Bir damla həqiqət

Bir damla həqiqət
Bəzən insanın istədiyi tək şey bir damla həqiqət olur. Amma elə insanlar var ki, bir həqiqəti deməkdənsə, min yalan danışmağa razıdırlar.
Günahını boynuna almaq əvəzinə başqasını günahlandırır. Özünü haqlı göstərmək üçün yalanı həqiqət kimi təqdim edir, qarşısındakı insanın nüfuzunu zədələməyə çalışır. Elə bilir ki, həqiqəti susdurmaq mümkündür. Halbuki həqiqət heç vaxt ölmür, sadəcə bir müddət səssiz qalır.
Ən qəribəsi isə budur ki, vicdanından qaçan insanlar çox vaxt özlərini ən cəsur insanlar kimi göstərirlər. Səslərini ucaldır, başqalarını əzir, qorxu yaradırlar. Amma bütün bunlar daxillərində gizlətdikləri qorxaqlığın pərdəsindən başqa bir şey deyil. Çünki həqiqətlə üz-üzə qalmaq cəsarət istəyir, yalanın arxasında gizlənmək isə qorxaqların yoludur.
Onlar başqasını günahkar çıxarmaqla özlərini təmiz hesab edirlər. Lakin vicdan elə bir hakimdir ki, onu nə aldatmaq, nə də susdurmaq mümkündür.
Bəzən ən böyük qələbə qışqırmaq, intiqam almaq və ya eyni şəkildə cavab vermək deyil. Ən böyük qələbə ləyaqətini qorumaq, susmağın yerini bilmək və vicdanını itirmədən yoluna davam etməkdir. Çünki insanın sahib ola biləcəyi ən böyük sərvət haqqın yanında dayanmaqdır.
Bir damla həqiqət bəzən bir ömür boyu qurulan yalanlardan daha güclü olur.
Müəllif: Dəniz Aslanlı
Dəniz Aslanlının digər yazıları
Oxuyun >> Gözündə tük var


