Şair Nəcibə İlkinin- 65

Sözün İşıqlı Dünyasında
Şair Nəcibə İlkinin- 65
Çağdaş Azərbaycan poeziyasının tanınmış və dəyərli nümayəndələrindən biri, şair-jurnalist Nəcibə Bahadur qızı Babakişiyevanın (Nəcibə İlkin) bu günlərdə 65 illik yubileyi olacaq. Ömrünü söz sənətinə, ədəbiyyata və milli mətbuatımıza həsr edən şairə, poetik yaradıcılığı və ictimai fəaliyyəti ilə oxucuların qəlbində özünəməxsus yer qazanmışdır. Onun poetik dünyası insanın daxili sarsıntılarını, sevgisini, həsrətini və ümidlərini bədii dillə ifadə edən zəngin bir xəzinədir.
Nəcibə İlkin 22 İyul 1961-ci ildə Tərtər rayonunun Sarov kəndində ziyalı ailəsində anadan olmuşdur. Erkən yaşlarından qəlbində baş qaldıran yaradıcılıq eşqi onu Bakıya – ədəbi mühitin mərkəzinə gətirmişdir. O, təkcə poetik nümunələri ilə deyil, həm də fəal bir jurnalist kimi tanınır:
2006-cı ildən dövlət nəşriyyatında uğurla çalışır. Ölkənin ədəbi-ictimai həyatında mühüm rol oynayan “Azad Qələm” qəzetinin və eyniadlı “Azad Qələm” jurnalının təsisçisi və baş redaktorudur. Yaradıcılığı Azərbaycan sərhədlərini aşmışdır. O, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin, 2009-cu ildən isə Türkiyə Yazarlar Birliyinin üzvüdür.
Nəcibə İlkin 21 kitabın müəllifidir. Onun qələmindən çıxan hər bir əsər insan mənəviyyatının dərinliklərinə boylanır. Şairənin yaradıcılıq uğurlarının ən bariz nümunəsi onun poetik coğrafiyasının genişliyidir. Ona böyük nüfuz qazandıran “Bir yorğun yolcuyam” adlı kitabı təkcə vətəndə deyil, xarici ölkələrdə də yüksək qiymətləndirilmişdir. Həmin kitabı Dağıstanda rus dilində, İranda isə fars əlifbası ilə tərcümə edilərək Güney azərbaycanlı oxucuların ixtiyarına verilmişdir. Nəcibə İlkinin poeziyasında sevgi və həsrət aparıcı motivlərdir. Şairənin lirik qəhrəmanı səmimi, fədakar və eyni zamanda daxili ağrıları olan bir insandır. Onun misralarında sevgi subyektiv hiss olmaqdan çıxıb, kainatı bürüyən bir enerjiyə çevrilir.
Şairənin sevgisi həm ümid verir, həm də daxili bir yanğı yaradır. Gecələr xəyalda canlanan sevgili obrazı onun ümidlərini alovlandırır:
Baxışların qonağımdı hər gecə,
Ümüdlərim od tutub yanır indi.
Mənim ürəyimdə qoyduğun sevgi…
Tək sənin başına dolanır indi.
Bu sevgi həm də fədakarlıq tələb edir. Müəllif bəzən özünü bu sevginin payında günahkar saysa da, sevgilinin hər çağırışına hay verməyə hazırdır:
Bəlkə günahkaram, bəlkə suçluyam?
Düşmüşəm ömrümün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınan,
Nə zaman çağırsan gələrəm hayına.
Nəcibə İlkin poeziyasında təbiət hadisələri ilə insanın daxili hissləri paralel şəkildə inkişaf edir. “Ümid yağışı” insanı islatdığı halda, eşqin “buz nəfəsi” onu qorxudur. Lakin şairənin poetik duyumu soyuq baxışların arxasındakı isti səsi dərhal kəşf edə bilir:
Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsinden.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.
Ömrün payızını, duyğuların xəzanını yazmaq şairdən böyük cəsarət tələb edir. Baharda eşq vərəqinin saralması poetik bir təzaddır və bu təzad şairi yaradıcılığa, şeir yazmağa sövq edir:
Xəzana düşəndə ümid yarpağı,
Yamanca dağ olur həsrətin dağı.
Yaz gəlir, saralır eşqin varağı,
Bu axşam bir şeir yazmağım gəlir.
Nəcibə İlkin yaradıcılığında dərd sadəcə bir əzab deyil, şairin daxili dünyasını bəsləyən, onu böyüdən bir anadır. Şairə özünü dərdin körpəsi, dərdin anası elan edərək bədii təfəkküründə dərddən bir nağıl dünyası qurur:
Məni dərd doğubdu, ana doğmayıb,
Dərdin körpəsiyəm, dərdin anası.
Uşaq dəcəlliyim tutanda birdən,
Olmuşam dərdimin nağıl dünyası.
Bu dərd bəzən kənd evinin boz divarlarında, boz pəncərələrində özünü büruzə verir. Doğma yurdun mənzərəsi fonunda tənhalıq və təsəlli axtarışı misralara köçür:
Həsrətimin pəncərəsi,
Kəndin boz basmış evidi.
Ağlamaqdan doyan gözüm,
Gör səni kimlər kiridir.
Nəcibə İlkin 65 illik ömür pilləsində həm fəal vətəndaş, həm gözəl ana, həm də ustad bir sənətkar kimi ucalmağı bacarmışdır. Onun redaktoru olduğu mətbuat orqanları və qələmə aldığı 21 zəngin kitab Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verilən böyük töhfədir. Şairəni 65 illik şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, tükənməz yaradıcılıq enerjisi və sözün işığında yeni-yeni poetik uğurlar arzulayıram ! Yubileyiniz mübarək, Nəcibə xanım !


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.


