Weather Data Source: havadurumuuzun.com

Elm, zəhmət və insanlıq nümunəsi – Sevda Eminova

Elm, zəhmət və insanlıq nümunəsi – Sevda Eminova

Cəmiyyətin inkişafında müəllimlərin rolu əvəzsizdir. Tarixin bütün dövrlərində elmin, maarifin və mənəviyyatın daşıyıcıları olan müəllimlər yalnız bilik ötürən deyil, eyni zamanda şəxsiyyət formalaşdıran müqəddəs peşə sahibləri kimi tanınmışlar. Bu ali missiyanı ömrünün mənasına çevirən, pedaqoji fəaliyyəti ilə iz qoyan, Əməkdar müəllim, biologiya elmləri üzrə fəlsəfə doktoru, 225 nömrəli tam orta məktəbin direktoru Sevda Eminova məhz belə ziyalılardandır.
Sevda müəllimənin həyat yolu zəhmətin, əzmkarlığın və elmə olan sonsuz sevginin parlaq nümunəsidir. O, pedaqoji fəaliyyətə başladığı ilk gündən etibarən özünü yalnız bir müəllim kimi deyil, həm də gələcəyin qurucularını yetişdirən bir rəhbər kimi təsdiqləmişdir. Biologiya elminə olan dərin bağlılığı, elmi araşdırmalara verdiyi töhfələr və yetişdirdiyi yüzlərlə şagird onun zəngin fəaliyyətinin ən dəyərli göstəricilərindəndir.
Bir direktor olaraq Sevda Eminova məktəbi yalnız təhsil ocağı kimi deyil, həm də mənəvi dəyərlərin yaşadıldığı, humanizmin, mərhəmətin və qarşılıqlı hörmətin təcəssüm olunduğu bir məkana çevirmişdir. Onun rəhbərliyi altında 225 nömrəli tam orta məktəb intizamı, tədrisin keyfiyyəti və sağlam mənəvi mühiti ilə seçilən nümunəvi təhsil müəssisələrindən birinə çevrilmişdir.
Sevda müəllimə kollektivin sevimlisi olmaqla yanaşı, hər bir müəllimin və şagirdin qayğısına qalan, onların uğuruna sevinən, çətinliklərində isə dayaq olan bir rəhbərdir. Onun humanistliyi, mərhəməti, sadəliyi və səmimiyyəti onu ətrafındakı hər kəs üçün doğma və dəyərli edir. O, yalnız təhsil sahəsində deyil, həm də insanlıq baxımından örnək bir şəxsiyyətdir.
Zəhmətkeşliyi və məsuliyyəti Sevda müəllimənin həyat prinsipinə çevrilmişdir. O, hər zaman yeniliklərə açıq, inkişafı hədəfləyən, təhsilin müasir tələblərinə uyğunlaşan bir rəhbər kimi fəaliyyət göstərir. Onun atdığı hər addım gələcək nəsillərin daha savadlı, daha vətənpərvər və daha kamil yetişməsinə xidmət edir.
Sevda Eminovanın fəaliyyəti bir ömrün təhsilə, elmə və insanlara həsr olunmasının ən gözəl nümunəsidir. Onun keçdiyi yol həm gənc müəllimlər, həm də gələcək nəsillər üçün bir məktəb, bir örnəkdir.

Hörmətli Sevda müəllimə!
Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, bitib-tükənməyən enerji və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin kimi ziyalıların varlığı cəmiyyətimiz üçün böyük dəyər və qürur mənbəyidir.

 

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top