Şəhid mayor Nəcəfi Elxanın xatirəsinə
Şəhidlərimizin əziz xatirəsinə
IV GÜN – IV ŞEİR
HÜRRİYYƏT ELÇİSİ – SONET ÇƏLƏNGİ
(Şəhid mayor Nəcəfi Elxanın xatirəsinə)
I
Bilirdi, “Sərhəddən başlanır Vətən!”
Görmüşdü Vətəni vətən içində.
Xəyalən keşikdə dururdu hər gün,
Arzusu çin oldu bir gün içində.
* * *
Mundiri alan gün çox sevindi, çox…
Həmən evə qaçdı sevinc içində,
Üçrəngli bayrağı öpdü min dəfə,
Sinəsi qabardı güvənc içində.
* * *
Az yaşda dynyanın görüb hər üzün,
Bərkdə də, boşda da demişdi sözün.
Əmələ keçməyin vaxtı yetmişdi…
* * *
Bəlkə də duyduğu ilk söz “Araz”dı,
Qorunda bişdiyi köz də “Araz”dı,
“Ata”, “Ana” deyil, “Araz” demişdi.
II
“Ata”, “Ana” deyil, “Araz” demişdi,
İlk gündən orduda qazandı hörmət.
Təlimdən təlimə oldu peşəkar,
Hər gün bir şücaət, yeni məharət.
* * *
“Təşəkkür” qazandı, “Çox sağol” aldı,
Yoruldum demədi, durmadı bir an.
Bilirdi, nə qədər olasa da çətin,
Döyşüdə o qədər olacaq asan.
* * *
Təlimdə hər hədəf düşmən olurdu,
Bütün hədəfləri bir-bir vururdu,
“Qızğın döyüşlərdə qalib gələrkən”;
* * *
Vətəndi, torpaqdı sözü, söhbəti,
Həzm edə bilmirdi heç cür möhnəti.
Nisgili, həsrəti dadmışdı erkən.
III
Nisgili, həsrəti dadmışdı erkən,
İlk öncə andını salırdı yada.
Anası gəlirdi gözü önünə,
Deyirdi, sadiqəm ana o anda…
* * *
Bir gün arzuların çin olacaq bil,
“Dördyol” yönəldəcək səni Ağdama.
İnan ki, o günlər çox uzaq deyi,
Anda xilaf çıxsam, gözə ağ dama…
* * *
Ən çətin anlarda nənəsi yenə,
Xəyalən yetirdi daim köməyə;
“Mənim aslan balam, qurdum demişdi…
* * *
Heç nədən qorxmayan igidim, ərim,
Mənim şir biləklim, mənim hürr nərim…”
– Şəkər əvəzinə ayaz yemişdi…
IV
Şəkər əvəzinə ayaz yemişdi…-
“Güclüdən çəkinmə, zəifi əzmə.
İlahi ədalət var olan yerdə,
Haqlını tək qoyub, haqsızla gəzmə.
* * *
Süfrədə olandan yaxşı ye, şükr et,
Ərköyünlük edib, ağzını büzmə.
Atanı, babanı xatırla daim,
Naxələflik edib, nənəni üzmə!”
* * *
Hər belə söhbətdə sevib nənəsin,
Möhkəm qucaqlayıb, öpüb nənəsin;
Nə olur, olsa da deyildi küsən…
* * *
Böyüyə yoldaşdı, kiçiyə qardaş,
Andına sadiqdi, sirrinə sirdaş,
Babası hürriyyət carçısı Həsən…
V
Babası hürriyyət carçısı Həsən
Arazı keçmişdi onun yaşında…
Adaşı Babəkdən hey söhbət açıb,
Bəzzi yaşadırdı Qarqar daşında…
* * *
Xanqulu əyrisi müqəddəs pirdi,
İkinci Araza dönmüşdü Qarqar…
Atası, babası o tayda “üzgün”,
Özü bu yaxada qalmışdı naçar…
* * *
Yenə xain qonşu işini gördü,
Qurşundan rəngbərəng çələnglər hördü,
Çox sayda məsuma çatdı bu “pay”dan…
* * *
Kimi iş başında, kimisi yolda,
Uşağı, böyüyü hamısı qalda,
O taylı, bu taylı Yurd idi Elxan!
VI
O taylı, bu taylı Yurd idi Elxan,
O gün al lalər bitdi çöllərdə.
Yaşıl yarpaqları güzün əvvəli,
Sübhün al günəşi ütdü çöllərdə…
* * *
Günəşin alından al alan ərlər,
Ayağı zəmində göyə qalxdılar.
Analar ağ südün sağıb laləyə,
Yeri Göyə büküb məlhəm yaxdılar.
* * *
Nə qədər atanın yaralı bağrı,
Odlanıb çəkərkən içindən ağrı,
Söylədi; anası, atası şükür…
* * *
Bülblər oxudu, güllər ağladı,
Hər ana bir güllü dastan bağladı,
Anası Afətdi, atası Şükür…
VII
Anası Afətdi, atası Şükür,
Ana gözü yolda, Ata “sərgərdan”…
Dünya çalxalandı nehrəsində qan,
Doğru mədət umdu o gün oğrudan…
* * *
Zamanı gəlmişdi dostun, qardaşın,
Anında qardaş da, dost da yetişdi…
Ucaldı hər yanda azan səsləri,
Ruhlar da qovuşdu, can da bitişdi…
* * *
Geyindi al donu igidlər, ərlər,
Güzün sazağında açdı lalələr,
Göydə buludların rəngi oldu qan…
* * *
Toy, nişan boğçası qara bağladı,
Nə qədər sevgili gizlin ağladı,
Güllü nənə demiş: – “Qurd” idi Elxan!
VIII
Güllü nənə demiş: – “Qurd” idi Elxan!
Hər səhər yenidən al geydi üfiq.
Ağardı, qızardı, qaraldı hərdən,
İlk yağış sonrası itdi münafiq…
* * *
Qısır buludlardan mədət umanlar,
Əlləri göylərə uzalı qaldı.
Haqqın dərgahında oyaq qalanlar,
Uca Yaradandan müjdəni aldı.
* * *
İgid, ər oğullar vüsala yetdi,
İllərin həsrəti axır ki, bitdi,
Sevindi yurd yeri, şad oldu İNSAN…
* * *
Sısqa bulaqların açıldı gözü,
Aşdılar dağları, keçdilər düzü,
Bir elin xanıydı, adıyla Elxan…
IX
Bir elin xanıydı, adıyla Elxan,
Yamac dırmandılar, zirvə aşdılar.
Nələrdən keçdilər, nələr gördülər…
Hər zəfər sonrası qucaqlaşdılar….
* * *
Keçilməz sədləri keçdi ər Elxan,
Yürüdü, yürüdü Araza yetdi…
“Xudafərin” – deyib, hıçqıran Elxan,
“Körpümüz bizdədir!” – məruzə etdi…
* * *
Sinələr qabardı, ucaldı şərəf,
Sevincə büründü, hər yan, hər tərəf,
Yurdun dörd-bir yanı gövhəri-cahan…
* * *
İtirdi neçə döst, neçə ər igid,
Özü bu ütüdən çıxdı salamat,
Əməli eylədi məşhuri-cahan…
X
Əməli eylədi məşhuri-cahan,
Hələ yol yarıdı, güc ver, İlahi.
Nə qədər zirvə var hələ aşası,
Məqamı yaxın et, tac ver, İlahi.
* * *
Araza yetişmək yolun yarısı,
Xudafərin indi ancaq yol-yolaq.
Üzündə təbəssüm, çöhrəsində nur,
Yurddaşa yurdundan vermişdi soraq.
* * *
Hər kəlmə başında dilində Vətən,
Arxasında Vətən, önündə Vətən,
Müqəddəs bir yolda olmuşdu sarvan…
* * *
Bir gün arzusuna yetdi nəhayət,
Özü sevinsə də, qəm etdi heyət,
Şəhidi – şühəda Nəcəfi Elxan…
XI
Şəhidi – şühəda Nəcəfi Elxan…
Bu qordan od aldı ərlər, ərənlər.
Hər gün yeni zəfər, yeni qələbə,
Bu gün sevinclidir, onu sevənlər.
* * *
Arzusu, istəyi çin olub onun,
Ananın açıqdır yolu Ağdama.
İndi olanları görməzdən gələn,
Namərdin gözünə gərək ağ dama.
* * *
Görmək istəyirdi azad yurdunu,
Qalib istəyirdi görsün ordunu,
Bütün xəyalların gördü gerçəkdən.
* * *
O, keçən cığırlar yol olub indi,
O, içən bulaqlar göl olub indi,
Ruhu Kərbəladan, qutu Nəcəfdən…
XII
Ruhu Kərbəladan, qutu Nəcəfdən,
Bu gün çiçəklənir can Azərbaycan.
Binalar tikilir, yollar çəkilir,
Göylərə ucalır can Azərbaycan.
* * *
Ümid ağacları artıq bar verir,
Çölləri yurd edir can Azərbaycan.
Artıb doğma yurdun hörmət, izzəti.
Şanına şan qatır can Azərbaycan.
* * *
Bütün fəsillərdə geyinir əlvan,
Heyrətlə danışır eşidən, duyan,
İgid ərənlərdən, şanlı sələfdən!!!
* * *
Hər bahar boy verib, bitən lalər,
Şanlı sərkərdədən gətirir xəbər –
Bəzzdə məskən salan ulu xələfdən…
XIII
Bəzzdə məskən salan ulu xələfdən,
Sevinir, boş yerə verməyibdi can.
Əbəs deməyibmiş hər addımbaşı,
Biz gedək, sən yaşa can Azərbaycan!
* * *
Ən uca zirvədən süzür Arazı,
Arazın dərd-səri nədir bilirəm.
Bu gnlər yaralı Araz da nədən,
Bilmirəm, nədənsə görünür xürrəm.
* * *
Araz kənarının yoxdur şəriti,
Bu gələn hənirti, başqa hənirti,
Fəth edib Arazı, Nəcəfi Elxan…
* * *
Təbriz də sıyrılır qanlı tarixdən,
Ulu əcdadlardan, şanlı tarixdən,
Dərs alan elçidi Nəcəfi Elxan…
XIV
Dərs alan elçidi Nəcəfi Elxan,
Sonalar Göyçəyə enib bu axşam.
Köhlənlər Dərbəndə dəmir aparıb,
Durnalar Kərkükdə görüb ehtişam.
* * *
Yurdun dödr bir yanı ona doğmadır,
Xeyməsi laməkan gəzir Elxanım…
Yurdunda yurdundan yeni Yurd quran,
Keçilməz sədləri əzir Elxanım….
* * *
Yenə həmin günə getdi xəyalı,
Mundiri alan gün kefi, əhvalı,
Üçrəngli bayrağı asdı gözündən…
* * *
Qardaşı dilləndi, bacısı güldü,
Qulağına gəldi nənə öydü:
– Bilirdi, “Sərhəddən başlanır Vətən!”
XV
Bilirdi, “Sərhəddən başlanır Vətən!”
“Ata”, “Ana” deyil, “Araz” demişdi.
Nisgili, həsrəti dadmışdı erkən.
Şəkər əvəzinə ayaz yemişdi…
***
Babası hürriyyət carçısı Həsən.
O taylı, bu taylı Yurd idi Elxan!
Anası Afətdi, atası Şükür,
Güllü nənə demiş: – “Qurd” idi Elxan!
***
Bir elin xanıydı, adıyla Elxan,
Əməli eylədi məşhuri-cahan,
Şəhidi – şühəda Nəcəfi Elxan…
***
Ruhu Kərbəladan, qutu Nəcəfdən,
Bəzzdə məskən salan ulu xələfdən,
Dərs alan elçidi Nəcəfi Elxan…
28.05 – 24.08.2024. – Bakı – Bərdə – Ağdam – Xocalı – Şuşa – Laçın – Bakı..
Qeyd:
Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir.
Səninlə qürur duyuram, Azərbaycan gənci!
“40 gün – 40 şeir” layihəsi
Müəllif: Zaur USTAC