Səhər Əhmədin “Su üzündə yarpaq kimi”si

SƏKSƏN DÖRDÜNCÜ YAZI
Sükut içində çırpınan insan və tənhalıq
(Səhər Əhmədin “Su üzündə yarpaq kimi”si)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi “Ədəbiyyat qəzeti”nin bugünkü sayında (23 yanvar 2026-cı il, Cümə, N: 03 (5549)) səh. 7-də tanınmış şair Səhər Əhmədin “Su üzündə yarpaq kimi” şeirindən boy verib boylanan insan və tənhalıq (İlahi, bu şəhərdə çay içməyə bir adam tapılmasayacaq!?) mövzusu üzərində qurmağa çalışacağam.
Müasir Azərbaycan poeziyasında insanın daxili aləmini, psixoloji vəziyyətini və zamanla münasibətini bu qədər dəqiq, təbii, simvolik və fəlsəfi şəkildə ifadə edə bilən çox az sayda qələm sahibləri vardır ki, onlardan biri də Səhər Əhməddir (bu artıq onun yaradıcılığna eyni məzmunlu ikinci müraciətimdir). Onun “Su üzündə yarpaq kimi” misrası ilə başlanan bu şeiri ilk baxışdan sadə bir təbiət təsviri təsiri bağışlasa da, dərin qatlarına varıldıqca insan taleyinin, ruhun sarsıntılarının və mənəvi yorğunluğun bədii salnaməsinə çevrilir.
Şeirin əsas obrazı – su üzündə yarpaq – təsadüfi seçilməyib. Yarpaq:
-köksüzlüyü,
-iradəsiz axını,
-küləyə və mehə tabe olmağı,
-taleyin hökmünə boyun əyməyi simvolizə edir.
Bu yarpaq artıq sadəcə təbiət elementi deyil, zamanın, mühitin və hadisələrin hökmü altında qalan insanın bədii surətidir. “Meh əsdikcə yellənən” misrası insanın qərarsızlığını, həyat qarşısında tərəddüdünü, bəzən isə taleyə qarşı müqavimət göstərə bilməməsini açıq şəkildə ifadə edir.
Şeirdə ən güclü cizgilərdən biri insanın öz içində yaşadığı mübarizədir:
Öz içində var-gəl edən,
Öz odunda küllənən.
Bu misralar insanın daxili konfliktlərini, öz-özü ilə savaşını, həm də tədricən yanıb külə dönən ümidlərini göstərir. Burada kənar düşmən yoxdur – savaş insanın öz içindədir. Şair oxucuya göstərir ki, bəzən ən ağır müharibələr insanın öz ruhunda gedir:
Yaşılıyla solub gedən,
Sarısıyla dillənən.
Rənglərin poetik dili burada xüsusi məna daşıyır. Yaşıl – həyat, ümid, təravət; sarı isə solğunluq, payız və sonluq rəmzidir. Şair bu iki rəngi qarşılaşdırmaqla zamanın insan üzərindəki dağıdıcı təsirini və həyat enerjisinin tədricən tükənməsini göstərir:
Savaşların ötəsində
Tək-tənha veyillənən.
Bu bənd şeiri fərdi çərçivədən çıxarıb ictimai-fəlsəfi müstəviyə keçirir. Buradakı “savaş” həm real müharibələri, həm də həyatın amansız çarpışmalarını ifadə edir. Savaş bitib, lakin insanın içindəki viranəlik hələ də davam edir. O, qalib də deyil, məğlub da – sadəcə yorğun və tənhadır:
Göz yaşları axammayıb
Gözlərində göllənən.
Bu misralar şeirin emosional zirvəsidir. Burada ağlamaq belə mümkün deyil. Duyğular axmır, donur. Bu isə ən ağır mənəvi haldır – insanın hisslərinin iflic olması. Səhər Əhməd bu vəziyyəti sadə, lakin çox təsirli bir obrazla təqdim edir:
Duaları yer üzündən
Göy üzünə millənən.
Fikirləri durulduqca
Cavabları lillənən.
Bu bənd insanın Tanrı ilə münasibətini, ümid və inam arasındakı ziddiyyəti əks etdirir. Dualar yüksəlir, lakin cavablar aydınlaşmır. Şair burada müasir insanın metafizik böhranını – inanmaq istəyib cavab tapa bilməmək dərdini poetik dillə ifadə edir.
Şeir yenidən başlanğıc misraya qayıdır:
…Su üzündə yarpaq kimi
Meh əsdikcə yellənən…
Bu təkrar təsadüfi deyil. Həyat dəyişmir, vəziyyət dövridir, insan yenə də eyni haldadır. Bu, dairəvi zaman, çıxışsızlıq və sükut içində çırpınma obrazıdır.
Səhər Əhməd bu şeirdə:
-metaforik düşüncəni,
-psixoloji dərinliyi,
-fəlsəfi müşahidəni
-ustalıqla birləşdirir.
Şeir nə qışqırır, nə ittiham edir, nə də üsyan edir. O, sakitcə danışır – amma insanın ruhuna toxunan bir səssizliklə. Məhz bu səssizlik onun gücüdür.
“Su üzündə yarpaq kimi” şeiri müasir insanın mənəvi portreti, zaman qarşısında aciz, amma düşünən, hiss edən və axtaran ruhun poetik etirafıdır. Bu şeir oxucuya sadəcə oxunmur – yaşanır. Hər kəlməsindən tənhalıq boylanır…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik (atalar üçdən deyib).
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


