Weather Data Source: havadurumuuzun.com

ƏŞARINDA UCALAN…

ƏŞARINDA UCALAN…

(Akademik, şair, ictimai xadim Cavid Salman oğlu Axundova ithafən)

Rişəsi xalqdan, sözü Haqdan gələnlərin bir adəti də var – ucalmaq.Necə xeyirxah əməllərin, hansı nəcib hərəkətlərin yiyəsi olmağından asılı olmayaraq, həmin insanları ilk növbədə yazdığı şeirləri yaşadır.O şeirlər haçansa, hardasa hansısa oxucunun qarşısına çıxır, xatırlanır, bir növ tarixlə ittifaqa girərək elə hey: “Mən də varam, mən də yaşayıram” – deyə qulaqlarda cingildəyir.Bəzən həyatda karına gələn həmin şairlərin misraları sanki ünvanlı şəkildə, məxsusən sənin üçün göndərilmiş bir funksiya, bir missiya daşıyır:
“Söz var gələr keçər, söz var dələr keçər” misalı.Amma həmişə ağrılı, acılı söz köksünü dəlmir ki?! Elə olur ki, haqq sözü də içindən qafilə-qafilə hikmətlərlə, qatar-qatar mətləblərlə ötmüş olur. Ruhunun tozunu silən, ərp bağlamış sinəni təmizləyən həmin şeirlər Cavid Axundovun poeziyasına xub yaraşır.
Xalqla, haqla bağrıbadaş olan həmin şeir nümunələri məhz belə poetik özəlliklərdən xali deyil.
Bu niyyətlə iyulun 1-də – Cavid Axundovun 96-cı doğum ili ərəfəsində şeirlərini dönə-dönə oxudum.Həmişə həyatından, nəcib əməllərindən yazdığım unudulmaz Cavid əminin bu dəfə sırf şeirlərindən qonuşmağa qərar verdim.
Əşarında ucalan, əşarı ilə yaşayan Cavid Axundovun poetikasına bir sıra kontekstdən yanaşmaq gərəkir:
Əvvəla, Cavid müəllimin doğulduğu qədim yurdumuz olan Gəncədən kimlər çıxmayıb ki?!
Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbülüla Gəncəvi, Mirzə Şəfi Vazeh, Mir Mehdi Naci, Ağa İsmayıl Zəbih, Nigar Rəfibəyli kimi klassiklərimizin məktəbi Cavid ruhuna mütləqdir ki, yansıyıb.Həmin şairlərin klassik poeziyamızdakı qoyduğu ülgülər, meyarlar, ölçü-biçilər, bir Gəncəli balası kimi Cavidə də təsirsiz ötüşməyib.Həmin klassiklərin cızdığı sınırlardan yan gəzmək, həmin sərhədlərdən kənar durmaq hardasa imkansızdır.
İkincisi, Cavid müəllimin doğulduğu torpağın dövlətçilik gələnəyindən, türk ruhundan, xalq mayasından yoğrulduğunu göz önündə bulundursaq, şairin həm əruz, həm də heca qanadları ilə pərvazlanmaq bacarığına “əhsən!” demiş olarıq.
Üçüncüsü, söz ilə könül bağı qurmaq, şeirlə əbədi körpülər salmaq Cavid Axundovun fitrətindən mütəvəlliddir.Bu faktoru da gözardı eləmək əsla doğru olmazdı.
Cavid Salmanoğlu sözdə uzunçuluğun tərəfdaşı kimi çıxış etməyi sevməzdi, əksinə fikrin aydın, yığcam, lakonik ifadəsinə çalışardı.
Bu nüansı əla tutan Xalq şairi Hüseyn Arif Cavid müəllimin ilk şeir kitabına “Haçan olsa…” ya Ön söz yazarkən də vurğulayıb.

“Cavid Salmanoğlu sözdə israfçılığa yol vermir.Həmişə fikrin qısa və aydın ifadəsinə çalışır.Özü də buna ustalıqla nail olur.”Nə çəkir” gəraylısından götürülmüş aşağıdakı bənd də sözlərin necə yerində işləndiyi fikrimizə sübutdur:

Yarası var yazarın da,
Həkimi var azarın da.
Naşı, nadan bazarında,
Allah bilir, söz nə çəkir.

Bu dördcə misrada bir dənə sözün yerini dəyişmək olmaz.Sözlərin düzülüşü də poetikdir, şairin deyimi də”

Hüseyn Arif tam haqlıdır.
Ümumiyyətlə, Cavid Salmanoğlunun yığcam sözlə fikrini tam ifadə etməsi həm də yazdığı şeir formalarının tələbidir.Cavid müəllim klassik şeirin həmən-həmən bütün şəkillərində yazdığını – qoşmada, gəraylıda, təcnisdə, rübaidə, bayatıda, divanidə, qəzəldə və.s nəzərə alsaq, ortaya mükəmməl bir tablo çıxar.Şairin cızdığı əlvan palitranın tacı isə heç quşqusuz ki, təcnisdir.
Cavid Salmanoğlunun 1998-ci ildə işıq üzü görən “Təcnislər, qoşmalar, gəraylılar” kitabına Ön söz yazan, ictimai xadim, filologiya elmləri namizədi Sadıq Murtuzayev də şairin təcnislərinə belə yanaşıb:
“Cavid Salmanoğlunun təcnislərini oxuyarkən dil yaradıcılığı imkanlarının necə zəngin, tükənməz olduğunun şahidi oluruq.Məsələn, cinas xatirinə “kül” əvəzinə işlətdiyi “od unu” ifadəsi çox uğurlu tapıntı olmaqla həm də təkcə ona məxsusdur.

Yığdım örkəninin üstə odunu,
O isə başıma tökdü od unu.
Bu dünyada cəhənnəmin odunu,
Cavidəm, mən onu alalı gördüm.

Cavid Axundov təcnislərində sırf lətif nümunələr yaratmırdı, sözlərin cilalı, işvəli səslənişi ilə təkcə zövq alaq deyə də yazmırdı.Şair öz inancını söz saxlancında barındırır, fürsət düşdükcə isə Hz.Məhəmmədə (əs) və Əhli-beytə məhəbbətini bu sayaq aləmə izhar edərdi:

Bilirsənmi könlüm kədərlə dolur,
Gözəl, sənə toxunanda yad əli.
Məhəbbətin alıb ağlımı başdan,
Görən deyir ya məcnundur, ya dəli.

Boyun sərvi, sözün şirin, dil incə,
Çox çətindir tapmaq dostu dilincə…
Xoş günündə canda deyər dilincə
Dar günündə açar sənə yad əli.

Baxmaq üçün ləblərinin dadına,
Cavid istər o ləblərdən dadına.
Sidq ilə diləsən yetər dadına,
Ya Məhəmməd, ya Mustafa, ya da Əli.

Şair fəlsəfi, didaktik, irfani aşıq şeir formalarının ən qəlizlərindən sayılan divanidə də qələm çalıb.Divani – hər bəndi 4 misradan, hər misrası isə 15-16 hecadan ibarət şeir şəklidir.Dədə Ələsgər, Molla Cuma kimi ustadların əla divanilər yaratdıqları məlumdur.Aşıqların məclisin əvvəlində divanilərlə meydanı ələ alması adəti, bu şeir formasının önəmindən soraq verir.Burdakı misralar ötkün olduğu qədər də, orijinal və aydın olmalı idi.15-16 hecanın mürəkkəb ritmini tutmaq, sözləri qəlibə oturtmaq, vəzndən çıxmamaq, paralel olaraq auditoriyanı ələ almaq hər şairin işi deyildi.Ziya Göyalp təbiricə desək :”Ağzımızın sözü anamızın ağ südü kimi pak olmalıdır” qənaəti irfan əhli üçün dürlü-dürlü nəsnələrə vəsilə olardı.

Cavid Axundovun “İnsanın” adlı divanisini ulularımızın, ucalarımızın öyüd bulağından, nəsihət çeşməsindən süzülüb gələn şəffaf su kimi içilməzmi?!

İnsan olan, əziz saxla şöhrətini insanın,
Açılmamış müəmma bil hikmətini insanın.
Fürsət keçsə sən tərəfə, məğlub etsən düşməni,
Öldürsən də gəl alçatma qeyrətini insanın.

Bir budaqda əyləşibən silkələmə yüzünü,
Ağır otur, ağır dolan, danış sözün düzünü.
Min bir hünər göstərsən də tərifləmə özünü,
Bu cahanda ellər verir qiymətini insanın.

Cavid deyər, yaxşı olan yaxşılığı tapacaq,
İnsanlığa xain olan cəzasına çatacaq.
Hara getsən əməllərin qabağına çıxacaq,
İnkar etmə nahaq yerə qismətini insanın.

Hər bir misrası 15 hecadan ibarət olan bu divanidə müəllif bütün ölçüləri qoruyub – aaba, ccc, ççça struktur quruluşundan əsla kənara çıxmayıb.

Şair Cavid Axundovun zəngin yumor hissi, bəlağətli danışığı, duzlu söhbətləri, olaylara alleqorik yanaşması da vardı.Bu anlamda alleqoriyadan istifadə edərək əlvan təmsillər, məzəli şeirlər yazmasına da sıx-sıx rast gəlirik.Naşı adamın başa keçirildiyi, arif insanın dala, yarıtmazın qabağa verildiyi cəmiyyətdə yaşadığımızı unutmasaq, şairin bu sayaq şeirlərinə də dinşək kəsilərik.Cavid əmi dostanə məclislərdə, məhrəmanə yığnaqlarda belə şeirlərini tez-tez oxuyardı.
“Mehtər” adlı şeiri bu baxımdan çox özəldir.
Və maalisəf hələ də aktualdır.

Gurultulu avazına uydular,
Ulağı ilxıya mehtər qoydular.
İlxını keçirdi o da nəzərdən,
Gözləri sataşdı ayğıra birdən.
Gördü köhlən ayğır çox ərköyündür.
Yerişdə, yürüşdə yaman yeyindir.
Kükrəyir, kişnəyir o gur səsilə,
Gəzdirir atları min həvəs ilə.
Dedi: Yox, bu ayğır eşitməz məni,
Vurub sındıracaq bir gün çənəmi.
Saxta dəlillərlə yuxarı getdi,
Ayğırın əlindən şikayət etdi.
Nəhayət ayırdı ilxıdan onu,
Bununla bitmədi işlərin sonu.
Yenə də bir qələt eylədi ulaq,
Ayğırın yerinə bir uzunqulaq
Gətirib caladı həmən ilxıya,
Heç kəsi salmadı bu hal qorxuya.
Aylar ötdü keçdi, illər dolandı,
Qış getdi, yaz gəldi, çaylar bulandı.
Birdən gördülər ki, ilxı çevrilib
Qatır sürüsünə meydan verilib.
Bu xəbər dolanıb yetişdi filə
O dedi: ulağı salmayın dilə.
Yaxşı müğənnidir, güclü səsi var,
Anqırmaq işində səriştəsi var.
Ondakı istedad batmasın gərək.
Gəlin bir münasib vəzifə verək.
Ölçdülər, biçdilər filin sözüylə,
Baxdılar ulağa onun gözüylə.
Yaratdılar müğənnilər birliyi,
Tapşırdılar ulağa müdirliyi.
Lakin o ilxıdan əsər qalmadı
Bir daha köhlən at minən olmadı.

Şeirlərində yaşamaq statusu – haqqı batilin ayağına verməmək körpüsündən keçir.O körpü Sırat kimi incə və kövrəkdir.Cavid müəllim ərzin nahaq olaylarına heç vədə biganə qalmayıb, Təbrizli-Bakılı bütöv Azərbaycan ideyalarını hələ sovet dönəmində intensiv olaraq bəyan edib.Cavid əmi millətin yanğılı, ağrılı çağlarında əndişəlınib, səsini haqq tribunasından ucaldıb.1990-cı ildə Abşeron rayonu üzrə XII çağırış Ali Sovetin deputatı seçilərkən, Demokratik Cümhuriyyətimizin ərazisinin bərpa olunmasının vacibliyini müxtəlif müsahibələrində dilə gətirib.Cavid müəllim haqqında yazdığım “Cavidanlıq qazanan Cavid Axundov” və “Əbədilik missiyası” adlı yazılarımda buna toxunduğumdan, onun üstün məziyyətlərini dübarə təkrarlamaq istəmədim və yalnız şeiriyyatının poetik cəhətlərinə nəzər saldım.Bu, Cavid ümmanından bir neçə damla götürməyə bənzər, ancaq həmin damlaların əsintilərinin ərşə bülənd olacağına, büsbütün səmaya qovzanacağına əminəm.Əminəm ki, həmin əsintilər dəmadən Cavid əminin ruhu ilə ifçin qovuşacaq.Məncə, əşarı ilə xatırlanmaq, əşarında yaşamaq və əşarında ucalmaq elə budur!!!

27 iyun 2026,
Bakı.

Turan Uğur
AYB-nin üzvü

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Top