Weather Data Source: havadurumuuzun.com

Lal baxışlı, soyuq qadın

SOYUQ QADIN
Lal baxışlı, soyuq qadın,
Danışmayan, susan qadın…
Nə ağlayır, nə də gülür,
Susduqca ucalan qadın!

Gözlərində dəniz yatır,
Dalğaları içindədir.
Həm kədərli, həm də güclü,
Yarım qalan hekayədir.

Min söz yatır sükutunda,
Ən səsli səs olan qadın.
Dili gəlməz söz deməyə,
Bulud kimi dolan qadın.

Min iztirab var içində
Qırıq arzuların izi..
Kimsə duymaz , kimsə bilməz
Tanrı bilir , bir də özü…

EŞQİN DÜNYASI

Ey mənim qanıma hopmuş məhəbbət
Qəlbimi yandır ki yaşıya bilim
Bu yatmış ruhumu oyat canımda,
Əbədi eşqimi daşıya bilim.

Şirin xatirələr həmdəmim olsun
Bir an ayrılmasın mənim yanımdan.
Həsrətin kök salsın damarlarımda
Ruhumla çıxartsın səni canımdan.

Ey mənim qanıma hopmuş məhəbbər
Sənsiz bu dünyanın nədir mənası?…
Dünyanın içində neçə dünya var,
Ən gözəl dünyadır eşqin dünyası…

ELƏ BİR YER OLA

Elə bir yer ola çıxıb gedəsən
Özünlə baş başa qalasan orda
Nə hal bilən ola nə xətir soran
Özünü yenidən tapasan orda

Yanında qələmin, kağızın ola
Yazdığın ilk sözdən çıxasan yola
Yazasan xəyali səadətini
Gözlərin uzağa hey dala dala

Ovunmaq istəsən misralarında
Qəmi gizlədəsən söz arasında
Bir sətir ümidə sarılmaq üçün
Sanasan özünü eşq adasında

Elə bir yer ola çıxıb gedəsən,
Ürək öz yükünü divardan asa
Nə kaş ki səslənə nə niyə ola
Sual da yorula cavab da susa

Elə bir yer ola çıxıb gedəsən
Qayıdış olmaya xəritələrdə
Gedəsən dərdlərin itə yollarda
Keçmişlə arana çəkilə pərdə

BOŞ ÇƏRCİVƏ

Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.

YALAN DÜNYADA

Uyma tərifə ey qadın ,inanma , yalan dünyada .
Baxışın od silahındır, unutma, yaman dünyada,

Günəş kimi ləkəsiz ol, parla ,işıq saç,heç sönmə,
Məsafəni qalxan eylə ,günahla dolan dünyada.

Hər üzünə güləni sən, sanma ki aşiqdir deyə,
Kar ol şirin, xoş sözlərə, kəməndə salan dünyada.

Açma könül qapısını hər qapını döyənə sən,
Sevgini qumar ediblər, oyunbaz olan dünyada,

Aşiq o kəslər olar ki ,niyyəti safdır, təmizdir,
Bax, belə sevgi sağlamdır, saralıb solan dünyada.

Səadət gördükcə sən də, bu dünyanın hər üzünü,
Qəm edirsən, dərd edirsən, sevgisiz qalan dünyada.

SƏN YALANDAN GÜLURSƏN

Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!

Günah mənimdir deyib, özünü qinayırsan,
Yaşadığın hər günü qara günün sayırsan,
Susqun durub, bəlkə də, hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.

Yuvasinda bir qərib qaranquşa bənzədin,
Baharin ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.

O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….

AĞLAYAN XATİRƏLƏR

Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.

Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.

Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.

Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.

Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.

MƏN Kİ, TƏNHA DEYİLƏM

Mən ki, tənha deyiləm,
İçimdə çoxlu “mən” var.
Biri hey susur dərin
Biri hey haray salır.

Biri keçmişdə donub ,
Xatirəyə sarılıb,
Biri sabah dalınca
Ümid kimi darıxıb…

Mən ki, tənha deyiləm
Beynimdə izdiham var.
Səssizliyin səsində
Min səsli bir aləm var.

Özümlə savaşıram,
Bəzən də barışıram,
Kənardan bir nəfərəm,
İçimdə min nəfərəm.

Kiməm axı, kiməm mən?
Hansı səsim həqiqət?
Bəlkə bütün “mən”lərin
Adı qərib Səadət…

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top