Weather Data Source: havadurumuuzun.com

Səmanın cavabsız qalmayan duası

Səmanın cavabsız qalmayan duası
Natella Əhmədovanın “Allahın hədiyyəsi” romanı müəllifin ilk nəsr əsəridir. Bu günə qədər oxucularının qəlbinə zərif şeirləri ilə yol tapan şairə, bu dəfə həyatda müşahidə etdiyi, cəmiyyətin içindən süzülüb gələn real hadisələri nəsrin geniş və təsirli dili ilə oxucularına çatdırır. Romanın təməl ideyası milli-mənəvi dəyərlərimizin, ailə müqəddəsliyinin qorunması üzərində qurulub. Müəllif əsərdə rəssam İradə xanımın dili ilə sanki hər birimizə səslənir: “Allahın bizə bəxş etdiyi hədiyyələrə – həyat yoldaşımıza, övladlarımıza necə münasibət bəsləsək, aqibətimiz də elə olar”.Yazıçı bircə ailənin timsalında, əslində, bütün cəmiyyətdə baş verən gizli ağrıları, daxili təlatümləri qələmə alıb. Əsərin mərkəzində sevgi üzərində qurulan, lakin zamanla ciddi narazılıqlar ucbatından dağılmaq təhlükəsi yaşayan iki gəncin – Arzu və Fərhadın taleyi dayanır. İxtisasca jurnalist olan Arzu, sadəcə öz peşəsini deyil, insanları və həyat yoldaşını da canından çox sevir. Kənardan baxanlar üçün onun həyatı son dərəcə mükəmməl və xoşbəxt görünür, lakin reallıq tamamilə fərqlidir. Arzunun daxili dünyasını boğan ən böyük qüsuru – onun yandırıcı qısqanclığıdır. Hər gün tükənməyən söz-söhbətlərlə, şübhələrlə Fərhadı bezdirir və özü də bilmədən sevdiyi adamı uzaqlaşdırır
Fərhad isə evdə tapmadığı hüzuru, sükutu və dincliyi içkinin aldadıcı dumanında axtarmağa başlayır.

Onun içkiyə olan meyli ailədəki uçurumu daha da dərinləşdirir. Bu evliliyin təməlini sarsıdan yeganə səbəb qısqanclıq və içki deyil; aralarındakı ən böyük problem bir-birinə olan etimadın və güvənin itməsidir. Kişi öz istədiyi kimi azad yaşamaq istəyir, qadın isə onu hər addımda sıxır. Lakin hər ikisinin qəlbindəki ilk sevginin qığılcımları hələ tam sönməyib.Əsərdəki digər mühüm obraz Arzunun anası Zümrüd xanımdır. O, vaxtilə həyat yoldaşı tərəfindən tərk edilmiş, əri Moskvaya gedərək orada bir rus qızı ilə evlənib qalmışdı. Atasızlığın, qəlbi sınaq böyüməyin nə olduğunu yaxşı bilən Zümrüd xanım, qızının da eyni acını yaşamasını istəmir. O, Arzuya müdrik bir ana nəsihəti verir: “Mənim etdiyim səhvləri etmə, ailəni qoru. Həyat yoldaşını bezdirmə, o da səni qoyub gedər, başqası ilə evlənər”.Fərhad isə daxilən xeyirxah və ruzili bir insandır. Novruz bayramı ərəfəsində o, Zümrüd xanımın həyətinə əkmək üçün rəngbərəng gül-çiçək, meyvə ağacları alıb gətirir. Ağacları əkmək üçün özü ilə Nadir adlı bir fəhlə gənci də gəlir. Nadir cəmiyyətin zəhmətkeş və dürüst insanlarının rəmzidir. Onlar birlikdə həyətin girəcəyinə gözəl qızıl gül kolları əkirlər. İşlərini bitirib süfrə arxasında əyləşəndə Nadir birdən-birə uşaqlarının evdə tək olduğunu və yoldaşının vəfat etdiyini deyir. Bu acı etiraf qarşısında hamı donub qalır. Həyatın bu sərt üzünü görən Fərhad dərindən bir nəfəs alıb, siqaret yandırır, Nadiri yola salanda isə gizlicə onun cibinə pul qoyur. Bu məqam Fərhadın qəlbinin nə qədər mərhəmətli və humanist olduğunu göstərir.
Həyat bu gəncləri ən ağır sınaqla – amansız xərçəng xəstəliyi ilə üz-üzə qoyur. Fərhadın xəstələnməsi ailəni dərindən sarsıdır. Arzu onu onkologiya mərkəzinə, Sevinc həkimin yanına aparır. Sevinc həkim təkcə peşəkar həkim deyil, həm də ümidin ağ xalatlı mələyidir. O, Fərhadın ruhən çökməməsi üçün xəstəliyi ondan gizlədir, ona hər zaman gələcəyə dair böyük ümidlər verir, fikrini xəstəlikdən yayındırır. Arzuya isə mənəvi dayaq olaraq müalicə və qidalanma ilə bağlı ciddi tapşırıqlar verir. Bu çətin günlərdə Arzuya yol göstərən qayğıkeş ana rəssam və şairə İradə xanımdır. Arzu ondan müsahibələr alıb qəzetlərdə çap etdirsə də, İradə xanımın hər bir hikmətli və dəyərli sözü Arzuya çox dərindən təsir edir, onu sanki qəflət yuxusundan oyadır, ailəsinə sahib çıxmağı öyrədir. Xəstəliyin gətirdiyi qorxu hər ikisinə öz səhvlərini etiraf etdirir. Arzu keçmiş günahlarının cəzasını çəkdiyini anlayır. O, əllərini göyə açıb Allaha yalvarır: “Ey kainatı yoxluqdan yaradan Rəhmanım, Rəhimli Allahım! Bizim günahımızı bağışla, bizi doğru yola yönəlt. Mən atasız, qəlbi sınıq böyüdüm. İstəmirəm mən çəkdiyim dərdləri uşaqlarım da çəksin. Fərhada şəfa ver!”. Arzu təkcə dua etmir, həm də həyat yoldaşı üçün fədakarlıqla mübarizə aparır. Sevinc həkimin qadağan etdiyi qidaları nəzarətdə saxlayır, eyni zamanda sosial şəbəkələrdən oxuduğu qədim təbabət sirlərinə əsaslanaraq Fərhada hər gün pərpətöyün bitkisi yedizdirir. Fərhad bunun səbəbini soruşanda Arzu qədim elmi mənbələrə əsaslanaraq deyir: “Hələ eramızdan əvvəl Yunan filosofu Hippokrat və orta əsrlərdə yaşamış təbabətin atası olan İbn Sina xəstəlikləri sağaltmaq üçün pərpətöyündən dərman kimi istifadə ediblər”.Böyük sınaq günü gəlib çatır. Sevinc həkim Fərhadı saat 09:00-da növbəti müayinəyə çağırır. Arzu xəstəxananın həyətində, skamyada əyləşib həyəcanla saatına baxır. Zaman keçir, lakin Fərhad otaqdan çıxmır, zənglərə cavab vermir. Arzunun qəlbi qorxu ilə döyünərkən, Sevinc həkim onu otağına çağırır. Həkimin üzündəki heyrət hər şeyi bəyan edirdi. O, bütün analiz cavablarına diqqətlə baxıb deyir: “Bu, Allahın möcüzəsidir! Cavablar çox yaxşıdır, xəstəlikdən əsər-əlamət qalmayıb. Siz ona mən dediyim qidalardan əlavə nə isə vermisinizmi?”. Arzu pərpətöyün bitkisindən hər gün istifadə etdiyini bildirir. Bu şad xəbəri eşidən Arzunun gözlərindən sevinc göz yaşları sel kimi axır: “Allah dualarımı eşidib Fərhada şəfa verdi!” – deyə hayqırır. Fərhad da uşaq kimi sevinir və xərçəng kimi ağır bir xəstəlikdən dərmansız, sadəcə sevgi, inam və təbiətin gücü ilə sağalmağın heyrətini yaşayır. Əsər, Sevinc həkimin bu humanist və əlamətdar sözləri ilə yekunlaşır: “Bu gün bir həkim kimi mənim üçün ən xoşbəxt gün oldu! Arzu xanıma əhsən deyirəm, o, çox cəsarətli bir qadındır”.Natella Əhmədovanın bu romanı insana səmimi duanın, daxili cəsarətin, təbiətin sirlərinin və ən əsası, sevgiyə olan inamın hər bir qaranlığı işığa çevirə biləcəyini sübut edən möhtəşəm bir həyat dastanına çevrilir.


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

Top