Weather Data Source: havadurumuuzun.com

“DIRILMƏ”: VICDAN, ƏDALƏT VƏ İNSAN OLMAQ YOLUNDA…

DIRILMƏ”: VICDAN, ƏDALƏT VƏ İNSAN OLMAQ YOLUNDA…

Lev Tolstoyun “Dirilmə” romanı insanın mənəvi təkamülünü, hüquq sisteminin eybəcərliklərini və əsl ədalətin nədən ibarət olduğunu araşdıran dərin fəlsəfi bir əsərdir. Tolstoy burada sadəcə tənqid etmir, həm də oxucuya alternativ yol göstərir – bu yol vicdan, sevgi və mərhəmət yoludur. Romanın əsas süjeti Dmitri Nehlüdovun vicdan əzabı və onun keçmiş sevgilisi Katyuşa Maslovanın məhkəmə hökmü ilə bağlıdır. Tolstoy məhkəmə proseslərini təfərrüatı ilə təsvir edərək, hüquq sisteminin mexaniki, soyuq və ədalətsiz olduğunu göstərir. Qanunlar insana kömək etmək üçün deyil, onu daha da əzmək və cəmiyyətin nüfuzlu təbəqələrinin maraqlarını qorumaq üçün mövcuddur. Məhkəmə sanki avtomatlaşdırılmış bir sistemdir: vəkillər və hakimlər məhbusların insan taleyi haqqında düşünmək əvəzinə, qaydalara və qanunlara kor-koranə əməl edirlər, hüquq sistemi insanı islah etmək üçün deyil, cəza vermək üçün qurulub. Romanın bəzi səhnələrində hətta günahsız insanlara da necə sərt cəzalar verildiyi təsvir edilir. Xüsusilə siyasi məhbusların, kasıbların və sadə insanların ədalətsizliklə üzləşdiyi göstərilir. Tolstoy bu səhnələr vasitəsilə güclülərin zəiflər üzərində hökmranlıq etdiyini və qanunların əslində güclüləri qoruduğunu oxucuya çatdırır. Tolstoyun ən güclü mesajlarından biri budur: hüquq həmişə ədalət demək deyil. Məhkəmə prosesində Katyuşanın haqsız yerə məhkum edilməsi, məhkəmə sisteminin rəsmi prosedurlara əsaslanıb insan talelərinə soyuq yanaşması, kasıbların daha sərt cəzalara məhkum olunması – bunlar Tolstoyun gözündə hüquq sisteminin riyakarlığıdır.

Əsərdə Nehlüdovun mənəvi dirçəlişi yavaş-yavaş baş verir. Tolstoy Nehlüdovun daxili monoloqları və düşüncələri vasitəsilə oxucunu da eyni suallarla üz-üzə qoyur: Günah nədir? İnsan necə vicdanla yaşamalıdır? Əsl ədalət nədir? Nehlüdovun mənəvi axtarışı təkcə fərdi bir proses deyil, eyni zamanda, cəmiyyətin bütövlükdə dəyişməsinin mümkünsüzlüyünü də göstərir. O, Katyuşanı həbsxanadan çıxarmağa çalışsa da, bu sistem içində özünü gücsüz hiss edir. O deyir ki, insan səhv edə bilər, amma əgər həqiqətən vicdanı oyanırsa, o dəyişə bilər. Nehlüdov bunu sübut etməyə çalışır – o, Katyuşanı xilas etmək üçün hər şeyi edir, amma təkcə onu yox, özünü də xilas etməyə çalışır. Tolstoy burada açıq şəkildə göstərir ki, hüquq sisteminin ədalətsizliyi təkcə Katyuşa kimi məhbusları deyil, hətta onların müdafiəsinə qalxanları da əzir. Tolstoy cəmiyyətin bütövlükdə riyakar olduğunu göstərir. O deyir ki, hökumət, kilsə və məhkəmə sistemi insanları əxlaqi dəyərlərdən uzaqlaşdırır, qanunlar insanı düzəltmir, insanı ancaq sevgi və vicdan düzəldir. Yəni onun fikrincə, biz dünyanı dəyişmək istəyiriksə, qanunları dəyişmək kifayət deyil – biz insanları dəyişməliyik.

Romanın sonlarında Nehlüdov Tolstoyun əsas inandığı bir həqiqəti dərk edir: Həqiqi ədalət məhkəmələrdə, qanunlarda və cəzada deyil, insanın daxili vicdanında və onun başqalarına olan şəfqətindədir. Tolstoy oxucuya demək istəyir ki, hüquq sistemini dəyişdirmək mümkün olmasa da, insan öz daxilində dəyişməyə qadirdir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top