USTAD ZÜLFİ VELLİDAĞIN 75 İLLİK YUBİLEYİ VƏ KİTAB TƏQDİMATI

USTAD ZÜLFİ VELLİDAĞIN 75 İLLİK YUBİLEYİ VƏ KİTAB TƏQDİMATI
(Cəlilabadda ədəbi tədbir)
Bu gün (26.06.2026) Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin Ödülü və “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, ustad şairimiz Zülfi Vellidağın 75 illik yubileyi və yenicə işıq üzü görmüş “Qəlbimdən gələn səslər” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin bir qrup üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Azərbaycan Silahlı Qüvvələrinin Günü, həmçinin, əziz şəhidlərimizin anılması ilə başladı, ardınca tədbir iştirakçıları öz çıxışında Ustad Zülfi Vellidağın ziyalı şəxsiyyəti, rayonun elm və təhsil, eləcə də ədəbi mühitinə xidmətlərindən söz açaraq onun ədəbiyyat sahəsindəki xüsusi bacarığı və ustad mövqeini yüksək qiymətləndirdilər.
TYB-nin üzvü, tanınmış yazar və bədii qiraətçi Adıgözəl müəllim Nuriyev və bədii qiraətçi, şair Müşahidə xanım Nərimanovanın aparıcılığı ilə davam edən tədbir boyu Ustad Zülfi Vellidağıın qələmə aldığı şeirlərdən müəyyən nümunələr qiraət edildi, həmçinin, tədbirin xüsusi qonaqları Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmisi Varid Əsgərov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, professor Elman Nəsirov, tanınmış şair, publisist, nasir, ictimai xadim və Türk dünyasının fəal söz adamlarından olan Əkbər Qoşalı, çağdaş Azərbaycan şeirinin öncüllərindən olan şair, tərcüməçi və essesit, eyni halda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü Səlim Babullaoğlu, AYB Həmkarlar İttifaqının sədri, “Mustaqil.az” portalının baş redaktoru, AYB və AJB-nin üzvü, tanınmış kapitan, şair-publisist Faiq Balabəyli, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) İctimai Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar və digər tanınmış qələm əhli və ziyalılar öz çıxışlarında Zülfi Vellidağın ədəbi yaradıcılığı, təhsil sahəsində yarım əsrlik faydalı xidməti və insani keyfiyyətlərindən danışdılar.
Tədbirin davamında Əkbər Qoşalı tərəfindən Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri fəlsəfə doktoru Fazil Mustafanın təbrik məktubu, Səlim Babullaoğlu tərəfindən AYB-nin sədri, Azərbaycanın Xalq yazıçısı Anar Rzayev tərəfindən imzalanmış “Fəxri Diplom” və özü tərəfindən xüsusi tablo hədiyyəsi, İntiqam Yaşar tərəfindən DGTYB-nin xüsusi fəxri lövhəsi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Zülfi Vellidağın 75 illik yubileyi və ədəbiyyat sahəsində xidmətlərinə görə “Nizami Gəncəvi” Fəxri Diplomu, Turan Yazarlar Birliyi tərəfindən ona verilmiş “Turan Xalq şairi” fəxri adına aid xüsusi lövhə, həmçinin, “Yazarlar” jurnalının baş redaktoru, tanınmış yazıçı, şair-publisist Zaur Ustac tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi, “Sözün işığı” mətbu orqanının baş redaktoru Ədalət Salman tərəfindən Cəlilabad Rayon Veteranlar Təşkilatının Fəxri fərmanı, həmçinin, digər iştirakçıların xüsusi hədiyyələri təqdim edildi.
Ustad şair Zülfi müəllim öz çıxışında ona göstərilən sayğı və diqqətə görə tədbir təşkilatçıları və iştirakçılarına, onu təltif etmiş və hədiyyə təqdim etmiş bütün əzizlərə səmimi minnətdarlığını, həm də bütün tədbir iştirakçılarından razılığını bildirdi. O, ən böyük hədiyyənin gözəl və səmimi insanlarla bir arada olmaqdan ibarət olduğunu bildirərək göstərilən bütün səmimi davranışlara görə hər kəsə təşəkkür etdi…
Bu tədbirdə ustad şairin yenicə nəfis şəkildə nəşr edilmiş sayca ikinci şeirlər kitabından tədbir iştirakçılarına hədiyyə olundu. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı…




“Yazarlar” olaraq biz də həmkarımızı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


