastanı”;
14. Amerikanın yerli xalqına aid “Hundu dastanı”.
Məlumat üçün qeyd etmək lazımdır ki, təkcə son minillikdə deyil, ümumiyyətlə, türk kimliyi və tarixi dastanlarını belə bir geniş miqyasda və əhatəli ölçüdə nəzmə çəkən kimsə olmamışdır. Məhz bu baxımdan ustad Niftalının məlum əsəri Türk dünyasında, eyni halda dünya ədəbiyyatında ilkə atılmış bir imza kimi dəyərləndirilə bilər. Bunu təsdiq etmək üçün aşağıdakı məlumatlara nəzər salmaq kafidir:
1. Türk dünyası və Turan ellərinin ortaq eposlarından olan “Kitabi-Dədə Qorqud” dastanı vardır. Bu kitabın kökləri çox qədim (e.ə. VII-IX əsrlər) olsa da, mövcud nüsxələri XV əsrdə qələmə alınmışdır. Əsərin əsas süjet xətti və hadisələri daha əvvəlki dövrlərdə – oğuzların Azərbaycanda və ətraf bölgələrdə yaşadığı dönəmdə formalaşmış şifahi xalq ədəbiyyatı nümunələridir.
2. Qədim türk eposunun ən əski nümunələrindən biri (e.ə. I minillik) olan və əsasən nəzm (şeir) formasında qələmə alınmış “Alp Ər Tonqa” dastanı. Türk dünyasının tanınmış alimi, filoloq və leksioqraf Mahmud Kaşğarlının (1029-1101) “Divanü lüğatit-türk” əsərində həmin dastandan müəyyən fraqmentlər qalmışdır.
3. Kökləri çox qədim dövrlərə – IX-X əsrlərə gedib çıxan və əsasən şeir (nəzm) formasında olan, eyni halda qırğız xalqının şifahi xalq ədəbiyyatının ən böyük abidəsi və dünyanın ən həcmli eposu hesab olunan “Manas” dastanı;
4. Həm nəsr, həm də şeir elementlərini özündə birləşdirən, eyni halda e.ə. III – I minilliklər və Hun-Oğuz dastanları qrupuna daxil olaraq XIII-XIV əsrlərdə qələmə alındığı bildirilən “Oğuznamələr” (Oğuz Kağan dastanı) kitabı. Bu kitab Türk dünyasının ən qədim soy-kök və dövlətçilik modeli, mifoloji-tarixi eposudur. Bu kitabda oğuzların etnosiyasi birliyindən, dünyanı fəth etməsindən bəhs edir.
5. Əsasən şeir (nəzm) formasında olan və XIX əsrin sonlarında qələmə alınmağa başlandığı deyilən “Alpamış və Koblandı Batır” dastanları özbək, qazax və qaraqalpaq türklərinin qəhrəmanlıq eposları olaraq təqdim edilir.
Bu arada Türk dünyasının “Koroğlu dastanı”, “Aşıq Qərib”, “Şah İsmayıl və Əsli və Kərəm” və s. kimi epik-lirik və qəhrəmanlıq-macəra dastanları və poemaları da mövcuddur. Müasir dövrümüzdə tanınmış yazıçı-publisist Yunus Oğuz da türk tarixi və mifologiyası mövzusunda genişhəcmli, epik səciyyəli tarixi romanların müəllifidir. Bununla bağlı onun Türk tarixinə aid olan “Atilla”, “Tomris”, “Əmir Teymur”, “Şah İsmayıl Səfəvi”, “Dədə Qorqud”, “Ovçu” və s. bədii-tarixi əsərlərini göstərmək oalr.
Yuxarıda təqdim edilən epos nümunələrinə diqqət yetirdikdə, onların yalnız müəyyən bir türk qolu və ya müəyyən bir qəhrəmanla bağlı olduğu aydınlaşır.
Azərbaycan və ümumtürk dünyasında türklərin tarixi, qəhrəmanlıqları və mədəniyyəti ilə bağlı şeir (nəzm) formasında yazılmış epik əsərlər (dastanlar, poemalar) əsasən qədim və orta əsrlərə aiddir. Şifahi xalq ədəbiyyatında dastanlar nəsr və nəzmin qarışığı olsa da, ayrıca şeir formasında kitab olaraq ərsəyə gəlmiş əsərlər olduqca az, həm də yalnız müəyyən bir Türk qolu, müəyyən bir Türk qəhrəmanı və onların tarixi ilə bağlıdır.
Ustad Niftalının şeir formasında ərsəyə gətirdiyi “Qədim Turan eposu” adlı əsəri isə epos janrının xüsusiyyətlərini daşıyan tarixi-poetik abidə olaraq uyğun sahədə həm əhatəli, həm də bir ilk imzadır. Bu baxımdan onu dünya ədəbiyyatının epos mövzusunda ərsəyə gəlmiş Homerin “İliada” və “Odisseya”, qədim Hind ədəbiyyatının “Mahabharata” və qədim İran ədəbiyyatında Əbül-Qasim Firdovsinin “Şahnamə” əsərləri ilə eyni cərgədə sıralamaq və dəyərləndirmək lazımdır.
Türk dünyasında isə öz mövzusu, xüsusiyyətləri və formatına görə indiyədək belə bir əhatəli əsərin olmadığını nəzərə alaraq onu xüsusilə dəyərləndirilmək və təqdim etmək lazımdır. Çünki sözün həqiqi mənasında bu kitab türk dünyasında və eləcə də dünya səviyyəsində fəxarətlə təqdim edilə biləcək möhtəşəm bir əsərdir. Bu sözlər “Qədim Turan eposu” kitabı və onun dəyərli müəllifi barədə əsla mübaliğə deyil, sadəcə mövcud reallıqlar və həqiqətin bəyanıdır…

Təşəkkür və arzular!
Fürsətdən istifadə edib əziz və dəyərli ustadımız Niftalı müəllim Göyçəliyə belə bir möhtəşəm əsərə görə səmimi minnətdarlığımı bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Onun qələmə aldığı “Qədim Turan eposu” kitabının yenidən işıq üzü görməsi və ölkə daxilində geniş yayımından əlavə, həm də digər dillərə çevrilib yayımlanması, beləliklə də digər dünya xalqları və millətləri, xüsusilə də gənclər arasında şanlı türk tarixi və kimliyinin təbliğinə töhfələr verəcəyi ümidi ilə!
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.05.2026


