Weather Data Source: havadurumuuzun.com

Murad Məmmədovun yeni şeirləri

BİR KİMSƏ BİLMİR
Sünbül qara qılçığa,
Yaxşı adam alçağa,
Bəzən payın palçığa
Dönür, bir kimsə bilmir.

Hərdənbir beynin,başın,
Evində can sirdaşın,
Üzü doğma qardaşın,
Çönür, bir kimsə bilmir.

Yad olur doğma kəsin,
Gedir, gəlmir nəfəsin,
Olur eşqin, həvəsin
Sönür, bir kimsə bilmir.

Bulayır ad-sanını,
Gah qaraldlr qanını,
Nəfsin yazıq canını
Yenir, bir kimsə bilmir.

Murad küsür baxtından,
Zamanından, vaxtından,
Ruhu könül taxtından,
Enir, bir kimsə bilmir.

QOŞMA
Yadın nahaq sözü qəlbimə dəyər,
Düz yoldan eyləyər, azdırar indi.
Dərdin soyuq üzü mənə neyləyər,
İçimdə Günəş var, qızdırar indi.

Sözə gül vurmaqdan gözlərim doymaz,
Nə özüm sayaram, nə kimsə saymaz.
Təbim oyaqdısa, yatmağa qoymaz,
Gəlibsə, bir qoşma yazdırar indi.

Dünyanın gərdişi Muradı yorub,
Dövrəmdə bənd qurub, yüz tələ qurub.
Əzrayıl başımın üstündə durub,
Qələmlə qəbrimi qazdırar indi.

DİKSİNMƏ GECƏNİN QARANLIĞINDAN
Görəsən dünyanın tərs üzü nədir?!
Oxucum, baş sındır, sən də bir anlıq.
Nəyə əl atırsan, bir möcüzədir,
Bir üzü işıqdır, biri qaranlıq.

Yeddi rəng oxşayır duyğularımı,
Tək ağdan qaraya sadə keçid var.
İstənsə qoyaram bütün varımı,
Məni qaranlıqdan işığa qaytar.

Ömrümüz zamana, vaxta əsirdi,
Üç ildi, beş ildi, Yaradan bilər.
Dünya müəmmadı, açılmaz sirdi,
Üz verər, böyüdər, aldadar, silər.

Çox yatan qazanmaz, xəstəlik tapar,
Ləzzət al səhərin toranlığından.
Önündə əbədi, zülmət həyat var,
Diksinmə gecənin qaranlığından.

Nədən əl çəkənmir insan dünyadan?!
Bir düşün dərindən, nədir niyyəti?!
İşıqlı dünyanın tamını dadan,
Sevərmi qaranlıq əbədiyyəti?!

Bu yolda yolçuluq hamının işi,
Özünə yeni yol açmaqla deyil.
Səni də tapacaq çarxın gərdişi,
Darıxma, sıyrılıb qaçmaqla deyil.

SÖZ BAZARI
Nə satıram, alan yoxdu,
Bazarım bağlanıb deyən.
Görəsən bəs niyə çoxdu,
Onda tərifləyən öyən?

Acı, şirin söz satıram,
Arıq, orta, yekə bədən.
Vallah hərdən bal qatıram,
Kimdi məni gendən güdən.

Bu bazarda üz görürəm,
Üçqat, dördqat, pələpüsür.
Dağ əridən göz görürəm,
Yetirəni yıxır, kəsir.

O qədərdi gözə girən,
Baxıb gülən, ağız büzən.
Şad günündə salam verən,
Dar ayaqda gendən gəzən.

Söz satılan bazar çoxdu,
Alıcı az, çıxmır səsi.
Dərd ki çoxdu, azar çoxdu,
Qınamıram heç bir kəsi.

Yüngülləşib, boş havadı,
Söz deyirsən, hamı udur.
Yaxşı sözün qaçıb dadı,
Söhbətimin canı budur.

BUNA ƏMİNƏM
Sükuta möhtacdı hərdən canımız,
Bəlkə təmizlənə onda qanımız.
Yaddaşlara hopan bircə anımız,
Bizi yaşadacaq, buna əminəm.

Dincəlmək istəsən, qayıt get kəndə,
Havanı, suyunu bir dəyiş sən də.
Sağlam ruh dolansa sağlam bədəndə,
Yüzü yaşadacaq, buna əminəm.

İlahi, ümid ver gözüyaşlıya,
Yazığa, kasıba, başıdaşlıya.
Vay o gündən kasıb sevə, xoşlaya,
Qızı yaşadacaq, buna əminəm.

Candakı əzalar qohumsa, yarsa,
Təntiməz başını duman, çən sarsa,
Bir başın yaşamaq həvəsi varsa,
Gözü yaşadacaq, buna əminəm.

Dərələr ayrılmaz, hey düzü səslər,
Gecələr can verər, gündüzü səslər,
Mayası halaldan yoğrulan kəslər,
Düzü yaşadacaq, buna əminəm.

Çətinə düşəndə həyatdan bezmə,
Özün çalış, vuruş, dost, tanış gəzmə.
Təmiz ol, Allahdan əlini üzmə,
Özü yaşadacaq, buna əminəm.

Sinəsi söz ilə dolan şairlər,
Sözüylə yaddaşda qalan şairlər,
Ağlı, dərrakəsi olan şairlər,
Sözü yaşadacaq, buna əminəm.

ƏLACIM YOX
Canımdakı ağrıların,
Heçindəyəm, əlacım yox!
Yalanların, doğruların,
İçindəyəm, əlacım yox!

Nə qış bildim, nə də ki yaz,
Üz-gözümü vurdu ayaz.
Əllərimdə iti dəryaz,
Biçindəyəm, əlacım yox!

Göz qocaldı, selləndi yaş,
Dərd-azardan ağardı baş.
Ömrün, günün yavaş-yavaş
Köçündəyəm, əlacım yox!

Murad bezib, düşüb qana,
Bu olmazlar yığıb cana.
Ya o yana, ya bu yana,
Seçimdəyəm, əlacım yox!

QOŞMA

Sən elə gərəksən, gözəl səsinlə,
Eşqinlə, ruhunla, xoş avazınla.
Sözümə can verdin, sağ ol, qardaşım,
Yaşa, yarat, oxu, telli sazınla.

Kimsənin hörməti kimsədə qalmaz,
Borclu kəs borclunu sağ kimi istər.
Ay qardaş, bu dövran boş salam almaz,
Əl əli yumasa, əksini göstər.

Murad qədirbilən, sadə insandı,
Hər şeyi əvvəldən yüz ölçər, biçər.
Ay Şaiq, zəmanə öyrədən candı,
Nə səni incidər, nə səndən keçər.

YALANLA DOĞRUNUN VƏHDƏTİ
Deyirlər dəlinin düz sözü olmur,
İnanma! Dəlidən doğru xəbər al.
Kim deyir həyatın tərs üzü olmur?!
Başın çəkməyibsə, sanma boş xəyal.

O qədər yumşaqdı yalanın üzü,
İşimiz düz getməz yalan satmasaq.
Həzm edə bilmirik doğrunu, düzü,
Doğrunun gözünə yalan qatmasaq.

Artıq öyrəşmişik, qəsdən özümüz,
Yalanın üstünə yaxma çəkirik.
Baxırıq yerimir doğru sözümüz,
Qırmızı-qırmızı yalan əkirik.

Bəzən Yaradandan qorxumuz olmur,
Hey haqqı nahaqqa qurban veririk.
Təkcə doğrularla boş qarın dolmur,
Gözünə vurmağa yalan dəririk.

Olur ki, pisə də yaxşı deyirik,
“Üz üzdən utanar” adlı deyim var.
Yalan nəfəs alıb yalan yeyirik,
Doğruyla dolanan demək ac qalar.

Çoxu duyur səni, bir söz söyləmir,
Doğrular yalanın içində itir.
Qırxca gün öz doğman qəbul eyləmir,
Qırxı ötürdünsə, bir yalan bitir.

YALANLA DOĞRUNUN VƏHDƏTİ
Deyirlər dəlinin düz sözü olmur,
İnanma! Dəlidən doğru xəbər al.
Kim deyir həyatın tərs üzü olmur?!
Başın çəkməyibsə, sanma boş xəyal.

O qədər yumşaqdı yalanın üzü,
İşimiz düz getməz yalan satmasaq.
Həzm edə bilmirik doğrunu, düzü,
Doğrunun gözünə yalan qatmasaq.

Artıq öyrəşmişik, qəsdən özümüz,
Yalanın üstünə yaxma çəkirik.
Baxırıq yerimir doğru sözümüz,
Qırmızı-qırmızı yalan əkirik.

Bəzən Yaradandan qorxumuz olmur,
Hey haqqı nahaqqa qurban veririk.
Təkcə doğrularla boş qarın dolmur,
Gözünə vurmağa yalan dəririk.

Olur ki, pisə də yaxşı deyirik,
“Üz üzdən utanar” adlı deyim var.
Yalan nəfəs alıb yalan yeyirik,
Doğruyla dolanan demək ac qalar.

Çoxu duyur səni, bir söz söyləmir,
Doğrular yalanın içində itir.
Qırxca gün öz doğman qəbul eyləmir,
Qırxı ötürdünsə, bir yalan bitir.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top