Weather Data Source: havadurumuuzun.com

Umberto Eko

***

Posmodern ədəbiyyatın bel sütunu sayılan, çağdaş romançılığın ustad yazarlarından olan Umberto Eko təkcə yazıçı kimi yox, həm də çağımızın bəlalarının, naqisliyinin diaqnozunu 30-40 il öncədən vermiş filosof, tarixçi, esseist, pedaqoq, publisist, tənqidçi – alim kimi tanınır. Onun əsərləri insanın gözünü açır, bu çəlpəşik zamanda bizi daim ayıq-sayıq olmağa sövq edir. Eko sözün və adın əbədiliyinə, Tanrının qədər-qismətinə inanan və inandıran yazardır.
Umberto Ekonun müəllifi olduğu “Qızılgülün adı”, “Fukonun rəqqası”, “Praqa məzarlığı”, “Sıfır sayı” kimi bestseller romanların mən də vurğunuyam.
”Qızılgülün adı” romanını isə dünya nəsrinin incisi sayıram.Umbertonu həm də Tanrının bəxşişi hesab edirəm, çünki məndən öncə elə onun soyadı bu gerçəyi qulağıma pıçıldayır.

              TANRININ BƏXŞİŞİ – EKO
(xəyali müsahibə və yaxud müsahibə-yazı)

Turan Uğur -Adınız?
Umberto Eko -Umberto
T.U: Soyadınız?
U.E: Eko – latınca “Tanrının bəxşişi” anlamı daşıyan ifadənin abreviaturasıdır.
T.U: Peşəniz?
U.E: Yazıçı.
T.U: Əsərləriniz?
U.E: “Qızılgülün adı”, “Sıfır sayı”, “Praqa məzarlığı”, “Fukonun rəqqası” və.s
T.U: Kitabxananızda neçə kitab var?
U.E: Şəxsi kitabxanamda 30 minə yaxındır.
T.U: Deməli, o hesabla 30 min sirriniz var?
U.E: Elə çıxır.
T.U: Yaşadığınız ünvan?
U.E: Milan, Cüzeppe Qaribaldi küçəsi, 32.
T.U: Qeydiyyatda olduğunuz ünvan?…
(Hələ cavabını ala bilmirəm)
Gülün ətri olur, amma onun mahiyyəti məhz adındadır. Qızılgülün adı – sən demə, bu gül ona görə qoxuyurmuş ki, özünə yaraşan, qəşəng bir adı var.Əlbəttə, qızılgülün taleyində bir gün də solmaq var, ancaq bütün hallarda onun adı onun qısa ömrünü uzatmağa qadirdir.
Bəs “Qızılgülün adı” kitabı? Orada olan bütün: monastır, kilsə, rahib, Xorxe, Adso, Vilhelm, orta əsrlər tarixi, sxolostika kimi anlayışlar bizə nəyi xatırladır?
Bu kitabı oxuyanlar: mən, sən, o, biz, siz, onlar – hamımız romanın adına borcluyuq. Qızılgülün özünə yox, ətrinə yox, məhz adına…
1932-ci ildə, yanvarın 5-də Alessandriyada, İtaliyada Umberto Eko ona görə doğulmuşdu ki, fəlsəfə və ədəbiyyat üzrə təhsil alsın? – Yox!
-Katolik şagird hərəkatının lideri olub, sonra bu hərəkatdan uzaqlaşsınmı? -Yenə də, yox!
-Renata Remqa ilə ailə qurmaq, Stefan və Karlotta adlı övladlara atalıq etmək necə? – Xeyr!
-Məhz ona görə doğulmuşdu ki, Umberto Eko bütöv bir yazıçı olsun.
Axı istedadlı yazıçı, istedadlı oxucudan doğularsa, onda belə bir mənzərə yaranar: tarix, fəlsəfə, linqvistika, din – hər sahəyə aid 30 min kitablıq kitabxana…
Yazıçıdan soruşurlar:
Bunların hamısını oxudunuzmu?
Üç cavabı var Umbertonun.Üçü də kinayəli:

1 Bunlardan daha çoxunu oxumuşam;
2 Yox, bunlar gələn həftə oxuyacaqlarımdır;
3 Xeyr, heç birini oxumadım.Oxusaydım niyə bunları bir yerə yığardım ki?!
Milanın əvvəllər hotel olmuş məkanı Umberto Ekonun evlərindən biridir.Uzun, yöndəmsiz dəhlizlərini göz bəbəyi kimi qorumaq 30 min kitabdan ibarət kitabxanaya giriş-çıxışı asanlaşdırır.Bu kitablar göz baxdıqca göz qamaşdırır, 1200 nadir kitab arasından elm, tarix, fəlsəfə boylanır, arabir Umbertonu səsləyir.

  • ”Hansını bir daha oxuyum” – deyə Umberto fikrə dalarsa, o zaman Ceyms Coysun kitabları ədibin karına gələrdi.Gəncliyinin yazarı idi Coys, bəs necə, elə də olmalı.
    -“Bu qədər elmi əsər yazdıqdan, dərin araşdırmalardan sonra nədən 48 yaşında roman yazdınız?” sualını versələr Umberto Eko belə cavablayardı:
    -”Ürəyim istədi”
  • “Bəs ürəyiniz niyə istədi?” bu suala da cavab tapılır Ekoda.
    Umberto Eko:
    “Mən 16 avqust 1968-ci ildə “J.Mabiyon atanın nəşr etdirdiyi, fransız dilinə tərcümə edilmiş, Melkli Adso atanın qeydləri” adlı bir kitab əldə etdim. Tərcüməçi Balle adlı bir abbat idi. Olduqca yoxsul olan tarixi şərhdə deyilirdi ki, tərcüməçi, on yeddinci əsrdə benedik – tin ordeninin 2 tarixçəsini araşdıran məşhur alimin Melk monastırının kitabxanasında tapdığı XIV əsrə aid olan əlyazmasını hərfbəhərf tərcümə edib.Beləliklə, Praqada sevdiyim birini gözlədiyim zaman əldə etdiyim nadir əsər (bu, xronoloji olaraq üçüncü tapıntım idi) məni yad ölkədə darıxmaqdan qurtardı. Bir neçə gündən sonra, sovet qoşunları talesiz şəhəri işğal etdi. Mən Lints civarmda Avstriya sərhədini keçə bildim; buradan isə asanlıqla Vyanaya gəldim və nəhayət, Praqada gözlədiyim həmin qadınla görüşdüm. Biz birlikdə Dunay çayı boyunca, yuxarı istiqamətdə səyahətə yollandıq”
    -Bu suala daha bir cavab versiyası təxminən belə olar:
  • Kitab yazmaq zənginlik deməkdir.Kitabdan uzaq duranların öldüyü zaman onların göz önündən heç bir kadr keçməyəcək. Mən isə dopdolu bir ömür yaşamışam.Yuli Sezarın sui-qəsdini, Romeo və Cülyettanın eşqini və Dantenin cəhənnəmini görmüşəm…Yoxsul bir həyat yaşamaq istəsniz kitabdan uzaq dura bilərsiniz. O zaman buyurun oxumayın!
    Eko ilk 6 romanını simfoniya kimi yazıb, 7-ci əsərini ritmik melodiya kimi işləyib.Qəzetçilik, media necə sürətlə irəli qaçırsa, yazarın üslubu da ona uyğun hərəkət edirdi.Demək ki, mövzu yazıçı tempini müəyyənləşdirir.Mətbuatdakı nöqsanlar, şantajlar, reketçilik, naşılıq barəsində minlərlə məqalə, sonra isə roman yazır Umberto Eko.Romanı ”Sıfır sayı” adlandırır.
    Böyük bir kitabxananın gözümün önündə canlanmasına lap az qalır.Sanki Ekonun kitabxanasına çoxdan aşinayam.Təsəvvür edirəm, siz də əlinizlə gözlərinizi qapayın və səyahətə hazır olun! – Hər tərəf dağınıqdır.Kitablardan sanki bir piramida düzəldilib.Kimsə boylanır.Umberto Ekoya bənzəyir kitab arasından boy verən adam.Piramidadan sirlər boylanar bu təbiidir, deməli, Ekonun sirri həm də 30 minlik kitabxanasıdır.Hər kitabın bir sirr daşıdığını nəzərə alsaq, havada sirlər uçuşuna tanıqlıq etmiş olarıq.Hə, indi gözlərinizi aça bilərsiz.
    -Elə qəzetlər də gözümüzü açmağa xidmət edir. Budur, bəndənizin əlində qəzet var.Oxuyub kənara qoyuram və bu sətirləri yazıram:
    -“Qəzet oxumaq müasir insanın günlük duasıdır”.Bu fikri Ekodan duymuşam – italyan yazıçısından, o da Hegeldən sitat gətirib vaxtilə.Baxın, qəzet oxuya bilmiriksə, deməli, sıfır sayı gündəmdədir.Umberto Ekonun bu adda romanı var.Əgər mətbuatda hər şey yaxşı vəziyyətdə deyilsə, qəzetin adını “Sabah” qoysan belə nafilədir, belə vəziyyətdə “Sabah” bu gün ölməyə məhkumdur.
    “Sıfır sayı” romanının birinci hədəfi “name droppinq” deyilən anlayışdır.Əminəm, bununla hər gün qarşılaşırsız.Mühüm şəxslərin adını çəkərsənsə, onlarla olan fotonu paylaşarsanasa, deməli, Ekonun qınağına tuş gəlmisən. Həmin adamlar bu minvalla adının ulduz şəxslərlə hallanması mərəzinə tutulublar.
    Bu, medianın sıfır həddidir, elə insanlığın da.
    Yazar roman yazmağın ən əzablı, ən zövqlü hissəsini hələ əsərə başlamazdan əvvəlki vaxtı sayır.İt əzabı olsa da, insanın sonsuz bir zövq almağına bənzəyir roman yazmağa başlamaq.
    Səssizcə və kirimişcə girişirsən yazıya, lakin bu sükutu pozacaq bir nüansı unutdum:
  • Həyətdəki itin zingildəməsini.Bu, yazıçını diksindirir, özünə qaytarır, romana kökləyir.
    Maşınlar icad olduqdan sonra, velosipedlər ömrünü bitirmədi.Təyyarə ixtira olundu, ancaq qatarların səsini hər gün yenə eşidirik.Ənənəvi kitablar da o cürdür.Elektron kitablara, internetə uduzur deyirsizsə, yanılırsız.Bir gün “hard disk”- lər,
    “sd”- lər qeybə çəkilər, məhv olar, necə ki, plastinkalar tarixə qovuşur, amma kitab kiminsə evindən, monastırdan, kitabxanadan çıxar, mütləq bir gün hansısa nüsxəsi tapılar.Ənənəvi kitablar bilginin əsrlərlə saxlanılacaq zəmanətidir.
    Semiotikaya, ezoterikaya, fəlsəfəyə vaqif olan, hələ gənc yaşlarından kamala yetən Ekonun Xalq yazıçısı Kamal Abdulla ilə görüşündən ayrıca bir fəxarət duyulmalı, bu görüş ədəbiyyatımız adına bir səhifə açmalıdır.Posmodern ədəbiyyatın qərb-şərq qovuşacağının bir adı Umbertodursa, digər adı da Kamal Abdulladır.Ekonun tavana dirənmiş kitabxanasından götürüb ədibimizə verdiyi kiçik hədiyyəni əsla kiçik saymırıq:
  • ”Kamal Abdullaya – ən ülvi dostluq duyğuları ilə Umberto Ekodan” yazılmış bu sözlər saat yarımlıq görüşün yox, bir ömrün adına yazılsa, daha doğru sayılar.Yeri gəlmişkən, 84 illik ömründə Umberto Eko həmişə, hamıya kitab hədiyyə etməyi bacaran yazar olub. “Fukonun rəqqası”-nı, “Bir gün əvvəlki ada”-nı, ”Praqa məzarlığı”-nı, özü Paraqa məzarlığında uyumasa belə.
    “Qızılgülün adı”- na qayıdıram.Dünyada sözdən, addan uca bir nəsnə yoxdur fikrinin təsdiqini görürəm.Belə çıxır ki, hər şey , hətta ətirli güllər də öz adına borcludur.Hər şeyin və hər kəsin ölümü labüddür, qaçılmazdır, fəqət qalıcı olan hər nə varsa, məhz adı üçün yaşayır.
    -İstəyirsiz yoxlayaq, necə bilirsiz?
    -Etirazım yoxdur.
    -Adınız?
    -Umberto
    -Soyadınız?
    -Eko -latınca “Tanrının bəxşişi” anlamlı ifadənin abreviaturasıdır.
    -Peşəniz?
    -Yazıçı.
    -Əsərləriniz?
    -“Qızılgülün adı”, “Sıfır sayı”, “Praqa məzarlığı”, “Fukonun rəqqası” və.s
    -Neçə kitabınız var?
    -Şəxsi kitabxanamda 30 min kitab var.
    -Deməli, o hesabla 30 min də sirriniz var?
    -Elədir!
  • Yaşadığınız ünvan?
    -Milan, Cüzeppe Qaribaldi küçəsi, 32.
    -Qeydiyyatda olduğunuz ünvan?
  • Əbədiyyət!
    -Soyadınızın mənası necə oldu?
    -Tanrının bəxşişi
    -Aha, aha, burada dayanın, senyor!
    (Lap yerinə düşdü, Ekodan aldığım müsahibəyə elə yaraşan ad budur – Tanrının bəxşişi – Eko)

Turan Uğur
AYB-nin üzvü
22 iyul 2024-cü il,
Bakı

Top