Dəniz Aslanlı – İntizar

İntizar
Pianoçu solmuş, qurumuş gülləri sevirdi. Bu solmuş güllər ona həyatının ən gözəl, ən xoş xatirələrini xatırladırdı. O, qurumuş gülləri tullamaz, onları çox dəyərli bir əşya kimi notlarının arasında saxlayardı.
O, bir otaqlı evdə yaşayırdı. Otağı həmişə rütubətli olardı. Evdə nimdaş paltarlarını geyinər, sevimli pianosunda müxtəlif melodiyalar ifa edərdi. Lakin səhnəyə çıxanda həmişə səliqəli və zövqlü geyinərdi.
Səhnə insanlarla dolu olardı. Hər konsertində tamaşaçılar ondan yeni əsərlər, yeni duyğular gözləyərdilər. Çünki pianoçu hər dəfə dinləyicilərinə fərqli hisslər bəxş edərdi. Fəqət ağır notların dərinliyini yalnız özü hiss edirdi.
Zalı titrədən alqışlar pianoçunun ruhunda sevinc qığılcımı yaratmırdı. Konsert başa çatdıqdan sonra səhnə boşalardı. Pianoçu isə evinə qayıdarkən bir gül alar, yenə öz otağında köhnə xatirələri ilə baş-başa qalardı. Çünki illər öncə hər çıxışından sonra dünyalar qədər sevdiyi insan ona bir gül bağışlayardı.
Müəllif: Dəniz Aslanlı
Dəniz Aslanlının digər yazıları
Oxuyun >> Gözündə tük var


