Ədalət Cümşüdoğlu yaradıcılığına publisistik baxış

Ədalət Cümşüdoğlu yaradıcılığına publisistik baxış
Həyatın mənası haradadır? Kiminə görə qazanılan var-dövlətdə, kiminə görə müvəqqəti şöhrətdə, kiminə görə isə sadəcə rahat bir ömür sürməkdə. Lakin elə insanlar var ki, onların varlıq qayəsi uca bir amala — Sözə, Vətənə və İnsanlığa xidmət etməkdir. Ömrünü sözün sehrinə, poeziyanın sonsuz ümmanına bağlayan, qələmi ilə könüllərə yol tapan belə yaradıcı şəxsiyyətlərdən biri də tanınmış ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ədalət Cümşüdoğlu Hacıyevdir. o, 1962-ci ildə Mil düzünün füsunkar güşələrindən biri olan Beyləqan rayonunun İkinci Aşıqlı kəndində dünyaya göz açmışdır. Erkən yaşlarından qəlbinə hakim kəsilən kitab sevgisi, doğma dilin zənginliyinə olan heyranlığı onu Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Filologiya fakültəsinə gətirir. Buranı uğurla bitirdikdən sonra o, maarifçilik missiyasını üzərinə götürür. Şairin həyat yolu kənd məktəblərinin sinif otaqlarından, qəzet redaksiyalarının gərgin iş ahəngindən keçib. O, ayrı-ayrı illərdə Sarısu, Gödəklər, Baharabad kənd məktəblərində müəllim işləyərək gənc nəslin savadlanmasında böyük əmək sərf edib. Ziyalılıq fəaliyyətini təkcə müəllimliklə məhdudlaşdırmayan Ədalət müəllim Füzuli Rayonlararası Birləşmiş Mətbəədə baş korrektor, “Beyləqan” qəzeti redaksiyasında korrektor və ədəbi işçi kimi çalışıb. Həmçinin Beyləqan rayon “Bilik” Cəmiyyətinin məsul katibi, Bünyadlı kənd Mədəniyyət evinin direktoru kimi vəzifələrdə mədəniyyətimizin, elmimizin təbliğinə xidmət edib. Üç kitab müəllifi olan şairin hər bir misrası onun keçdiyi bu zəngin ömür yolunun, mənəvi ucalığının aynasıdır.
Ədalət Cümşüdoğlunun həyatında müəllimlik fəaliyyəti sadəcə bir peşə seçimi olmamış, onun mənəvi dünyasını formalaşdıran ən mühüm amilə çevrilmişdir. Şair, tələbəlik illərinin unudulmaz bir anını — 1987-ci ilin sentyabr ayında, hələ dördüncü kursda oxuyarkən ilk dəfə əlinə jurnal alıb sinfə daxil olduğu o həyəcanlı günü poeziyanın dilinə çevirmişdir. “Müəllim adı” şeiri bir gəncin müqəddəs bir amala qovuşmasının səmimi etirafıdır:
Bəxtimin köhləni heç yorulmadan,
Çaparaq dordnala irəli gəldi;
Adıma müəllim deyilən zaman,
Düzü, bu ad mənə ‘gülməli’ gəldi.
***
Bir vaxt əlifbadan tutan əllərim
Sinif jurnalından tutubdur indi.
Lövhə qarşısında əsən dizlərim,
Elə bil poladtək möhkəmlənibdi.
***
Olsa da şeirin gözəl ahəngi,
Onu əzbərləməyi çətin sanardım.
Bax indi təəcüb eyləyirəm ki –
Belə bir şeiri mən necə yazdım?!
Bir zamanlar parta arxasında oturan, lövhə qarşısında həyəcandan dizləri əsən o gənc, indi özü ustad statusundadır. Şair öz uğurunun, ona bəxş olunan ilhamın və dəyanətin mayasında öz müəllimlərinin əməyini görür və onlara sonsuz ehtiramını belə ifadə edir:
“Demək, ilhamı da, dəyanəti də,
Verib müəllimim, verib ustadım,
Öz müəllimimi indi görəndə-
Deyirəm: müəllim olubdur adım!
Ədalət Cümşüdoğlunun poeziyası həm də cəmiyyətdəki neqativ hallara qarşı bir üsyandır. O, şair qəlbini, sözün müqəddəsliyini maddiyyata, rüşvətə və ticarətə qurban verənlərə qarşı kəskin etiraz edir. Şair inanır ki, poeziya ilahi bir vergidir və onu ucuzlaşdırmaq olmaz:
Şair bağışlayar, şair əhv edir,
Kim deyir ki, əsil şair məhv edir.
Babalar da bəzən bilmir, səhv edir,
Ziyarəti ticarətə qatmayın.
***
İlahədən gələr şairin sözü,
Vəsf edər cahanı, çəməni, düzü.
Deyir: ‘Əl əli yuyar, sonra da üzü’,
Xoş hörməti o rüşvətə qatmayın.
Onun misralarında klassik poeziyamızın böyük ustadlarına, xalq şairlərinə dərin bir ehtiram duyulur. Zəlimxan Yaqubun, Məmməd Arazın ruhuna sığınan şair, özünü ustadların dəryasında bir damla bilsə də, əsl poetik ədaləti və şücaəti qorumağın tərəfdarıdır:
Zəlimxan sazının gəlsin sədası,
Qoy çalınsın Məmməd Araz havası,
Dahilər dəryadır, bizsə damlası,
Şücaəti Ədalətə qatmayın.
Şairin yaradıcılığında Vətən mövzusu, milli mənlik şüuru xüsusi bir xətlə keçir. Xarici ölkələrdə müvəqqəti şöhrət, pul-para arxasınca qaçıb doğma yurdunu, ana dilini unudan soydaşlarımızın ağrısı şairin qəlbində dərin izlər buraxır. O, uzaq ellərdə bəxt axtaranlara səslənərək, əsl xoşbəxtliyin qürbətdə deyil, Nizami və Füzuli eşqi ilə yoğrulan doğma Vətən torpağında olduğunu xatırladır:
Kim xeyir görübdü özgədən, yaddan
Mənasız şöhrətdən, bir quru addan.
Doğma dilimiz də çıxıbdı yaddan,
Nizami, Füzuli eşqinə qardaş,
Qayıdın Vətənə, Vətənə, qardaş!
***
Qəlbin geniş olsa, yerin dar olmaz,
Hər dolları sayan bəxtiyar olmaz,
Tanyadan, Sonyadan sizə yar olmaz,
Vardır gözəl adət, ənənə qardaş,
Qayıdın Vətənə, Vətənə, qardaş!
Lirik janrda da öz qələmini sınayan Ədalət Cümşüdoğlu xalq poeziyası ruhunda incə eşq təranələri yaratmışdır. Onun “Səndədir” şeiri incə hisslərin tərənnümünə gözəl bir nümunədir:
Nə işim var axı, cənnət bağında
Cicək də səndədir, gül də səndədir!
Umsuq könüllərə şəkər, bal olan-
Dodaq da səndədir, dil də səndədir!
***
Ətirli zülfünü dağıt üstümə
Odlanıb yanıram, bir bax tüstümə,
Bicarə kimsəyəm durma qəsdimə-
Fitnə də səndədir, fel də səndədir!
Lakin o, həyatın yalnız gözəlliklərini deyil, acı reallıqlarını və dost itkisini də eyni səmimiyyətlə misralara köçürmüşdür. Şairin dostu Vaqifin ağır xəstəliyi dövründə göstərdiyi fədakarlıq — xəstəxanada ona öz qanını verməsi, lakin cəmi 16 saat sonra dostunun vəfat etməsi onun qəlbində dərin və sağalmaz bir yara açmışdır. 2007-ci ilin martında yazılan bu sarsıdıcı elegiya insan etibarının bədii zirvəsidir:
Sənin etibarın, vəfan budurmu,
Torpaq, aparırsan hara Vaqifi?!
Arzuya çatdınmı, gözün doydumu,
Aldın ağuşuna Qara Vaqifi!
***
O ki, uymamışdı dövlətə, vara,
Nə üçün dərdinə olmadı çara?
Ağa ağ deyirdi, qaraya qara,
Necə yaraşdırdın gora Vaqifi?!
***
O getdi qoynuna qanım qanında,
Mənə də yer saxla onun yanında;
Ədalətəm, orda, çətin anımda,
Çağırım dərdimə çara Vaqifi!”
Hər bir yaradıcı insan ömrün bəlli bir mərhələsində keçmişə boylanır, gənclik illərinin gur şəlalə kimi axan enerjisini xatırlayır. Ədalət müəllim də “Getdi dövranım mənim” şeirində keçən günlərin intizarını çəkir:
Hələ cox gənc ikən səyyada döndüm,
Düşmədi toruma ceyranım mənim!
Dumanlar, ciskinlər kəsdi yolumu-
Qopdu ürəyimdə tufanım mənim!
***
Ötən günlərimdən yoxdur bir soraq,
Təsəllim qələmdir, bir də ki, varaq,
Sevib-sevilməyə etmirəm maraq-
Ədalətəm, getdi dövranım mənim!
Şair dünyəvi və keçici hisslərdən uzaqlaşaraq bütün varlığı ilə öz sadiq dostlarına — qələmə və varağa sığınır. Onun üçün ən böyük təsəlli artıq Sözün özüdür. O, dünyada və cəmiyyətdə baş verən mənəvi aşınmalara, haqsızlıqlara qarşı heç vaxt biganə qala bilməyən bir ziyalıdır. Bir şeirində dediyi kimi:
Doğruluq, düzgünlük düşübdür taxtdan
Cəh-səlal böhtana, yalana qalıb,
Bülbüllər gülşəndən küsüb nə vaxtdan
Təbiət əqrəbə, ilana qalıb.
Ömrünün növbəti mərhələlərində qarşılaşdığı fiziki ağrılar belə onun cəmiyyətə baxışındakı fəlsəfi dərinliyi bulandıra bilmir. “Həkim” şeirində səhhətindən gileylənən şair, əslində fərdi ağrılardan uzaqlaşıb zamanın mənəvi xəstəliyini müalicə etməyə çalışır:
Ağrıyır ürəyim, sızlayır qəlbim,
Gəlmişəm səndədir dərmanım, həkim!
Əriyib vücudum, yoxdur qiymətim-
Qalmayıb heç nəyə gümanım, həkim!
***
Yaranan ölməli?!-Qanun beləmi,
Cərrah bıçağınla doğra sinəmi.
Çıxart qəlbimdəki kədəri, qəmi,
Qalmayıb taqətim, amanım, həkim!
***
Doğruluq, həqiqət yaman xəstədir,
Ümidlər nasazdır, güman xəstədir,
Ədalətəm, mən yox, zaman xəstədir-
Sağalt ki, sağalsın zamanım, həkim.
Ədalət Cümşüdoğlunun yaradıcılığı göstərir ki, insanın fiziki ömrü keçici olsa da, onun söz mülkündə qurduğu dövran əbədidir. Yazdığı hər bir şeirlə oxucusunun qəlbinə toxunmağı bacaran şair, Azərbaycan poeziyasında öz dəstixətti və səmimiyyəti ilə hələ uzun illər yaşayacaq zəngin bir irsin sahibidir

Hüseyn İsaoğlu, yazıçı – publisist,
AYB – nin və AJB – nin üzvü


