Weather Data Source: havadurumuuzun.com

QIZIL HƏRFLƏRLƏ YAZILAN TARİX

QIZIL HƏRFLƏRLƏ YAZILAN TARİX

XXI əsrin müharibəsi kimi dünya hərb salnamələrinə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi həm də xalqımızın haqq mübarizəsinə qalxaraq Zəfər çaldığı Vətən müharibəsi kimi tarix səhifələrinə əbədi həkk olundu. 30 ildən çox idi ki, davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoyan bu savaş həm xalqımızın böyük tarixinin, həm də gələcək rifahının təməlinin qoyulduğu müqəddəs hadisə oldu. Milli kimliyimizin, varlığımızın, ən əsası isə həqiqətin aynası olan bu qürurlu günlərimiz parlaq gələcəyimizin də üzərində bərqərar olan zəngin tarixi səltənətdir. Buna görə də Vətən müharibəsinin hər gününü dərindən araşdırmaq, həmin günlər ərəfəsində döyüş meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşananları ən incə detallarına qədər bilmək və onları olduğu kimi yaddaşımıza, tarixə yazmaq vacibdir. Bu məsuliyyət isə qismətinə qələbəmizə şahidlik etmək yazılmış bugünkü nəslin, Vətən müharibəsinin müasirlərinin üzərinə düşür.
İkinci Qarabağ müharibəsi tarixdə bənzəri az olan bir dövrdə qlobal COVID-19 pandemiyası şəraitində baş verdi. Bu dövrdə Azərbaycan xalqı eyni anda iki böyük sınaqla üz-üzə qalmışdı: görünməz virusun qorxusu və Vətənin azadlığı uğrunda gedən ölüm-dirim mübarizəsi.
Pandemiya insanların sosial əlaqələrini məhdudlaşdırmış, izolyasiya, qeyri-müəyyənlik və ölüm qorxusu kimi faktorlardan doğan uzunmüddətli stress yaratmışdı. Bunun üzərinə müharibə xəbərləri, itkilər və informasiya axını əlavə olunanda, cəmiyyət emosional gərginliyin pik nöqtəsini yaşadı.
Elmi tədqiqatlara görə, bir toplum eyni anda bir neçə kollektiv stress mənbəyinə məruz qaldıqda, fərdlərdə travma reaksiya intensivliyi iki-üç dəfə artır 2020-ci ilin payızında Azərbaycan cəmiyyətində bu hal açıq şəkildə müşahidə olunurdu: bəzi insanlar panik ataklar, yuxu pozuntuları və emosional uyuşma yaşayırdı. Digərləri isə bu ikili gərginliyə iman, vətənpərvərlik və milli birlik hissi ilə qarşı dururdu. Maraqlı paradoks ondadır ki, pandemiyanın yaratdığı təcrid şəraiti eyni zamanda xalqı daxili birliyə və düşüncəyə yönəltdi. İnsanlar evlərindən kənara çıxa bilməsələr də, qələbə xəbərlərini ekran arxasından göz yaşları ilə izləyir, xalqın kollektiv emosional ritminə qoşulurdular.
44 günlük müharibə zamanı Azərbaycan dövləti təhlükəsizlik məqsədilə sosial şəbəkələrdə və bəzi internet platformalarında məhdudiyyətlər tətbiq etmişdi. Psixoloji elmi araşdırmalar göstərir ki, informasiya axınının məhdudlaşdırılması bəzən fərdlərdə kontrol hissinin itməsi və stress səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Lakin bu vəziyyətdə fərdlər emosional stabilliyi qorumaq üçün alternativ psixoloji mexanizmlər yaradırlar Bu qərar informasiya müharibəsində strateji zərurət idi, lakin cəmiyyət üçün psixoloji baxımdan çətin bir təcrübə oldu.
Pandemiyanın yaratdığı fiziki təcrid, müharibənin yaratdığı emosional gərginlik və internetin kəsilməsi ilə yaranan informasiya təcridi bir araya gəlmişdi. Bu vəziyyət insan psixikasında “sosial sükut sindromu” adlanan halı formalaşdırdı yəni insanlar bir-biri ilə emosional əlaqəni itirsə də, daxili bağlılıqlarını gücləndirdilər.
Psixoloji baxımdan bu, emosional yüklənmənin sıxılmış forması idi: insanlar duyğularını paylaşa bilməsələr də, onları içlərində topladılar. Və həmin emosional enerji 8 Noyabrda, Şuşanın azadlığı xəbəri yayılanda bir anda boşaldı qışqırıqlarına, göz yaşlarına və bayraqların dalğalanmasına çevrildi. Sevinc
8 Noyabrın bu qədər güclü emosional təsir yaratmasının səbəblərindən biri də məhz o uzun sükutun partlaması idi. Aylarla içdə yığılan qorxu, gərginlik və ümidsizlik bir anın içində qürura və azadlığa çevrildi.
Hər bir insan o günlərdə öz daxilində döyüşdü: bəziləri cəbhədə, bəziləri evdə xəbərləri gözləyərək. Qorxu, gərginlik və ümid bir yerdə yaşayırdı, amma heç kim inamını itirmədi. Çünki bu xalq bilir: ədalət onun yanındadır.
8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbəri yayıldıqda, ölkənin hər guşəsində insanlar ağlayırdı amma bu göz yaşları ağrının yox, qürurun idi. Bu gün kollektiv emosional boşalma, yəni “katarsis” anı idi minlərlə şəhidin ruhu ilə qələbənin birləşdiyi andı.
8 Noyabr bu inamın nəticəsidir. O gün təkcə torpaqlarımız azad olmadı, həm də xalqın ruhu azad oldu. Bu tarix, əsrlərlə çəkilmiş ağrının qürura çevrildiyi gündür. Hər bir azərbaycanlının qəlbində həmin günün səsi var: “Biz qalib gəldik.”
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında yalnız bir müharibə deyil, millətin Zəfər bizi daha güclü etdi. Biz dünyaya göstərdik ki, Azərbaycan xalqı nə qədər təmkinli, iradəli və mərd ola bilər. Biz sübut etdik ki, müharibə yalnız silahla deyil, inamla, ruhla və birliklə qazanılır.
Zəfər Günü, bu müharibənin emosional və psixoloji kulminasiyası, yüzillərlə çəkilmiş ağrıların milli qürur və dirçəlişlə əvəz olunduğu bu, bir millətin öz ruhunu geri qazanması idi.
Psixoloji baxımdan, bu cür hadisələr kollektiv travmanı sağaltma gücünə malikdir.
Cəmiyyət birgə yaşadığı ağrını ümid və fəxrlə əvəzlədikdə, milli psixologiyada “yenilənmə mərhələsi” başlayır
Müharibə zamanı əsgərlərimiz hər an ölümlə, qorxu və məsuliyyətlə üz-üzə idilər. Onların psixoloji dözümlülüyü yalnız fərdi güclə deyil, Vətənin azadlığına inamla möhkəmlənirdi. Araşdırmalara görə, milli məqsəd uğrunda döyüşən insanlarda psixoloji müqavimət səviyyəsi digər hallarla müqayisədə daha yüksək olur.Bu fikrin təsdiqini isə özümün təqdiqat apardığım məlumatlarla genişləndirmək istəyərdim. Bu məlumatları elə bir şəxsdən eşitmişəmki hansıki, o, Vətən müharibəsinin od alovunun içərisindən keçib,hansıkı hər sözündə döyüş meydanının nəfəsi, şəhid yoldaşlarının xatirəsi, Vətənin ağrısı və qüruru var.44 günlük Vətən Müharibəsi dövründə qazi olmuş Leytenant Qurbanəli İsmayılovdan aldığım məlumatlarla genişləndirmək istəyərdim
“Müharibənin mənəvi təsiri mənim üçün o qədər də ağır olmadı. Çünki uşaqlıqdan hərbiyə böyük marağım var idi və 15 yaşımda bu yolu seçmişdim. Mən və mənim kimi o sırada dayanan yoldaşlarımın bir məqsədi var idi təhsilimizi başa vurub, zabit kimi ordu sıralarında xidmət etmək, Vətənimizi qorumaq, işğalda olan torpaqlarımızı azad etmək və 90-cı illərdə millətimizə qarşı törədilən vəhşiliklərin, şərəfsizliklərin qisasını almaq. Biz bu yolu seçəndə yaxşı bilirdik ki, bu, asan yol deyil. Qarşımızda sınaqlarla dolu, çətin bir yol uzanırdı. Amma biz qorxmadıq, çünki bu yol Vətən yoluydu. Vətən müharibəsində başımıza gələnlər, aldığımız yaralar bizi sarsıtmadı. Əksinə bu yolda aldığım hər bir yara mənim üçün qürur nişanıdır. Hər dəfə o izlərə baxanda, içimdə bir fəxarət hissi oyanır. Lakin bizim üçün ən ağır, ən təsirli anlar o idi ki, illərlə birgə xidmət etdiyimiz, çiyin-çiyinə döyüşdüyümüz dostlarımızı itirdik. Düzdür, heç bir qələbə itkisiz qazanılmır. Amma insan illərlə həm yaxşı, həm də pis günlərini paylaşdığı silahdaşlarını itirəndə, onun ürəyində heç vaxt dolmayan bir boşluq qalır…”
8 Noyabr bu baxımdan Azərbaycan xalqı üçün yalnız bir tarix deyil, emosional təmizlənmə mərhələsinin başlanğıcı idi.
Bu gün Azərbaycan xalqı öz tarixini ağrıyla deyil, qürurla xatırlamağı öyrəndi. Hər bir azərbaycanlı üçün 8 Noyabr məğlubiyyət kompleksinin yox edildiyi, azad ruhun doğulduğu gün oldu. Qələbə hadisələri insanların emosional vəziyyətinə uzunmüddətli təsir göstərir. Psixologiyada bu hal “milli özünəinamın bərpası” kimi dəyərləndirilir. 8 Noyabr Zəfəri xalqda mənəvi güvən, birliyə inam və gələcəyə optimizm hissini möhkəmləndirdi. Bu birlik, psixoloji baxımdan, travmanın unudulması deyil, onun mənalı şəkildə yaşanması deməkdir. Azərbaycan xalqı ağrısını mənasızlıq kimi deyil, Zəfər uğrunda ödənilmiş müqəddəs dəyər kimi qəbul etdi. Hər bir şəhidin adı, hər bir qazinin yarası bu qürurun simvoluna çevrildi. Bu gün hər il Zəfər paradı zamanı xalqın gözlərində görünən o parıltı millətin emosional birliyinin təzahürüdür.
Zəfər bir günün nəticəsi deyil, bir xalqın əsrlərlə çəkdiyi ağrının cavabıdır. O cavabı tarix deyil, xalq özü yazdı.

İmza:Baki Dovlet Universteti Huquq fakultesi 1ci kurs tələbəsi Qafarzade Medine Hesen qızı.

Top