Weather Data Source: havadurumuuzun.com

Uzaq Səfərlər Kapitanı  Axundov Muxtar Bəhmən oğlu

Bəzən insanın taleyi uşaqlıqdan çağlarından müəyyənləşir. Kiminin yolu dağlardan, kimininki şəhərin səs-küylü küçələrindən keçir. Haqqında bəhs etdiyimiz qəhrəmanımızın həyat yolu isə sulardan keçib; çaydan, dənizdən, okeanlardan. Dünyanın bir çox nəhrləri, dəryaları onun izini sanki sinəsində saxlamağa çalışıb, xatirələrinə köçüb.

Veteran dənizçi, Prezidentin fərdi təqaüdçüsü, “Tərəqqi” medallı, onlarla ödül və mükafatlar sahibi və bütün bunların fövqünda şərəflə daşıdığı Uzaq Səfərlər Kapitanı  Axundov Muxtar Bəhmən oğlundan bəhs edəcəyəm. Onun çoxlarına nümunə göstərilən həyat yolu Kür çayının sahilindən başlayıb Xəzərin sonsuz üfüqlərinə qədər uzanıb, dünyanın müxtəlif dəniz və okeanlarında boy verib, xatirələrə çevrilib, yaddaşlardan göz önünə gəlib, indilərdə isə maraqlı bir kitab kimi varaqlanır.

Salyan şəhərində dünyaya göz açan Muxtar müəllim uşaqlıq illərini adına Ana Kür deyilən, bəzən Dəli-dolu, təlatümlü kimi xarakterizə olunan sahilində keçirib. Söhbətimiz zamanı, saatlarla çayın axarını, onun üzərində hərəkət edən kiçik gəmiləri izlədiyini deyən ağsaqqal dənizçi, əlavə edir ki, yeniyetmə həmin vaxtlar xəyalında özünü sərnişin deyil, gəmi kapitanı kimi görüb.

Uzaq səfərlər kapitanı Muxtar Axundovun doğum günüdür

Kürün ləpələrinin ardınca düşüb, xəyallarında böyüyüb. Və zaman keçdikcə qəlbində cücərən arzular bir-birini əvəzləyib. Yaşantıları, arzuları həyatında özünün müsbət izlərini qoyub,  onun uşaqlıq arzularını gerçəkləşdirib.

Bir qədər ötənlərə qayıdaq, dənizə kğnül verdiyi ilk günlərə nəzər salaq. Axundov Muxtar Bəhmən oğlu 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Qafur Məmmədov adına  Bakı Dəniz Yolları Məktəbinin gəmi sürücülüyü fakültəsinə daxil olan Muxtar müəllim 1967-ci ildə təhsilini yüksək göstəricilərlə başa vurub.  Təyinatla Xəzər Gəmiçiliyinə göndərilir və gəmiçiliyin ən yüksək 5-ci qrup gəmilərində  işləmək üçün  uğurlu imtahan verir. Əmək fəaliyyətinə Xəzər Dəniz Gəmiçiliyində 12.000 tonluq gəmidə kapitan köməkçisi  kimi başlayır.

Gələcəyin məşhur gəmi kapitanı olacaq Muxtar Axundov arzularının ardınca düşərək  peşəkar dənizçi karyerasını uğurla davam etdirmək üçün   1977-ci ildə Odessa Gəmi Mühəndisləri inistitubunu bitirir, dənizçilik sahəsində ali təhsil alır.

Muxtar müəllimin gənc dənizçi olaraq  başladığı dənizçilik karyerası illər keçdikcə daha böyük məsuliyyətlərlə davam etdi. Kapitanın üçüncü köməkçisindən gəmi kapitanına, daha sonra isə Uzaq Səfərlər Kapitanı adına qədər yüksələn bu yol peşəkarlığın, zəhmətin və dənizə bağlılığın nəticəsi idi.

Onun dənizdəki xidmət illəri yalnız Xəzər dənizi ilə məhdudlaşmayıb. Baltik dənizindən Aralıq dənizinə, müxtəlif ölkələrin limanlarından beynəlxalq dəniz yollarına qədər uzanan səfərlər Muxtar müəllimin həyatının ayrılmaz hissəsinə çevrilib. Yunanıstandan qəbul edilən “Taşkent” gəmisinin idarə olunması, “Merkuri-2” gəmisində həyata keçirilən məsuliyyətli reyslər, müxtəlif ölkələrdə Azərbaycan dənizçisinin nüfuzunu qorumaq və təmsil etmək onun peşə fəaliyyətinin yadda qalan səhifələrindəndir.

Dənizçi həyatı yalnız dalğalarla mübarizə deyil. Bu həyat həm də müxtəlif xalqlarla dostluq, limanlarda qurulan münasibətlər, idman yarışları və birgə xatirələr deməkdir. Muxtar müəllim xüsusilə türk dənizçiləri ilə görüşləri, qarşılıqlı hörmət və qardaşlıq ruhunda keçən söhbətləri böyük məmnunluqla xatırlayır. 1999-2003-cü illərdəTürkiyədə mühüm bir görəvi uğurla həyata keçirir. O, Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi Nümayəndəliyinin rəhbəri olub. 2003-2012- illər ərzində Gəmiçiliyin Beynəlxalq Əlaqələr üzrə müavini işləyən Muxtar Axundov  2012-ci ildən Gəmiçiliyinnsədrinin 1-ci müavini vəzifəsinə irəli çəkilir.

Uzun illər dənizdə çalışan kapitan qeyd etdiyimiz kimi sonralar məsul rəhbər vəzifələrdə də fəaliyyət göstərsə də, İstanbulda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndəliyinə rəhbərlik etsə də, beynəlxalq əlaqələr sahəsində çalışıb, daha sonralar gəmiçiliyin yüksək rəhbərliyində təmsil olunsa da  , o, özünü hər zaman ilk növbədə gəmi kapitanı hesab edib, dənizdə keçən həyatından bir an belə uzaq olmayıb.
Xatirələrində ona dənizin sirlərini öyrədən kapitanları xatirəsini yaşadır. Artıq dünyasını dəyişmiş ilk kapitanlar Hacalıyev Əbubəkr, Vekua Vladimir, Kapitan Abdulmanafov və digərlərini yada salır.

Gəmiçiliyin rəisi olmuş mərhum Aydın Bəşirovun, peşəkar kapitan Cavanşir Kərimovla tələbə yoldaşı olub.Dənizçilik sahəsində kifayət qədər nüfuz və hörmət sahibi olan Şahlar Məmmədovun ilk dənizçilik təcrübəsi onun kapitan olduğu dövrə düşüb. Bu günün onlarla məşhur gəmi kapitanı onun yetirmələri sırasındadır.

İdmana olan marağı ilə də çoxlarına nümunə olub. Gəmiçiliyin voleybol komandasının kapitanı olub. Onun komandası SSRİ dənizçiləri arasında keçirilən  spartikiadanın qalibi olub

57 illik dənizçilik fəaliyyəti ərzində qazandığı təcrübə ona bir həqiqəti öyrədib: dənizçi olmaq sadəcə peşə deyil, həyat tərzidir. Bu peşə insanı dözümlü, məsuliyyətli və intizamlı edir. Kapitanın sözlərinə görə, gəmi heyəti bir yumruq kimi birləşməli, qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlər qurmalıdır.

Bu gün, iyul ayının 1-də 80 yaşı tamam olan uzaq səfərlər kapitanı Muxtar müəllim təqaüddə olsa da, özünü dənizdən ayrı təsəvvür etmir.  Onun üçün dəniz sadəcə iş yeri deyil, ömrünün böyük hissəsini həsr etdiyi həyat məktəbidir. Kür sahilində gəmilərə baxaraq çiçəklənən uşaqlıq arzusu illər sonra böyük bir ömür dastanına çevrilib. Bu dastanın adı isə sadədir: dənizə sevgi, peşəyə sədaqət və kapitan şərəfi.

Faiq Balabəyli

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

AYB-nin Həmkərlar təşkilatının sədri,

Prezident təqaüdçüsü,

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri,

AXDG QSC DND-nin gəmi kapitanı

Top