YENİ ƏDƏBİ UĞUR

YENİ ƏDƏBİ UĞUR
Çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda yazılan əsərlər xüsusi yer tutur. Bu əsələrin ədəbi-bədii əhəmiyyəti olduqca böyükdür. İllərlə pərdə arxasında qalan tarixi həqiqətlər yazıçı qələminin işığında oxuculara təqdim olunur.
Zəhra Səfəralı qızı Qarabağ mövzusuna yaradıcılığı boyu dönə-dönə müraciət edən müəlliflərdən biridir. Onun fərqli imzası, əsərlərinin bədii məziyyəyti, duyğu və düşüncələri diqqət çəkir. Yazıçının müxtəlif illərdə çap olunan “Buluddan nəm çəkdi yolum” , “Qəlbimin üşüyən tərəfi”, “Uzaqdan gətirdiklərim”, “Qoca adam” Şəhid Ramazan Cəbrayıl oğluna həsr etdiyi real hadisəlrdən ibarət “ Ramazan” povesti kimi kitabları oxuculara yaxşı tanışdır. Müraciət etdiyi mövzuya yazıçı-vətəndaş münasibəti, sənət axtarışları çox cəhətli yaradıcılığını səciyyələndirən mühüm xüsusiyyətlərdəndir.
Yenicə işıq üzü görən “Qoşa çinar” romanını yazıçının Qarabağ mövzusundakı uğurlu sənət axtarışlarının davamı kimi səciyyələndirmək olar. “Qoşa çinar” sənədli roman janrında qələmə alınıb. Romanda Zəhra Səfəralı qızı haqlı olaraq yaradıçılığına doğma olan poetik obrazlılığa, bədii səhnələrə yer vermir. Sənədli roman janrının sərhədlərini yazıçı həssaslığı ilə qoruyur. Real hadisələr əsasında qələmə alınan əsərin ilk səhifələrindən yazıçının janrın estetikasına zərgər incəliyi ilə necə riayət etdiyi aydın görünür. Onun dövrün arxiv sənədləri ilə yaxından tanışlığı, hadisələrin canlı iştirakçılarla görüşləri real həqiqətləri təqdimində təsirsiz ötüşmür.
Sənədli roman Qarabağ savaşının iştirakçıları Ənvər və Asif Qarayevlərin şərəfli həyat yolundan bəhs edir. Hərbi xidmətdən qayıdan Ənvər Qarayev doğma yurdunun taleyinə biganə qala bilmir. Qəlbinin çağırışı ilə könüllülərin cərgəsinə qoşulur.
Romanün süjet xətti inkişaf etdikcə yazıçı dövrün mühüm hadısəlirini nəzərdən qaçırmır. Yeri gəldikcə Qarabağ münaqişəsinin ilk köklərini üzə çıxarır. Bu hadisələr sırasında Dağlıq Qarabağda alovlanmaqda olan hərəkatı, Xocalı soyqırımını, sərnişin avtobuslarının və qatarlarının partladılmasını, Qarakəndin yaxınlığında vertolyotun vurulmasını artıq tarixə dönmüş hadisələri xüzusi vurğulayır.
Zəhra Səfəralı qızı sənədli romanda Ənvər Qarayevin işğalçılarla üz-üzə keçən cəbhə həyatını günbəgün izləyir. Romanı qələmə alarkən yazıçı tamamilə haqlı olaraq bədii təxəyyül aləminə qapılmır. Poeziyasının üstün məziyyətlərin sayılan obrazlı notlara, bədii təsvir və ifadə vasitələrinə köklənmir. O, qeyrətli Vətən oğlunun qəhrəman surətini real hadisələr əsasında təqdim etməyə üstünlük verir. Ordu sıralarından yenicə tərxis olunan yeniyetmə gəncin işıqlı simasını oxucuların gözləri qarşısında layiqli övlad, zəhmətsevər, Vətənin dar günündə onun çağırışına səs verən layiqli oğul kimi canlandırır.
Romanda Ənvərin bacarıqlı komandir olmağı ilə bərabər insani keyfiyyətləıri, könbüllülərə həssas münasibəti də yazıçının nəzərindən yayınmır. Yığcam ştrixlərlə onun döyüş hazırlığı, cəsarəti, şücaəti ilə bərabər sırf insani keyfiyyətlərini də vurğulamağı unutmur.
Sənədli roman janrının estetikasına uyğun olaraq müəllifin yeri gəldikcə keçmişə–tarixi hadisələrə də müraciəti qənaətbəxşdir. Hələ 1918-ci ildə işğalçıların Zəngəzurun bir çox kəndlərini viran qoyması, dinc əhalinin doğma yurdlarından didərgin salınması xatırlanır. Tarixi salnamənin zaman-zaman kölgədə qalan səhifələri birər-birər vərəqlənir. İllər sonra baş verən hadisələr o qanlı illərin davamı kimi yadda qalır. Zəhra Səfəralı qızını haqlı olaraq romanı tarixi kontekstdən ayırmır. Xatırlanan hadisələr faciənin tarixi köklərinin üzə çıxmasında təsirsiz ötüşmür.
Oxucu tarixi xronologiyaya uyğun olaraq Zəngilan rayonunda törədilən vəhşiliklərlə tanış olduqca dinc əhalinin acınacaqlı vəziyyətinə biganə qala bilmir. İşğalçıların yırtıcı əməlləri hər kəsin qəlbində nifrət yaradır. Yazıçı döyüşləri zaman ardıcıllığı izləyir. Bu baxımdan “Qoşa çinar” eyni zamanda hadisələrin dəqiq təsviri ilə etibarlı tarixi mənbə missiyasını da yerinə yetirir.
Mövzunu hər tərəfli öyrənən yazıçı Ənvərin döyüş dostlarını da unutmur. Məqamı gəldikcə döyüşlərdə fərqlənən könüllülərin igidliklərindən, həyatını itirən şəhidlərdən bəhs edir. Qeyri-bərabər döyüşlərdə könüllülərin cəsarət nümunələri əsərin qəhrəmanlıq ruhu ilə yaxından səsləşir.Qələmə alınan əsgər xatirələrinin də bu baxımdan olduqca əhəmiyyətlidir.
Ənvər mərd, cəsur, igid döyüşçü kimi oxucunun gözləri qarşısında canlanır. Döyüşlərdəki dəhşətli səhnələr, işğalçıların fasiləsiz hücumları, törətdikləri vəhşiliklər Ənvərin mübarizə əzmini qırmır. Hər an qarşılaşdığı ölüm təhlükəsinə baxmayaraq könüllülərə polad iradəsi ilə başçılıq edir. Döyüşlərin birində ağır yaralanan Ənvər müalicədən sonra mübarizə əzmi ilə yenidən səngərə–dostlarının yanına qayıdır.
Zəhra Səfəralı qızı sənədli romanda janrın poetikasına uyğun olaraq hadisələrin zaman ardıcılllığını dəqiqliklkə izləyir. Ağdamın, Füzulinin, Cəbrayılın, Quadlının işğalına toxunur. Azərbaycan ərazilərinin işğalını eşidən soydaşlarımızın yaşadıqları kədər romanda öz əksini tapır. Zəngilanlılar hər gün ürək dağlayan xəbərlər eşitsələr də doğma yurdlarından çıxmır, könüllülər Ənvərin rəhbərliyi ilə mübarizə aparırlar.
“Qoşa çinar” romanında dinc əhalinin qarşılaşdığı səhnələr könüllülərin mübarizəsi ilə paralel verilir. Yazıçının dövrə yanaşdığı baxış bucağı əsərin dəyərli məziyyətlərindən biridir. O zaman respublikaya rəhbərlik edənlərin səriştəsizliyi zəngilanlıları çııxılmaz vəziyyətə sürükləyir. Dinc əhalinin məcburi şəkildə doğma yuradlarını tərk etməsi romanın ən təsirli səhnələrindəndir. Ulu Öndər Heydər Əliyevin müraciətinə səs verənlərdən biri olan Ənvər Horadizdə gedən döyüşlərdə qəhrəmanlıqla vuruşur.
Zəhra Səfəralı qızı atəşkəs dövründə də Ənvərin həyatına yenidən nəzər salır. Ənvərin övlarlarını Vətənə məhəbbət,vətənpərpərvərlik ruhunda böyütməsini xüsusi vurğulayır. Doğma kəndini işğalçılardan müdafiə etmək üçün gedərkən beşikdə yatan körpəyə baxan Ənvər, bəlkə də, heç ağlına da gətirməzdi ki, Asəf onun döyüş yolunun davamçısı olacaq.
Asəf Ana Vətənin, valideynlərinin qarşısında müqəddəs övladlıq borcunu ləyaqətlə yerinə yetirir. Dərs əlaçısı kimi hərbi biliklər alır, peşəkar zabit kimi yetişir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində hərb elminin sirlərinə daha dərindən yiyələnir.
“Qoşa çinar” romanında müəllifin gərgin yazıçı əməyi aydın görünür. Zəhra Səfəralı qızı qələmə aldığı mövzunu hər tərəfli öyrənərək təsvir etdiyi qəhrəmanların həyat yolunu maraqlı, dinamik süjetlə təqdim edir. Kiçik hekayələrlə oxucuların məhəbbətini qazanan yazıçı mürəkkəb sənədli Povest, roman janrında da qələmini məharətlə sınayır. Peşəkar yazıçı təcrübəsi ilə oxunaqlı povest və roman ərsəyə gətirməyə nail olur.
Bu baxımdan “Qoşa çinar” maraqlı kompozisiya quruluşu ilə də önəmlidir.Yazıçı hadisələrin ardıcıllığında oxucunu intizarda saxlamağı bacarır. Asəfin cəbhə həyatı maraqla izlənilir. Asəf mayor rütbəsində Laçın dəhlizinin azad edilməsində iştirak edir.
Asəfin komandiri olduğu dəstənin Şuşanı azad etməsi onun cəbhə həyatında iftixar doğuran səhifələrdəndir. Müəllif Asəfin hərbi komandir kimi şəxsi insani keyfiyyətlərini ön plana çəkir. Onun əsgərlərlə səmimi münasibəti, yaralılara köməyi əsgərlərin qəlbində ona qarşı sonsuz hörmət hissi yaradır. Əsgərlərin Asəf haqqında xatirələrində onun mənəvi dəyərləri aydın sərgilənir.
Romanda nəsillərin işıqlı estafetini yazıçı ön plana çəkir. Asəf illər sonra İkinci Qarabağ savaşında mayor rütbəsində atasının yolunu davam etdirir. Vətən Müharibəsi Qəhrəmanı adınma layiq görülən baş gizir Mehrab Niftəliyevi kömək edərkən yaralanan Asəf döyüşdə iştirak edə bilmir. Əsgərlərə verdiyi tapşırıqlar qələbənin qazanılmasında izsiz ötüşmür. Əsgərlər hospitalda müalicə alan sevimli komandirə qələbə sevinci ilə raport verirlər.
Zəhra Səfəralı qızı yeri gəldikcə əsgərlərin xatirələrinə də müraciət edir. Bu xatirələrin Asəfin cəbhə həyatındakı şücaət və fədakarlığına işıq tutur. Romanda Ənvər və Asəfin qələbədən sonrakı həyatı da öz əksini tapır.
“Qoşa çinar” romanını müəllifin yeni ədəbi uğuru kimi qiymətləndirmək olar. Roman ruhu ilə kino estetikasına çox yaxındır. Ekran işığında da Qarabağ qazilərinin döyüş yolu tamaşaçılar tərəfindən maraqla qarşılanar.Azərbaycan ədəbiyyatında bundan sonra da sənədli roman janrında yeni-yeni əsərlər yazılacağı şübhəsizdir. “Qoşa çinar” sənədli romanı bu əsərlər sırasında çinar həyatı ilə həmişə yaşayacaq.
ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

Müəllif: Hatəm Əsgərov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


