Weather Data Source: havadurumuuzun.com

2 İyul – Azərbaycan Polisi Günü

2 İyul – Azərbaycan Polisi Günü

Hər bir dövlətin gücü yalnız iqtisadi inkişafı, hərbi qüdrəti və siyasi nüfuzu ilə deyil, həm də ölkədə qanunun aliliyinin, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin təmin olunması ilə ölçülür. Bu müqəddəs və məsuliyyətli missiyanı isə gecəsini gündüzünə qatan, həyatını xalqın təhlükəsizliyinə həsr edən Azərbaycan polisi yerinə yetirir.

Hər il 2 iyul tarixinin Azərbaycan Polisi Günü kimi qeyd olunması dövlətçiliyimizin mühüm ənənələrindən biridir. Bu tarix təsadüfi seçilməmişdir. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli polis orqanlarının yaradılması haqqında qərar qəbul edildi. Beləliklə, müstəqil Azərbaycanın hüquq-mühafizə sisteminin əsası qoyuldu. Sonralar Ulu Öndər **** tərəfindən bu tarixin əbədiləşdirilməsi məqsədilə 2 iyul rəsmi olaraq Azərbaycan Polisi Günü elan edildi.

Bir əsrdən artıq şərəfli yol keçmiş Azərbaycan polisi müxtəlif tarixi mərhələlərdə dövlətçiliyimizin qorunmasında mühüm rol oynamışdır. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi çətin sınaqlarda, ictimai-siyasi sabitliyin bərpasında, cinayətkarlığa qarşı mübarizədə, hüquq qaydasının təmin olunmasında polis əməkdaşları böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirmişlər.

Polis forması sadəcə geyim deyil. O, vicdanın, məsuliyyətin, mərdliyin, sədaqətin və Vətən sevgisinin simvoludur. Hər bir polis əməkdaşı xidmətə başlayarkən yalnız qanun qarşısında deyil, xalq qarşısında da mənəvi and içir. O andın mahiyyəti insan həyatını qorumaq, ədaləti müdafiə etmək və dövlətin təhlükəsizliyini təmin etməkdir.

Azərbaycan polisi yalnız cinayətkarlığa qarşı mübarizə aparan qurum deyil. O, insanların ən çətin anlarında yanında olan, təhlükə qarşısında ilk addımı atan, fəlakət zamanı xilasedici, sülh dövründə isə cəmiyyətin etibar ünvanıdır. Gecənin qaranlığında küçələrdə keşik çəkən, bayram günlərində belə ailəsindən uzaq qalan polis əməkdaşlarının əməyi böyük hörmətə layiqdir.

Xüsusilə son illərdə Azərbaycan polisinin peşəkarlığı, müasir texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığı və hüquqi islahatlara verdiyi töhfələr ölkəmizdə hüquq-mühafizə sisteminin daha da güclənməsinə səbəb olmuşdur. Dövlətimizin təhlükəsizliyi, vətəndaşlarımızın rahatlığı və cəmiyyətimizin sabitliyi naminə görülən bu xidmətlər yüksək qiymətləndirilir.

Azərbaycan polisi həm də Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazmışdır. Bir çox polis əməkdaşları döyüş meydanında şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış, qazilərimiz isə igidlik nümunəsi nümayiş etdirmişlər. Onların göstərdiyi fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.

Bu gün biz yalnız bir peşə bayramını qeyd etmirik. Biz qanunun aliliyinə, dövlətçiliyə sədaqətə, insan həyatına verilən dəyərə və Vətən sevgisinə ehtiramımızı ifadə edirik. Polis olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin əsasında gücdən əvvəl vicdan, səlahiyyətdən əvvəl ədalət, vəzifədən əvvəl isə insanlıq dayanır.

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını, veteran hüquq-mühafizə işçilərini səmimi qəlbdən təbrik edir, xidməti borcunu yerinə yetirərkən şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.

Qoy Azərbaycanın üçrəngli bayrağı daim uca zirvələrdə dalğalansın, ölkəmizdə əmin-amanlıq, qanunun aliliyi və ədalət əbədi olsun.

Polis xalqın güvənc yeri, dövlətin möhkəm dayağı, qanunun isə şərəfli keşiyində duran mərd oğul və qızlarıdır.

Pərvanə Salmanqızı
Jurnalist, şair,araşdırmaçı yazar.

Top