Weather Data Source: havadurumuuzun.com

Ömrün İşıqlı Zirvəsi Yaradıcı Ziyalı və Sadiq Dost Hüseyn İsaoğlunun 65 İllik Yubileyinə

Ömrün İşıqlı Zirvəsi
Yaradıcı Ziyalı və Sadiq Dost Hüseyn İsaoğlunun 65 İllik Yubileyinə

Zaman öz axarı ilə keçib getsə də, bəzi xatirələr və dostluqlar var ki, illər onlara toxuna bilmir. Əksinə, şərab kimi illəndikcə daha da dəyərli, daha da əziz olur. Qarşıdan gələn oktyabr ayının 16-sı məhz belə bir dəyərin — sadiq bir dostun, tanınmış qələm ustadının və nəcib ziyalının, tələbə yoldaşım Hüseyn Məmmədovun (oxucularının yaxşı tanıdığı Hüseyn İsaoğlunun) 65 illik yubileyidir. Bu müdrik yaş dönəmi həm bir insan ömrünün hesabatı, həm də yaradıcı bir şəxsiyyətin cəmiyyətə bəxş etdiyi mənəvi sərvətin təntənəsidir.
Bizim Hüseyn müəllimlə tanışlığımızın qədim və zəngin bir tarixi var. İllər bizi uzaq 1983-cü ilə — Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinin birinci kursuna qəbul olduğumuz o unudulmaz gənclik illərinə aparır. Bizim qrup, bizim “potok” sanki bütöv bir ailə idi; uşaqlar çox mehriban, bir-birinə qarşı səmimi və istiqanlı idilər. O illərin tələbəlik coşqusu, ədəbiyyat müstəvisində aparılan qızğın müzakirələr, gələcəyə olan böyük ümidlər bu gün də hər birimizin xatirəsində şirin bir iz buraxıb.
Ancaq həyatın öz qanunları var. 1988-ci ildə institutu bitirdikdən sonra hərəmiz bir tərəfə dağılışdıq, hərə öz ömür yolunu cızmağa başladı. Tale elə gətirdi ki, düz 25 il ərzində tələbə yoldaşlarımızla heç bir əlaqəmiz olmadı. İllərin həsrətinə isə 2013-cü ilin iyun ayında son qoyuldu. Bir gün poçt qutuma gələn məktub həyatımın ən xoş sürprizlərindən birinə çevrildi. Məktubu həyəcanla açıb oxudum; sonunda iki nəfərin ad-soyadı və mobil telefon nömrələri qeyd olunmuşdu: 501-ci qrupdan tələbə yoldaşımız Hüseyn Məmmədov və 504-cü qrupdan Nəsir Əhmədov. Sözün düzü, tələbəlik illərində Nəsir müəllimlə o qədər də sıx əlaqəm olmamışdı. Ancaq Hüseyn müəllimi çox yaxşı tanıdığım, onun səmimiyyətinə bələd olduğum üçün heç düşünmədən göstərilən nömrəyə zəng etdim.
Telefonun o başından gələn o doğma səs sanki aradan keçən 25 ili bir anda sildi. Bir xeyli danışdıq, keçmişi yad etdik. Hüseyn müəllim bildirdi ki, məqsədi heç də sıradan bir zəng deyil; o, məzun olmağmızın 25 illik yubiley görüşünü təşkil etmək istəyirəm. Onun daxilindəki o böyük insan sevgisi və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində biz, rəsmən bir möcüzəni reallığa çevirdik. İllərin ayırdığı tələbə yoldaşları yenidən bir araya gəldi. O möhtəşəm görüşdən sonra biz bir-birimizin əlaqə telefonlarını götürdük, itən telləri bərpa etdik və bu günə qədər də bir-birimizin xeyir-şər işlərində yoldaş, arxa-dayaq oluruq. Bu gözəl ənənənin bünövrəsini qoyan, bizləri yenidən qovuşduran məhz Hüseyn müəllimin fədakarlığı idi.
Bu günlərdə isə sosial şəbəkədə — “Facebook” səhifəsində oxuduğum bir xəbər qəlbimi dağa döndərdi: oktyabrın 16-da həmin o fədakar dostun, əziz insanın 65 yaşı tamam olur. Azərbaycanın əsrarəngiz guşələrindən olan, sazın və sözün beşiyi sayılan Gədəbəy rayonunun, Sınıx mahalının o təmiz dağ havası Hüseyn müəllimin həm şəxsiyyətinə, həm də yaradıcılığına dərindən nüfuz edib. O, doğulduğu torpağın ruhunu, el-oba təəssübkeşliyini hər zaman uca tutan, əsl dağ vüqarlı bir ziyalıdır.
Hüseyn müəllim bu gün mətbuat sahəsində çalışan, sözün kəsərini və məsuliyyətini dərindən dərk edən hörmətli bir jurnalist olmaqla yanaşı, həm də rəsmi statusu ilə ölkəmizin ədəbi və media mühitində özünü təsdiq etmiş nüfuzlu bir imzanın sahibidir. O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvüdür. “Hüseyn İsaoğlu” imzası ilə işıq üzü görən neçə-neçə kitab bu gün mənim şəxsi kitab rəfimin ən dəyərli incilərindəndir.
Onun rəvan dillə, nisgilli və səmimi notlarla qələmə aldığı “Xatirələrin izi ilə” memuar-povesti bizi keçmişin o unudulmaz anlarına səyahətə çıxarır. İnsan mənəviyyatının, həyat və ölüm qarşısındakı fəlsəfi düşüncələrinin bədii ifadəsi olan “Olumla ölüm arasında” əsəri oxucunu dərindən sarsıdır və düşündürür. O, Gədəbəyin o zəngin mədəni irsindən, kökündən güc alan bir sənətkar kimi “Sazla sözün vəhdəti” əsərində milli mədəniyyətimizin, aşıq sənətinin poetik mənzərəsini yaradıb. Yaradıcılığının incilərindən sayılan, insan psixologiyasının dərinliklərinə enən “Yaralı durna” hekayəsi və insanın daxili dünyasındakı ümid işığını vəsf edən “Kədər tablosunda sevinc işığı” kimi kitabları bugünkü real həyatımızın əyani sübutu, cəmiyyətə olan əsl bədii güzgüsüdür. O, hər bir hekayəsində, hər bir publisistik yazısında xalqın içindən gələn, insanların dərdini, sevincini öz daxili süzgəcindən keçirərək bədii dilə köçürməyi bacaran, həqiqi mənada millətin ziyalısıdır.
Əziz dostum, dəyərli tələbə yoldaşım Hüseyn müəllim!
65 yaş ömrün elə bir yetkinlik və müdriklik dövrüdür ki, insan arxaya boylananda fəxr edəcəyi uca bir sənət və insanlıq məktəbi, irəliyə baxanda isə hələ reallaşdıracağı neçə-neçə böyük yaradıcılıq planı görür. Sən həm nümunəvi bir ailə başçısı, həm sadiq bir dost, həm də qələmin ilə cəmiyyətə işıq paylayan böyük bir şəxsiyyətsən. Sənin bu mübarək yaşın münasibətilə səni ürəkdən təbrik edir, sənə ilk növbədə sarsılmaz cansağlığı, ailə səadəti və uzun ömür arzulayıram.
Arzu edirəm ki, o tükənməz enerjin, bədii təfəkkürün və insanlara olan sonsuz sevgin səni heç vaxt tərk etməsin. Qələmin hər zaman itiliyi və kəsəri ilə seçilsin, oxucularının qəlbinə yol tapan yeni-yeni kitablarının sayı bərəkətlə artsın. Hüseyn İsaoğluna işində, yaradıcılığında və fəaliyyət göstərdiyi mətbuat orqanlarında yeni-yeni uca zirvələr nəsib olsun. Növbəti böyük yubileylərində də eyni gənclik coşqusu ilə, yenə də sevimli tələbə yoldaşlarının əhatəsində sənin yeni uğurlarına sevinmək hər birimizə qismət olsun.
Ad günün, 65 illik yubileyin mübarək, qardaş! Yaxşı ki varsan və yaxşı ki bizim gənclikdə başlayan ömür yolumuz sənin kimi mənəviyyat bütövlüyü olan bir insanla kəsişib!

Səftər Dadaşov, Yardımlı rayonu,
Ərsilə kənd tam orta məktəbinin direktoru

Top