Weather Data Source: havadurumuuzun.com

Dədə Qorqud Oğuz boyu öldü, gəl,

ƏCƏLDƏN DİLƏYİMİZ
(Tofiq Hacıyevin ölümünə)

Dədə Qorqud Oğuz boyu öldü, gəl,
Dilimizin kökü, soyu öldü gəl.
Dədə Tofiq axır toyu… öldü gəl,
Külək olub saçlarını yol, yeri.

Əcəldən diləyimiz… möhlət də yandı getdi,
Qazıla can evimiz… əhlət də yandı getdi.

Cəhənnəmin yanmağı… cəhənnəmə yanaydı;
Cənnəti-Rizvan ölüb, cənnət də yandı getdi.

Göyçə kösöv… qaralıb, Qarabağ çoxdan yanıb,
Bakı ağlar yanğıda, Ələt də yandı getdi.

Dilimiz ağrıyanda dilə şəfa diləyi,
Neçə sözün loğmanı… şəfqət də yandı getdi.

Etibar əldən gedir, ehtiram yoxa çıxır,
Hörməti qov elədik, izzət də yandı getdi.

İllər açıb ağzını yaş yeyir, ömür udur,
Dadlar, tamlar dəyişir, ləzzət də yandı getdi.

Eşqinin mərəzində Füzuli girov oldu,
Ustad da canı verdi, səhhət də yandı getdi.

Diri qara bağladı, Xudafərin inlədi:
Sözə Tanrı körpüsü nemət də yandı getdi.

Soltanlı kəhrizində su dayandı, axmadı,
Cəbrayıl çinarında qamət də yandı getdi.

İsmayıl oğlu Tofiq söz dağları Bisutun
Məntiqi külüng idi alət də yandı getdi.

Bir saray ucalmışdı dilin məna mülkündə,
Mənalar hökmdarı dövlət də yandı getdi.

Cilalanmış bir almaz, ürəyi “Kuhi-nur”du,
Can qəfəsi bir səbət səbət də yandı getdi.

“Qalx, ey dövran yerişli, fələk gövdəli dəvə”
Füzuliyə təzim də, beyət də yandı getdi.

“Hər nə deyir, düz deyir – söyləyərdi Nizami,
İnam elə qırıldı ,əlbət də yandı getdi.

Fikirlər çəmənində bir çiçək də qalmadı,
İlimiz quraq gəldi, qəhət də yandı getdi.

Yaltaqlığın, yalanın qənimi küsdü bizdən
İsimlər yoxa çıxdı, sifət də yandı getdi.

Bircə sözü qalanın adı yaşayar, ölməz
Mərəzlər qiyamında ölət də yandı getdi.

Dörd yana çapar getsin əvəzi tapılarmı?
Tərəflər boyun bükər, cəhət də yandı getdi.

Özü vicdan damarı, millətin haqq səsiydi,
Böyük Türkün hünəri qeyrət də yandı getdi.

Dilə sevgidən gələn neçə gəncə, cavana,
Sonuncu imkan idi, fürsət də yandı getdi.

Yaxşıların yaxşısı, müdriklərin müdriki,
Gözəllərin gözəli, afət də yandı getdi.

Dədə Qorqud timsalı, Kaşğarlı Mahmud özü,
Ululara tay olan nisbət də yandı getdi.

Düşüncə sarayından parlayan günəş söndü,
Səksənən qafillər də, qəflət də yandı getdi.

İsmayıl oğlu Tofiq gözəl nitqin ustadı;
Bəlağət oda düşdü, söhbət də yandı getdi.

Kimlərin gəlməyi var, kimlərin getməyi var;
Tanrının kəraməti minnət də yandı getdi.

Aləmində nur vardı, könlü işıq saçırdı,
Mövlanədən yadigar hikmət də yandı getdi..

Nəsimidən od almış istəyi, cəsarəti,
Gözlərində parlayan himmət də yandı getdi.

İnsana, insanlığa əvəzsiz bəxş etdiyi
Sevgi də, məhəbbət də, rəğbət də yandı getdi.

Haqsıza qarşı duran acıq, qəzəb ütüldü,
Qəlbində küdurət də, nifrət də yandı getdi.

Elmin günəşi söndü, yer yerində dayandı
Vaxt öldü, zaman durdu, sürət də yandı getdi.

Əcəl hökmünü verdi, zəkanın dili susdu,
Açıq söz dərdə batdı, cürət də yandı getdi.

Tanrı görkəm vermişdi idrakına bərabər,
Torpaq aldı qoynuna, surət də yandı getdi.

Füzulini yandıran şəbi-hicran gecəsi
Ayrılıq ağlar qaldı, həsrət də yandı getdi.

Fələk çəkdi kamına, əcəl oxu sevindi;
Təpər düşdü atından, taqət də yandı getdi.

Adım beli büküldü, sanın dili tutuldu,
Nüfuz göz yaşı tökdü, şöhrət də yandı getdi,

Bir zəkanın ölümü min dünyaya əvəzdi,
Xəzinələr talandı… sərvət də yandı getdi.

Tofiq sözü güe demək, əyilməz, qürur demək,
Əcəl şimşəyi çaxdı, qüvvət də yandı getdi.

Düz sözün hakimiydi, səhvi göydə tutardı,
Doğru közə tutuldu, qələt də yandı getdi.

Qaralmadı ağ kağız, xəcalət basdı sözü,
Qələm qaldı intizar, xiffət də yandı getdi.

Tozu tutiya bildi, külək aldı torpaqdan,
Vətən çəksin gözünə… qismət də yandı getdi.

Əllər yurda uzalı, üzlər qaldı sozalı,
Qəribləri ağladan qürbət də yandı getdi.

Müdriklərsiz dünyanın nə dəyəri deyirəm?..
Müdrik tərk etdi bizi – hörmət də yandı getdi.

Uşağa uşaq idi, böyüyə böyük Tofiq,
İpək kimi xasiyyət, xislət də yandı getdi.

Bilqamıs… Şumer dili… xəzinələr açarı
Mənaların özəyi, siqlət də yandı getdi.

Tənələr yas bağladı bədxahların dilindeə
İndi hara üz tutsun?..
Töhmət də yandı getdi.

iblisin beli sındı, kimə böhtan söyləsin?
Baxıb idbar üzünə, lənət də yandı getdi.

Qor düşdü açılmayan məramların kürkünə,
Məqsəd də yandı getdi, niyyət də yandı getdi.

Dillərdə abır, ismət sözün qızıl tirməsi,
Abır da yandı getdi, ismət də yandı getdi.

«Şeirimiz, nəsrimiz, ədəbi dilimizədə
Gözəlliyin görkəmi – zinət də yandı getdi.

Misralar sıra-sıra, yeridikcə, gəldikcə,
Dilə gəldi sənətkar: «sənət də yandı getdi».

<<Dədə Qorqud: dilimiz, düşüncəmiz» yolunda,
Yaranmış ənənələr, adət də yandı getdi.

Bilinən, bilinməyən sirlərin xiridarı,
Dedi açıq-aşikar; xəlvət də yandı getdi.

Ağlar güləyən «Sabir: qaynaqlar və sələflər»
Yer-yerdən səda gəldi; millət də yandı getdi.

Dilin zaman qatına süründü dizin-dizin,
Sona çatdı əzablar, zillət də yandı getdi.

İstedadı əzəldən Tanrının bəxşişiydi,
Alın təri, qazancı, zəhmət də yandı getdi.

Böyük «Qıpçaq çölünün yovşanı çağırardı,
Qoxusuna, ətrinə dəvət də yandı getdi.

Türküstan yasa batdı, Murad Adcı ağladı,
Türk Arslanı bir azman – heybət də yandı getdi.

Kurqanda məzarından qalxar «Qızıl Döyüşçü>>
Hay salar, haray salar: qüdrət də yandı getdi.

Bir yanda Şah İsmayıl, bir yanda Sultan Səlim Xəcalətli qılınclar… qarət də yandı getdi.

Ürəyim oldu büryan – Füzulidən betərəm,
Qafiyə də, şeir də, sonet də yandı getdi…

Can quşu uçub getdi, Tanrı qucaq açmışdı,
Ölümün qabağında rəhmət də yandı getdi.

Min acını yeyərlər, bir sirinin xətrinə,
Fərhad öldü Şirindən, şərbət də yandı getdi,

Qazılan yaş torpağın buğ qalxır ciyərindən,
Torpaq, ana qucağı türbət də yandı getdi.

Meyarlar dəyişməsə, ölçülər əyişməsə,
Tərəzi yenə deyər: qiymət də yandı getdi.

Mən elə Məcnunam ki, Xələflidən betərəm, Məni gəzməz bir kimsə, ülfət də yandı getdi.

İki aləm şahının özü pişvaz eylədi,
Canındakı yarası, illət də yandı getdi.

Qürbətdə Nigarinin məzarına köz düşdü,
Elmin şahi-mərdanı – Həzrət də yandı getdi.

Bu dünyadan aldığı baratların yanında
Əli rzanın söz donu, xələt də yandı getdi.

Bir Zaloğlu var idi, canını əvəz bildi,
Tanrı qəbul etmədi, rüşvət də yandı getdi.

<<<Heyrət, ey büt» – söylədi, memarımız əzəldən
Heyrətin heyrətinə heyrət də yandı getdi.

Səbuhidən bu yana Qoca Qafqaz gülünü,
Xələfli dəstə tutdu, dəmət də yandı getdi.

Yaxşıların axırı pislərin əzəlidi
Şəhriyar deyən gəldi, ibrət də yandı getdi.

Təzə Günəş doğula, səhər nəğmə oxuya;
Bir deyək gecəmizə, zülmət də yandı getdi.

Azad çölün üstündən azad nəğmə səslənə
Turanımız sevinə… möhnət də yandı getdi.

Ey aşiqlər aşiqi, yaxın gəl Xələfliyə,
Fəryada bir halı yox, halət də yandı getdi.

Əli Rza xələfli “Üzü Qarabağa” (səh134-142)
28.11.2015 – ci il

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top