BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR

BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR
Demə, 16 Aprel səhərinin təbiəti işığa qərq edən Günəşin gözümə düşən zərrələrinin mənə bir sevinc yaşadacaq xatırlatması varmış…
Hər zaman sənə şükranlığım var Allahım, övlad şirinliyini ömür boyunca hiss etmək bəndənə ən böyük nemətdir. Lütfün, iltifatındır…
Aprel kimi təzadlı, göylər qədər təmiz, səhər şehitək saf bir təbiətə malik Məmmədim, doğum günün mübarək olsun!
İllərdir təbiətin bu təzadlı ayını, bu gününü həyatımın ən işıqlı məqamı sandım…
Boşuna gəlmədin bu dünyaya. Yeniyetmə çağlarından üzü bu yana, musiqiyə, rəsm əsərlərinə, səma cisimlərinə bolluca maraq həyatına rəng qatdı. Bu günə qədər də o ömrün palitrasında öz rəngində varsan.
Astranomiya elminə marağın sonralar bədii əsərlərində də öz əksini tapdı. İllərlə idmanın bir çox növlərilə (adlarını sən bilirsən) məşğul oldun. Bu gün başqa bir hobbinlə, kolleksiyaçı kimi də özəlliklə dolu bir həyat yaşayırsan.
Xarici dillərə maraq səni Azərbaycan Dillər Universitetinə gətirdi. İspan dili fakültəsini bitirdin. Və ondan arxayın oldum ki, bu sənətinə hobbi kimi yanaşmadın, həyatında dönüş yaradan, ixtisasında səni sabitqədəm edən mütəxəssis kimi öz yolunu tapdın. Bu gün ispan ədəbiyyatından etdiyin tərcümələrinlə dövri mətbuatda çıxışların ürəyimcədi.
Nəsr yaradıcılığın, orijinal povest və hekayələrinlə Azərbaycan ədəbiyyatına bəxş etdiyin töhfənin ədəbiyyatda böyük yolun başlanğıc olduğunu düşünürdüm.
Dilinə gətirməsən də bu aralarda yeni əsərlər üzərində işlədiyini blirəm.
Ondan arxayınam ki, Sözün işığında hələ uzun zaman yol gedəcəksən.
Günün mübarək! Yeni uğurlu, bəhrəli illərə, Məmməd bəy!
Sevgilələ: Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


