“Gələn həftə yenə gələcəm”

“Gələn həftə yenə gələcəm”
(hekayə)
Metronun çıxacağı ilə üzbəüz səkidə dayanmış, gözlərini qapıya dikmişdi. Metrodan çıxan insanlar qatarın gəlməsindən asılı olaraq 10 dəqiqədən bir çoxalır, sonra yavaş-yavaş azalırdı. Qolundakı saata baxdı. Yarım saatdan çox gözlədiyinin fərqinə varıb ağır addımlarla bulvara tərəf yeriməyə başladı. Beli azacıq əyilmiş, əynində pencəyi nimdaş, ayaqqabılarının dabanları da yeyilmiş olan 70 yaşlarındakı bu kişinin ayaqlarını yerə sürtə-sürtə yeriməsindən hiss olunurdu ki, özü getmək istəsə də, ayaqları getmək istəmir.
Yeraltı keçidi keçdikdən sonra bulvar ərazisinə daxil oldu. Dənizə tərəf gedib dayandı. Sonra ətrafına baxıb, sahilə yaxın yerdəki boş skamyalardan birində əyləşdi. Dərin nəfəs alıb pencəyinin cibindən bir dəftərçə çıxardı. Titrəyən əlləri ilə dəftərçəsini xeyli sığalladı və varaqlamağa başladı. Vərəqlərin arasındakı qadın şəklini götürüb dəftərçəsini yenidən cibinə qoydu. Əlinin arxası ilə yaşarmış gözlərini silib nəzərlərini şəklə zillədi. Amma gözlərindən axan yaş dayanmırdı. Gözlərini yumdu… Dodaqları titrəyirdi. Bilmək olmurdu, ağlayırdı, yoxsa öz-özünə nəsə danışırdı…
Sevinci yerə-göyə sığmırdı. İlk dəfə görüşəcəkdi sevdiyi qız ilə. Əslində demək olar ki, hər gün bir-birlərini görürdülər. Eyni məhəllədə qalırdılar. Buradakı insanlar çox mehriban idilər. Axşam üstü hamı həyətə düşər, söhbət edərdi. Qapıya yaxın yerdə yaşlı qadınlar, onlardan bir az aralıda qızlar, gəlinlər, qarşı tərəfdə də yaşlı kişilər əyləşərdilər. Məhəllənin ortasına yaxın yerdə də gənc oğlanlar yığışardı. Artıq 2 ilə yaxın idi ki, Nuriyyə ilə gizlin-gizlin baxışır, gözləri ilə söhbət edirdilər. Özü hərbi xidmətini başa vurduqdan sonra Pedoqoji instituta qəbul olmuş, 2-ci kursda oxuyurdu. Nuriyyə isə bu il orta məktəbi bitirmişdi. O da gələcəkdə müəllim olmaq istəyirdi və sənədlərini həmin instituta verəcəkdi.
2 illik gizlin-gizlin baxışmalardan sonra cəsarətini toplayıb qıza ürəyini açmış və bu gün görüşə dəvət etmişdi. Dediyi vaxtdan yarım saat öncədən gəlib metronun çıxacağının qarşısındakı səkidə dayanmış, sevdiyi qızın gəlməsini gözləyirdi.
Nəhayət Nuriyyə qapıda göründü. Utana-utana ona yaxınlaşıb titrək səslə “Salam” dedi və başını aşağı salıb sakit dayandı.
Birlikdə bulvara tərəf üz tutdular. Xeyli gəzib dolaşdıqdan sonra dənizə yaxın yerdə bir skamya tapıb əyləşdilər. Məlum oldu ki, hər ikisi dənizi çox sevirmiş. İki il idi ki, bir-birlərinə gözləri ilə elan etdikləri sevgini bu gün sözləri ilə də dilə gətirdilər.
Bu görüş həftədə bir dəfə olmaqla illərlə davam elədi.
Artıq evlənmişdilər. Hər ikisi müəllim işləyirdi, amma fərqli məktəblərdə. Yenə də həftədə bir dəfə işdən çıxıb metronun önündə görüşərək bulvara gələr, skamyada əyləşib dənizə tamaşa edərdilər. Bu iki gəncin sevgisi onları tanıyan hər kəsə örnək olmuşdu. Ancaq bir məsələ var idi; övladları olmurdu. Neçə dəfə müalicə üçün həkimlərin qapılarını döysələr də, müsbət cavab ala bilməmişdilər. Axırda qismətləri ilə barışımağa məcbur olmuşdular. Övlad sahibi ola bilməmələri onların sevgisini azaltmır, əksinə daha da gücləndirirdi. Bu da onları tanıyanların gözündə həm özlərini, həm sevgilərini çox dəyərli etmişdi.
Gözəl məclis qurulmuş, süfrə açılmışdı. Yuxarı başda bu iki cütlük, ətraflarında da yaxınları, doğmaları əyləşmişdilər. Bu gün onların evliliklərinin 20 illiyi qeyd olunurdu. Hamı ürəkdən gələn ən gözəl sözləri səbəbkarlara söyləyir, onları “Leyli və Məcnunun qovuşmuş versiyası” adlandırırdılar.
Məclis dağıldıqdan sonra Nuriyyə bu gün çox yorulduğunu və özünü pis hiss etdiyini, başının ağrıdığını söylədi. Ancaq səhərə kimi baş ağrısı kəsmədi.
Lazım olan bütün analizləri vermişdilər. Dünəndən bəri davam edən baş ağrısının səbəbini həkim də tam izah edə bilmirdi. Ona görə də analizlərin nəticələri çıxana qədər bir neçə gün gözləməyi və hələlik ağrı kəsici qəbul etməyi məsləhət görmüşdü. Artıq evə qayıdırdılar. Nuriyyə bulvara getmək, dənizə baxmaq istədiyini bildirdi.
Havanın küləkli, dəniz kənarının daha soyuq olduğu üçün çox qala bilmədilər bulvarda. Sanki təbiətin də keyfi yox idi bu gün.
Çox dərindən sarsılmışdı… Ağır addımlarla evinə doğru yeriyirdi. Ayaqlarını yerə sürtə-sürtə gedirdi. Bəlli ki, evə çatmaq istəmirdi. Analizlərin cavabı ürəkaçan deyildi. Həkim “xərçəng”dən şübhələndiyini demiş, neyrocərraha müraciət etmələrini məsləhət görmüşdü. Özünü ələ almalı, Nuriyyəni şübhələndirməməli idi. Lap tutaq ki, bunu edə bildi… Bəs neyrocərraha getməli olduqlarını necə deyəcəkdi? Yaxşı ki, Nuriyyə bu gün həkimə gəlməmişdi. Heç olmasa düşünməyə az da olsa vaxt qazanmışdı. Önündən keçdiyi binanın şüşə qapısında öz əksini gördü; sanki beli əyilmiş idi. Öz-özünə, “Bu necə ola bilər? Yəqin qapıda əyrilik var” deyərək yeriməyə davam elədi.
Yerində dura bilmir, dayanmadan dəhliz boyu o başa, bu başa gedib gəlirdi. Dörd saatdan çox idi ki, əməliyyat gedirdi, ancaq kimsə çıxıb bir məlumat vermirdi. Dostları da yanında idi. Bir neçə dəfə “gəl azacıq otur”, “çıxaq çölə bir az hava alaq” desələr də, çay, su təklif eləsələr də hamısından imtina eləmişdi. Keçən dörd saatda bir an belə dayanmamışdı.
Nəhayət əməliyyatxananın qapısı açıldı və həkim göründü. Hamı həkimi dövrəyə alıb, suallar yağdırmağa başladı. Həkim gözü ilə ona arxasınca gəlməsini işarə elədi.
Birlikdə otağa daxil oldular. Həkim öncə qrafindən bir stəkan su süzüb onun qarşısına qoydu və aramla danışmağa başladı;
— Baxın, mən sizə hər şeyi olduğu kimi söyləyəcəyəm. Biz əlimizdən gələni elədik. Xəstə hal-hazırda demək olar ki, yaxşıdır, həkimlər son tikişləri atırlar. Bir azdan reanimasiyaya köçürəcəyik. Ancaq bir şeyi bilməyinizi istəyirəm. Şiş çox böyük idi və təhlükəli yerdəydi. Mərkəzlərə də yaxın olduğu üçün tam çıxara bilmədik. Yoxsa görməsində, yaxud yeriməsində fəsadlar ola bilərdi. Bu vəziyyətdə mən sizə dəqiq bir söz deyə bilmərəm. Biopsiya üçün toxuma götürmüşük. Histoloji müayinədən sonra nəsə demək olar. Bircə onu deyə bilərəm ki, möhkəm olun və çoxlu dua edin.
Heç nə demədən ağır-ağır otaqdan çıxdı. Belinin bir az da əyildiyini hiss elədi sanki…
“Öz yerlərində” oturub dənizə tamaşa edirdilər yenə. Əslində Nuriyyə dənizə, o isə Nuriyyəyə tamaşa edirdi. Payız da gəlmiş, havalar yavaş-yavaş soyumağa başlamışdı. Buna baxmayaraq Nuriyyəni hər gün bulvara gətirirdi. Axı sevdiyi qadın son günlərini yaşayırdı… Barı dənizə doya-doya baxsın. Həkim xəstəliyin metastaz verdiyini, sürətlə inkişaf etdiyini, xəstənin də ömrünün az qaldığını bildirmişdi. Əlindən bundan başqa heç nə gəlmirdi…
Hava qaralmaq üzrə idi. Pəncərənin önündə dayanıb küçəyə baxırdı. Yollarda demək olar ki, adam gözə dəymirdi. Yağış da heç dayanmırdı. Günorta 1 saat ara vermişdi, o da dəfn zamanı. Sanki yer-göy Nuriyyə üçün ağlayırdı.
Son 20 ildə Nuriyyəsiz ilk gecəsini keçirəcəkdi…
Bu gün Nuriyyəsinin dünyasının dəyişməsindən 40 gün keçirdi. Bayaqdan məzarının önündə heykəl kimi dayanıb baxırdı. Bir neçə addım irəli atıb başdaşını qucaqladı və danışmağa başladı:
— Nuriyyəm, mənim hər şeyim… Bura son gəlişimdir… Məni bağışla… Səni torpaq altda görmək çox ağır gəlir mənə. Ya özün məni bura birdəfəlik gətir, ya da mən səni həmişəki kimi metronun qarşısında gözləyəcəyəm. Hələlik…
Başdaşının üzərindəki şəkli öpüb ayaqlarını yerə sürtə-sürtə ayrıldı məzarlıqdan.
O gündən sonra hər həftə eyni gün, eyni saatda metronun qarşısına gəlir, yarım saat gözlədikdən sonra ürəyində, “bəlkə məni dənizin kənarında gözləyir” deyərək bulvara tərəf yeriyirdi. Bu artıq 30 ilə yaxın idi ki, davam edirdi. Yay-qış, şaxta-boran bilmədən…
…Gözlərini açdı və “Yenə məni aldatdın, gəlmədin, Nuriyyə. Yaz özün gəl, ya da məni apar yanına, nolar…” deyərək şəklə son dəfə baxaraq öpüb dəftərcəsinin arasına yerləşdirərək cibinə qoydu. Sonra əllərinin arxası ilə yaş süzülən gözlərini və yanaqlarını silib ayağa qalxdı. “Gələn həftə yenə gələcəm, gecikmə ha” deyərək ağır addımlarla, ayaqlarını yerə sürtə-sürtə ordan uzaqlaşdı…
Müəllif: Namiq Müslümov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


