Weather Data Source: havadurumuuzun.com

İlqar İsmayılzadə təqdim edir

ATLAZ SƏTİRLƏR…
(Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)
Cəlilabad ədəbi mühitinin istedadlı xanım nümayəndələrindən olan, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı, TYB-nin Ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayinin poeziya sahəsində işıq üzü görmüş ilk kitabı təxminən 2022-ci ildə çap olunmuş və oxucularının görüşünə gəlmişdir. Burada həmin kitab barədə ümumi təqdimatla tanış oluruq:

Kitabın əsas məlumatları:
Kitabın adı: “Atlaz sətirlər” (Şeirlər)
Müəllif: Atlaz Rzayi
Redaktor və korrektor: AYB-nin üzvü, şair Sevil Gül Nur
Dizayner: Tünzalə Tağıyeva
Ön söz: Gün Ay Ümid (AYB-nin üzvü, şair)
Naşir: “Gənclik” nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2022
Çap növbəsi: Birinci
Kağız formatı: 60×84 1/16
Tiraj: 100 ədəd
Səhifə sayı: 68 səhifə.

Müəllifin qısa təqdimatı:
Atlaz Həsənağa qızı (Atlaz Rzayi) 1991-ci ilin oktyabr ayının 26-da Azərbaycan Respublikasının Salyan rayonunun Yenikənd kəndində əslən Cəlilabaddan olan bir sadə ailədə dünyaya göz açmışdır. 1998-ci ildə Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinə getmiş və 2009-cu həmin məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır.
Uşaq yaşlarından etibarən poeziya sahəsinə həvəs göstərmiş, müxtəlif mövzularda bir-birindən maraqlı şeirlər qələmə almışdır.
Ədəbiyyat sahəsində “Atlaz Rzayi” təxəllüsü ilə tanınan bu xanım yazıçı-şair 2018-ci ildən etibarən müxtəlif internet portalları və dövrü mətbuatda öz şeirləri ilə çıxış etməkdədir.
Atlaz Rzayi şairliklə yanaşı yazıçılıq və bədii qiraətlə də məşğuldur. İndiyədək bir çox tanınmış şairlərin şeirlərini səsləndirmiş, həmçinin, vətən uğrunda canından keçmiş 20-yə yaxın əziz şəhidlərimizlə bağlı məqalələr yazmışdır. 2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə respublika səviyyəsində ilk dəfə olaraq yazılıb işıq üzü görmüş “Qələm tutan incə əllər” kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmışdır. Bundan əlavə, indiyədək bir çox antalogiya və ədəbi məcmuələrdə öz bədii ədəbiyyat nümunələri ilə uğurla çıxış etmişdir.
Turan Yazarlar Birliyinin üzvüdür. Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, “Həməşəra” Fəxri Diplomuna layiq görülmüşdür. Bundan əlavə, “Yazarlar” jurnalı tərəfindən məlum “Atlaz sətirlər” kitabına görə “Ziyadar” Mükafatı, həmçinin, Turan Yazarlar Birliyinin xüsusi ödülü və “Həməşəra” mətbu orqanı tərəfindən təsis edilmiş “Turan Ödülü” ilə təltif edilmişdir.

Kitab barədə:
Bu kitab bədii qiraətçi və yazıçı-şair Atlaz Rzayinin 4 il öncə işıq üzü görmüş ilk şeirlər kitabıdır. Kitabın redaktoru və korrektoru Cəlilabad ədəbi mühitinin tanınmış nümayədəndələrindən olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Sevil Gül Nur, ön söz müəllifi isə AYB-nin üzvü, şair Gün Ay Ümiddir.
Şair Gün Ay Ümid kitaba yazdığı ön sözdə Atlaz Rzayinin ədəbiyyat sahəsində iddiakar olmadığı, təkəbbürdən uzaq olan və eyni halda onu sözə ehmalca yanaşan bir xanım olaraq təqdim edir, onun şeirlərini uzunçuluqdan uzaq, həzin və xəfif adlandırır. O, həm də Atlaz xanımı heç kimin yaradıcılığına müdaxilə etmədən öz yolunda ürəyinin doğduğu şeiri qucaqlayanlardan biri olaraq vəsf etmişdir…
Kitabda Atlaz Rzayinin təbiət, həyat, insan və sevgi kimi mövzularda sərbəst forma və heca vəznində olan 59 şeiri yer almışdır. Bu şeirlərdən yalnız biri (“Sevgi ömrü” adlı şeir) Xalq şairi Ramiz Rövşənə ithaf olunmuş, “Oxu bülbül” adlı digər şeiri isə görkəmli Azərbaycan şairi mərhum Bəxtiyar Vahabzadənin “Oxuma, bülbül” şeirinə cavab olaraq qələmə alınmışdır.
Atlaz Rizayinin poeziya dünyasını ümumi baxımdan analiz etdikdə, onun sadəliklə yanaşı, həm də səmimi və ürək oxşayan olduğunu təsbit etmək mümkündür. Onun həyatda malik olduğu sadəlik, səfa-səmimiyyət və saflıq xüsusiyyətlərinin sanki qələmə aldığı şeirlərinə hopduğunu söyləmək olar. “Atlaz sətirlər” kitabında yer almış bir-birindən maraqlı və gözəl şeirlər bunu deməyə əsas verir.
Bu baxımdan, kitabın adlanması da tam uyğun və dəqiq təsbitdir. Çünki atlaz (atlas) sözü lüğət baxımından ipək və ya sintetik liflərdən hazırlanmış, üzü hamar, çox parlaq və keyfiyyətli parça növüdür. Adətən paltarlar, astarlar və dekorativ ev tekstili üçün istifadə edilir, gözəllik, zəriflik və dəbdəbə simvolu kimi qəbul olunur. Bu parça növü öz parlaqlığı ilə tanınır, ona görə də təşbihlərdə hamar, işıltılı şeyləri təsvir etmək üçün “atlaz kimi” ifadəsi işlənir. Atlaz xanımın qələmə aldığı şeirlər də rəvan, sadə və zərif olduğundan kitabının “Atlaz sətirlər” adlanması tam uyğundur.

Arzu və diləklər:
Bu təqdimatın sonunda Cəlilabad ədəbi mühitinin dəyərli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayiyə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist)
26.06.2026

Top